“Demokratiyaya keçidin yumşaq variantı qəbul edilməyəcəksə, inqilabi variant hazırlanacaq”
well/Aran agentliyi
“Demokratiyaya keçidin yumşaq variantı qəbul edilməyəcəksə, inqilabi variant hazırlanacaq”
“İctimai Palatanın içindən indiki hakimiyyətdən güclü ən azı 10 iqtidar komandası təşkil etmək olar”
Müsavat Partiyasının başqanı, İctimai Palatanın Koordinasiya Şurasının üzvü İsa Qəmbər “Mediaforum”un qonağı olaraq saytın suallarını cavablandırıb. İ.Qəmbərin müsahibəsini qısa ixtisar və hissə-hissə dərc edirik. Müsahibədə Müsavat başqanı bildirib ki, İctimai Palata artıq Azərbaycanın ictimai-siyasi həyatının ciddi bir reallığına, əsas diqqət mərkəzində olan ictimai-siyasi mərkəzlərdən birinə çevrilib: “Bunu ölkədə də, beynəlxalq miqyasda da bilirlər və belə də qəbul edirlər. İctimai Palata özünün mövqeyini, platformasını cəmiyyətə təqdim etməkdə davam edir. Bu yaxınlarda platformamız daha geniş, ətraflı, vahid sənəd halında ictimaiyyətin diqqətinə çatdırılacaq.
Ancaq “Demokratiyaya yumşaq keçidin yol xəritəsi” sırf platforma sənədi deyil. Bu, ölkədə avtoritarizmdən demokratiyaya keçidin nə cür mümkün ola biləcəyini göstərən bir sənəddir, yol xəritəsidir. Bəzən deyirlər ki, inqilabi sarsıntılar olmadan bu mümkün deyil. Biz öz niyyətimizi, mövqeyimizi ortaya qoyduq ki, yumşaq keçid mümkündür. Bunun üçün sadəcə qarşılıqlı iradə lazımdır, hər iki tərəfin - demokratik düşərgənin və hakimiyyətin iradəsi lazımdır. Demokratik düşərgənin önəmli bir hissəsi demokratiyaya keçidin dinc yolla mümkün olduğunun nümunəsini sərgiləmiş oldu. Hakimiyyət qəbul etməyəcəksə, bu yol xəritəsi tarixi sənəd kimi qalacaq, bizim pozitiv, hakimiyyətin isə neqativ, avtoritar düşüncəsindən xəbər verəcək, tarixə şahidlik edəcək. Bu baxımdan hesab edirəm ki, sənəd artıq öz tarixi missiyasını yerinə yetirməyə başlayıb". İ.Qəmbər bildirib ki, İctimai Palatada bu gün çox ciddi bir potensial toplaşıb: “Aparıcı siyasətçilər, iqtisadçılar, hüquqşünaslar, filosoflar, sosioloqlar, gənclər, yazarlar, azad düşüncəli insanlar, müxtəlif sahələr üzrə mütəxəssislər var. Prinsip etibarilə burada ölkəni idarə edəcək potensial var. Ancaq bu dəqiqə bizim iddiamız o deyil ki, İctimai Palata hakimiyyətə gələcək və ölkəni idarə edəcək. Bizim iddiamız ölkədə demokratik dəyişikliklərin baş verməsidir. Bizim istəyimiz ölkədə azad və ədalətli seçkilərin keçirilməsi, onun nəticəsində xalqın seçdiyi qüvvənin ölkəni idarə etməsi, problemləri həll eləməyə başlamasıdır”. Müsavat başqanı bildirib ki, İctimai Palatanın içindən çox rahat şəkildə indiki hakimiyyətdən güclü ən azı 10 iqtidar komandası təşkil etmək olar: “Buna heç bir şübhə yoxdur”.
İ.Qəmbər bildirib ki, İctimai Palata sırf siyasi təşkilat deyil, vətəndaş hərəkatıdır: “Bu, siyasi təşkilatların birləşmə modeli deyil, ölkəni dəyişmək istəyən insanların birləşdiyi hərəkatdır. Burada 10-dan çox partiyanın nümayəndələri, heç bir partiyaya üzv olmayan müstəqil insanlar, özünü rəsmən müxalif mövqeli elan etməmiş insanlar var. Onlar siyasətçi deyillər, sadəcə vətəndaşdırlar və ölkənin dəyişməsini, normal ölkəyə çevrilməsini istəyirlər. Demokratik düşərgədəki əvvəlki toparlanma modelləriylə müqayisədə İctimai Palatanın üstün cəhətlərindən biri də odur ki, burada cəmiyyətin geniş kəsimi bir araya gəlib. İlin-günün bu vaxtında biz İctimai Palatanı siyasi mexanizmə çevirmək haqda düşünməyə başlasaq, bunun ümumi işə heç bir faydası olmayacaq, ancaq vaxtından əvvəl problemlər yaradan bir şey olacaq. Mən İctimai Palatanın necə yaradıldığını xatırlatmaq istəyirəm. Azərbaycan tarixindəki ən biabırçı parlament seçkisindən sonra hüquqları pozulmuş millət vəkilləri olaraq biz forum keçirdik və orada qərara alındı ki, Milli Məclisin legitim olmadığını bəyan edən və yeni parlament seçkisinin keçirilməsini tələb edən mövqe ortaya qoyulsun. İctimai Palatanın rəsmi tələbi yenə də ölkədə yeni parlament seçkilərinin keçirilməsidir. Buna nail olanda, o zaman bizim seçkilərdə necə iştirak edəcəyimiz həll olunası məsələlərdir. Bu gün bu məsələləri gündəmə daşımağa ehtiyac görmürük”.
