Tarix : 2011 Sep 12
Kod 25300

SABİQLƏR İLHAM ƏLİYEVİN QƏRBƏ İNTEQRASİYA BARƏDƏ FİKİRLƏRİNİ TƏSDİQLƏDİ

Eldar Namazov: “Onunla atası arasında belə müzakirələrin olması mümkündür”
well/Aran agentliyi

 

 

Qabil Hüseynli: “Neft kontraktlarının imzalanmasında həlledici rol İlham Əliyevə məxsus idi

Mən 1990-cı illərin ortalarından bəri Azərbaycanın Qərbə inteqrasiyasının ən fəal tərəfdarı olmuşam. Atamın Qərb ölkələri ilə əməkdaşlıq etməsini də mən ona məsləhət vermişəm”. Bu fikirlər prezident İlham Əliyevə istinadən WikiLeaks saytı tərəfindən yayılıb. Bildirilir ki, İ.Əliyev bu sözləri 2008-ci ildə Bakıya səfər etmiş ABŞ dövlət katibinin müavini Devid Kramerlə görüşündə deyib.

1993-99-cu illərdə prezidentin köməkçisi və Prezident Katibliyinin rəhbəri olmuş Eldar Namazov mövzu ilə bağlı bildirdi ki, WikiLeaksin yuxarıda qeyd olunan məlumatını nə təsdiq, nə də təkzib etmək üçün birbaşa faktlara malik deyil: “Ancaq mən bir hadisəni xatırlayıram. Ola bilsin bu, dolayısı ilə sizin sualınıza cavabdır. Neft kontraktlarının imzalanması ilə bağlı çox ciddi bir prosesi, verilən qərarı xatırlayıram. Bu, 1994-cü ilin avqust ayı idi. Heydər Əliyev məni kabinetə çağırdı. Kabinetə girəndə gördüm ki, İlham Əliyev də ordadır. O dövrdə İlham Əliyev az hallarda Prezident Aparatına gələrdi. Heydər Əliyev məni yanına çağırıb dedi ki, neft kontraktlarının imzalanması ilə bağlı qərar verib və bu qərarı hələlik heç kəs bilmir. Bildirdi ki, bununla bağlı hazırlıq işləri görmək lazımdır. Mənə müəyyən tapşırıqlar verdi. Və tapşırdı ki, bu işə aidiyyatı olan aparıcı səfirliklərlə əlaqə saxlayım, onları dəvət edib məlumatlandırım, o cümlədən bp nümayəndəsi ilə görüşüm.

Bütün bu tapşırıqlar da İlham Əliyevin yanında verilirdi. Hətta müəyyən bir plan cızılmışdı ki, bu barədə vaxtından əvvəl informasiya yayılmasın. Çünki ehtimal var idi ki, kontraktların imzalanmasına mane olan daxili və xarici qüvvələr bu işi poza bilərlər. Ona görə də hazırlıq işləri kifayət qədər qapalı keçirilməli idi. Bu mənada dolayısı ilə deyə bilərəm ki, bu problemlə bağlı Heydər Əliyevin söhbət etdiyi və daha çox etibar etdiyi adamlar arasında İlham Əliyev də var idi. Hər halda neft kontraktlarının imzalanması ilə bağlı qərarı ilk öncə İlham Əliyevlə müzakirədən sonra mənə müəyyən tapşırıqlar vermişdi. Ona görə də İlham Əliyevlə Heydər Əliyev arasında belə bir müzakirələrin digər məsələlərlə də bağlı olması mümkündür".

H.Əliyev hakimiyyəti zamanı dövlət müşaviri işləmiş Qabil Hüseynli də WikiLeaks-da əksini tapan fikirləri təsdiqləyən açıqlama verdi: “Mən şahidiyəm ki, həmin dövrdə mərhum Heydər Əliyev Qərblə inteqrasiya əlaqələrinin qurulmasına çox böyük önəm verirdi. Qarabağ probleminin diplomatik və siyasi yollarla həllinə nail olmaq üçün o, qısa müddətdə BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan beş ölkənin hər birinə rəsmi səfərlər etdi. Səfərin qayəsində əsas yeri Dağlıq Qarabağ probleminin həmin ölkələrə olduğu kimi çatdırılması və problemin həlli ilə bağlı onların nöqteyi-nəzərinin öyrənilməsi, bu məsələdə onlardan dəstək istənilməsi idi. Məsələn, Heydər Əliyevin dövründə NATO ilə əlaqələrin qurulmasına geniş yer verilirdi. Azərbaycan postsovet məkanında zənnimcə, ilk ölkələrdən idi ki, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulurdu. Həmçinin ölkə hərbi qüvvələrinin və hərbi təhsil sisteminin NATO standartlarına uyğunlaşdırılması ilə bağlı Azərbaycan öz üzərinə öhdəlik götürdü və bu öhdəliklərin böyük bir qismini həyata keçirdi”. Q.Hüseynli dedi ki, 1994-cü il sentyabrın 20-də Qərb ölkələrinin aparıcı şirkətləri ilə imzalanan neft kontraktları Qərbə inteqrasiyanın fəal formalarından biri idi: “Neft kontraktlarının imzalanmasında İlham Əliyevin rolu mühüm idi. Çünki neft şirkəti sədrinin beynəlxalq əlaqələr üzrə 1-ci müavini kimi kontraktların imzalanmasında həlledici rol ona məxsus idi. Bir sıra neft şirkətləri, məsələn, bp-nin, ”Total"ın, “AMOKO”nun beynəlxalq konsorsiuma cəlb edilməsində İlham Əliyevin təşəbbüslərinin şahidi olmuşam. Səfərlərdə, müzakirələrdə mən də iştirak etmişəm. Xarici səfərlərə çıxmazdan əvvəl imzalanacaq sənədlər müzakirə edilirdi. O zaman mən görürdüm ki, neft kontraktları və buraya hansı şirkətlərin cəlb edilməsi ilə bağlı sənədləri məhz İlham Əliyev təqdim edirdi".

  • Yazılıb
  • da (də) 2011 Sep 12