Tarix : 2011 Sep 12
Kod 25335

ŞAHİD MÖVSÜM SƏMƏDOVU GÖSTƏRİB ''FİRDOVSİ BUDUR'' DEDİ

İslamçıların məhkəməsi şahidlərin növbəti şousu ilə davam etdi
well/Aran agentliyi

 

Məhkəmədə təqsirləndirilən şəxslər dövlət tərəfindən  təyin olunmuş vəkillərdən imtina edərək ərizə ilə əvvəlki müdafiəçiləri üçün müraciət etdilər. Müraciətləri qəbul olundu. Yalnız Rufulla Axundov öz əvvəlki bütün vəkillərindən imtina edərək, yeni vəkili kimi Anar Qasımlını istədi. Hakim Eldar İsmayılov bildirdi ki, qanuna görə təqsirləndirilən şəxslər arasında ziddiyyət varsa onların hər ikisini bir müdafiəçi müdafiə edə bilməz. Lakin bu günə kimi onların aralarında ziddiyyət görünmədiyi üçün qanunən buna icazə verilir.

Məhkəmədə hal şahidi kimi ilk olaraq Həzrət Əliyev iştirak elədi. O əyləşən şəxslərdən heç birini tanımadığını bildirdi. Daha sonra ifadə verərkən avtovağzalda iki polis nəfərini ona yaxınlaşaraq, hal şahidliyini təklif elədiyini bildirdi. Daha sonra evə baxış keçirdikləri zaman şkafdan bağlama tapdıqlarını, onu açarkən içindən silah-sursat çıxdığını bildirdi.

 

Dövlət İttihamçısı: Silah aşkar olanda gördünüz?

Hal-şahidi: Bəli

D.İ.: Konkret harada gördünüz?

H.Ş: Döşəyin üstündə bağlama var idi.

Bu vaxt təqsirləndirilən şəxsin ailəsi yerdən müdaxilə edir: «Mənim evdə körpə uşağım var. Özüm də hər gün o döşəyi yerə sərirəm».

Anar Qasımlı: Təqribən saat neçə radələri idi?

H.Ş.: Saat 10-11 olardı.

A.Q.: Təqribən nə qədər davam etdi?

H.Ş.: Bir saat

A.Q.: Protokol tərtib etdiniz?

H.Ş.: Orda da yazdılar, şöbədə də.

A.Q.: Harada imzaladız?

H.Ş.: Silah tapılan yerdə

A.Q.: Şöbədə də qol çəkdin?

H.Ş.: Çəkdim

A.Q.: Baxış zamanı ailə üzvləri var idi?

H.Ş.: Bir nəfər var idi. Kimdisə qohumuydu.

A.Q.: O harada qol çəkdi?

D.İ: Xahiş edirəm sual çıxarılsın.

A.Q.: Niyə?

D.İ.: O haradan bilsin ki, digərləri harada imza ediblər?

A.Q.: Möhtərəm hakim, gördüyünüz kimi dövlət ittihamçısı şahidə istiqamət verir. Hal-şahidi bayaq deyir ki, şöbədə protokol yazdılar. Məgər şöbədə də protokol yazarlar?

H.Ş.: Mən elə demədim.

A.Q.: Şöbədə  daha kimlər var və onlar da imzaladılarmı?

H.Ş.: Bəli

Hakim: Şahid bayaq o barədə ifadəsində bildirib

A.Qasımlı etiraz edir.

Hakim: Şöbədə imzalamısan?

H.Ş.: Xeyr

A.Q.: Şöbəyə nəyə getmişdiniz?

Hakim: Sual çıxarılsın.

A.Q: Mən müdafiəyə verdiyim sualları siz çıxardırsınız. Axı hal şahidinin şöbədə nə işi var. Ona sual verəndə dedi ki, protokola şöbədə imzalayıb. Sonra müdaxilələrdən sonra anladı ki, səhv edib. Bundan sonra dedi ki, orda imzalamamışam.

Nemət Heydərov: Bu şəxs 3 dəfə dedi ki, mən şöbədə qol çəkmişəm.

Hakim: Siz elə hər şeyin ucundan yapışıb ucuzluğa gedirsiz.

A.Q.:  Mənim məqsədim hüququnu müdafiə etdiyim şəxsin  hüquqlarını qorumaqdır.

N.H.: Siz Abdullayev Vaqifi tanıyırsız?

H.Ş.: Xeyr.

N.H.: Onun barəsində silah sursatla bağlı bir şey eşitmisiniz?

H.Ş.: Xeyr.

N.N.: Axtarış keçirilərkən əl, barmaq izləri ilə bağlı  bir tədbir gördülərmi?

H.Ş.: Yadımda deyil. Görməmişəm

Bundan sonra şahid qismində həmin ərazinin o vaxtki sahə müvəkkili Abıyev Şahlar dəvət olundu. O da hadisə vaxtı həyətdə bələdiyyədən, icra hakimiyyətindən çoxlu nümayəndələr olduğunu bildirdi. Eyni zamanda axtarışda şəxsən iştirak etmədiyini, həmin müddətdə çöldə gözlədiyini dedi.

Anar Qasımlı:  Silah-sursat çıxanda orda olmayıbsınızsa, niyə protokolu imzalayıbsınız. Görmədiyiniz işə niyə qol çəkmisiniz? Dediniz Fəxrəddini götürməyə getmişdim. Silahlar çıxanda Fəxrəddin görüb?

Şahid: Deyə bilmərəm. Görməmişəm.