Müsavat başqanı “Hakimiyyətin sizin təkliflərinizi dəyərləndirəcəyi ehtimalı varmı” sualına belə cavab verib: “Hakimiyyət onları qəbul etməyəcəyi haqda ilkin siqnalları verib. Amma onlar demokratiyaya keçidin bu yumşaq variantını qəbul etməyəcəklərsə, o zaman İctimai Palata demokratiyaya keçidin sərt, inqilabi variantını da hazırlamağa qadirdir. Təbii ki, hakimiyyət öz xoşu ilə islahatlara getməyəcəyini rəsmən etiraf edəndən sonra biz mübarizənin daha sərt formaları barədə cəmiyyətə sözümüzü bir daha çatdıracağıq”.
Dəyişməli olan seçki mühiti, qadağan edilmiş kütləvi aksiyalar və rədd edilən dialoq təklifləlri fonunda siyasi mübarizənin başqa hansı mübarizə metodlarından istifadə etməyi düşündüyünə gəlincə İ.Qəmbər bunları deyib: “Hələlik biz hakimiyyətin rəsmi cavabını almamışıq. Bu günlərdə sənəd rəsmən hakimiyyətə təqdim olunacaq. Yol xəritəsi hələlik ancaq mətbuatda təqdim olunub və hakimiyyət Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənovun simasında bu sənədə mənfi münasibət bildirib. Biz onun yanaşmasını məsuliyyətli yanaşma hesab eləmirik. Yüksək vəzifə tutan dövlət məmuru üçün səviyyəli yanaşma deyil.
Amma onun açıqlamasının axırıncı cümləsi bizim diqqətimizi cəlb etdi. O deyib ki, bizi vaxtından əvvəl seçki keçirməyə sövq edəcək nə daxili, nə də xarici səbəblər var. Biz istərdik bu adamlar başa düşsünlər - nə qədər ki, daxili səbəblər hakimiyyəti seçki keçirməyə məcbur eləmir, özləri buna qərar versinlər. Daxili səbəblər məcbur eləyəndən sonra bəlkə də hakimiyyətin yeni seçki keçirməyə zamanı qalmayacaq. Necə ki, müasir tarix boyu bunu dəfələrlə görmüşük, indi də ərəb ölkələrində müşahidə edirik. İlkin təkliflər ortaya çıxanda, daxildən və xaricdən diktatorlara deyəndə ki, islahatlara getmək lazımdır, onlar bunu qəbul eləmirlər, heç bir ehtiyac olmadığını deyirlər. Amma daxili səbəb ortaya çıxanda onların buna zamanı belə qalmır, çatdıra bilmirlər. Son bir ildə dəfələrlə bunu müşahidə eləmişik.
Ona görə də bizim hakimiyyətə məsləhətimiz odur ki, məsələyə məsuliyyətli yanaşsın. Ancaq təbii ki, bizə rəsmi şəkildə mənfi cavab versələr, biz də, cəmiyyət də, bütün dünya da görəcək ki, hakimiyyət dialoqdan, islahatlardan rəsmən imtina edir. O zaman, təbii ki, hakimiyyətin görmədiyi səbəbləri yaratmaq lazım gələcək. Bu isə ictimai fəallıqdan, kütləvi tədbirlərdən, mitinqlərdən keçir. Mən kütləvi tədbirləri demokratik mübarizənin önəmli tərkib hissəsi sayıram, bunlar bir-biri ilə ziddiyyət təşkil etmir. Hesab edirəm ki, ölkədə çox ciddi əhval-ruhiyyə dəyişikliyi prosesi gedir və bunu görməyənlər yanılırlar. Ölkədəki narazılıq o həddə çatıb ki, tezliklə açıq şəkildə özünü göstərəcək və hakimiyyət də o səbəbləri görmüş olacaq".
Müsavat başqanı “Yol xəritəsi İctimai Palatanın son mövqeyidir, yoxsa, hansısa maddələrdə dəyişiklik, güzəşt mümkündürmü” sualına cavab olaraq deyib ki, bu sənəd ultimatum deyil: “Bu, bizim variantımızdır və hakimiyyətə təklifdir. Hakimiyyət məsələyə məsuliyyətlə yanaşsa, deyə bilər ki, biz prinsip etibarilə sənədi müzakirə eləməyə hazırıq və müzakirə zamanı da deyə bilər ki, filan məsələni belə görmürük, başqa cür görürük. Bu sənəd ölkədəki bütün siyasi qüvvələrin birgə sənədinə çevriləndən sonra islahatlar burada deyilən variantda mümkün ola bilər.
Yol xəritəsi müzakirəyə açıqdır. Hakimiyyət də öz fikirlərini bildirə bilər. Amma bu sənəd təkcə hakimiyyətə yox, cəmiyyətə də ünvanlanıb. Cəmiyyətin hər bir fərdi öz təkliflərini, fikirlərini bildirə bilər".
İ.Qəmbərə kütləvi aksiyalarla bağlı da sual ünvanlanıb. Müsavat başqanı bildirib ki, növbəti aksiyalara hazırlıq prosesi davam edir: “Avqustdakı sessiyada da hazırlığın intensivləşdirilməsi haqda mövqe ortaya qoyuldu. Kütləvi aksiyalar qaçılmazdır. Hakimiyyət əgər açıq şəkildə deyirsə ki, bizi seçkilərə, dəyişikliklərə sövq eləyən daxili səbəblər yoxdur, bu daxili səbəbləri ona təqdim etmək lazımdır. Bunu da İctimai Palata və cəmiyyət ortaya qoyacaq. Cəmiyyətdə ciddi dəyişikliklər gedir və artan narazılıq getdikcə daha açıq şəkildə ortaya şıxacaq”.