Azərbaycan və Gürcüstanın münaqişələrlə məşğul olan təşkilatlarının Koordinasiya Şurası yaradılıb
well/Aran agentliyi
Qarabağ Azadlıq Təşkilatından FaktXeber.com-a verilən məlumata görə, Azərbaycan və Gürcüstanın münaqişələrlə məşğul olan təşkilatlarının Koordinasiya Şurası yaradılıb. Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə yaradılan Koordinasiya Şurasına Gürcüstanın 12 qeyri-hökümət təşkilatını birləşdirən koalisiya, Azərbaycandan QAT və Deportasiya Qurbanları Mərkəzi daxil olublar. “Cənubi Qafqazdakı münaqişələrə dair Koordinasiya Şurası” adlandırılan qurum regionda münaqişələrin ədalətli həllinə ictimai dəstək verilməsi, işğalçı dövlətlərin ifşa edilməsi, məcburi köçkün və qaçqın problemlərinin həllinə yardım göstərilməsi üçün müxtəlif təşkiatların fəaliyyətinin əlaqələndirilməsini nəzərdə tutur.
Koordinasiya Şurasının üzvləri Bakıda ilk birgə bəyanatla çıxış ediblər. Bəyanatda bu çağırışlar yer alır:
- Cənubi Qafqaz regionunda yüz minlərlə insanı qaçqın və məcburi köçkün vəziyyətinə salmış Ermənistanın və Rusiyanın işğalçı hərəkətləri insanlığa və bəşəriyyətə qarşı cinayət kimi pislənsin;
- Rusiya və Ermənistanın işğalçı hərəkətəri regionun stabil və uğurlu inkişafı üçün ən böyük maneə hesab edilsin;
- Cənubi Qafqaz regionunda Ermənistan və Rusiya işğalı nəticəsində yüz minlərlə insanın azad yaşamaq, hərəkət etmək, mənzilə sahib olmaq, təhsil almaq, müalicə, öz yurduna qayıtmaq və digər hüquqlarının kobud şəkildə pozulması beynəlxalq təşkilatların nəzərinə çatdırılsın;
- Dağlıq Qarabağın statusu ilə bağlı hər hansı referendumun keçirilməsi məqsədəuyğun hesab edilməsin, əgər belə bir refernduma razılıq verilərsə, onda Ermənistandan çıxarılmış 250 min nəfər azərbaycanlı üçün də referendum hüququ tanınsın;
- Qaçqın və məcburi köçkünlərin işğal olunmuş ərazilərdə qalmış əmlaklarına, o cümlədən dövlət tərəfindən verilmiş mənzillərinə hüquqları, bu hüququn nəslən keçməsi haqqı tanınsın.
Münaqişələrə dair danışıqlarda qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmaq hüququ əsas məsələlərdən biri kimi müzakirə olunsun.
Nərgiz Kazımlı