Vəkil Həbib: Siz həmin sahənin sahə müvəkkili kimi deyin, Dəyanət Səmədov barədə bu məsələyə qədər bir təqsirləndirici  material daxil olubmu?

Şahid: O məsələyə mən baxmıram.

Vəkil Həbib: Əliyev Həzrəti tanıyırsınız?

Şahid: Bəli

Vəkil Həbib: C.Cəfəri, Ə.İlhamı tanıyırsınız?

Şahid: Xeyr.

Nemət Heydərov:  İlk öncə bildirim ki, əvvəlki şahid and içməyib.

Hakim: Haqlı iraddır.

Nemət Heydərov: Abdullayev Vaqifi tanıyırsınız?

Şahid: Xeyr.

Nemət Heydərov: Axtarış istintaq zamanı əl izləri ilə bağlı hər hansı bir tədbir gördünüz?

Şahid: Görməmişəm.

Nemət Heydərov: Ümumiyyətlə bu məsələlərdə  Abdullayev Vaqifin adı hallandırılıbmı?

Şahid: Yadımda qalmayıb.

Firdovsi Məmmədrzayev:  Zamin ola bilərsiniz ki, Siz Fəxrəddinin dalınca gedib-gələnə kimi evə heç kəs daxil olmayıb?

Şahid: Polislər mənimlə gəliblər.

F.M.: Hal-şahidi üçün gedəndə içəri girə bilməzdilər?

Şahid: Yox.

F.M.: Axı oğlum  dedi ki, içəri 5 nəfər girib. Onlar çıxandan sonra siz dediyiniz proseslər baş verib. Bir sualım da var. Siz məni necə tanıyırsınız. Ümumiyyətlə indiyə kimmi sizin bu barədə şübhəniz olubmu?

Şahid: Mən sizi yaxşı tanımıram.

Mövsüm Səmədov:  Ən azı  sahə müvəkkili kimi siz bunu bilməlisiniz.

Hakim: Buranı lap bazara döndəribsiniz.

Mövsüm Səmədov: Buranı bazara döndərən döndərib.

Anar Qasımlı: Sual vermək istəyirəm

Hakim: Hakimdən sonra sual vermək olmaz.

Anar Qasımlı: Axı siz hələ sual verməyibsiniz.

Lakin hakim onun etirazını qəbul etmədi.

Bundan sonra  şahid Məmmədov Natiq çağırıldı. O da katibin köməyi ilə and içdi. Daha sonra Səkinəxanım məscidinə gedərkən Dəyanət Səmədovla Firdovsi Məmmədrzayevin dəfələrlə  bir qrup insanla söhbət elədiyini və bu zaman  lazım olan yerdə silahlarımız, adamlarımızın olduğunu dediyini bildirdi.

Anar Qasımlı: Nə vaxtdan məscidə gedirsən?

Şahid: 2009-cu ilin sonlarından.

Anar Qasımlı: Ərdəbil məscidinin axundu kimdir?

Şahid: Bilmirəm.

Anar Qasımlı: Bəs Səkinəxanım məscidinin axundu kimdir?

Şahid: Mən belə şeylərlə maraqlanmıram.

Anar Qasımlı: Bu məscidlərdən kimlərisə tanıyırsan?

Şahid: Xeyr.

Anar Qasımlı: Söhbəti harada eşitdin?

Şahid: Namazı qılıb çıxanda gördüm.

Anar Qasımlı: Neçə nəfərlə söhbət edirdi.

Şahid: Nə bilim.

Anar Qasımlı: Hər ikisi ayrılıqda söhbət edirdi

Şahid: Bir yerdə.

Anar Qasımlı: Neçə dəfə olub?

Şahid: 3-4 dəfə

Anar Qasımlı: Siz bu məsələ ilə əlaqədar hüquq-mühafizə orqanlarına məlumat vermisiniz?

Şahid: Xeyr

Anar Qasımlı: Bəs şahid necə oldunuz

Şahid: Gəldilər məsciddən soruşdular ki, belə bir təxribatdan xəbəriniz var. Mən də şahid durdum.

Anar Qasımlı: Latın qrafikin bilirsən?

Şahid: Pis bilirəm

Anar Qasımlı: İfadəni harada aldılar?

Şahid: Şəhərdə

Anar Qasımlı: Hansı əlifba ilə yazdın

Şahid: Kiril

Anar Qasımlı: Kompüterdə hansı əlifba ilə çap elədilər

Şahid: Yadımda deyil

Anar Qasımlı: Siz müstəntiqə şəxsiyyət vəsiqəsini verdiniz?

Şahid: Bəli

Anar Qasımlı: Mətni oxudunuz

Şahid: Oxudular.

Anar Qasımlı:Siz imzaladınız?

Şahid: Bəli.

Anar Qasımlı:Xahiş edirəm  ifadəsindən sonra  sual verməyə imkan verəsiniz. Firdovsinin çıxışların münasibət necə idi?

Şahid:  Etiraz edənlər də var idi, dəstəkləyənlər də.

Anar Qasımlı: Bəs nə bildiniz ki, onlar dəstəkləyirlər

Şahid: Söhbətə davam edirdilər

Anar Qasımlı: Konkret silah-sursatdan danışdılarmı?

Şahid: Bəli.

Anar Qasımlı: Bilirsiniz ki, silah alıb-satmaq cinayətdi və bu barədə məlumat verilməlidir?

Şahid: Bəli.

Anar Qasımlı: Bəs niyə məlumat verməmişdinz?

Həbib:  Çıxış məscidin içində olub, yoxsa çölündə.

Şahid: Çölündə.

Həbib: Çıxışla razı idiniz?

Şahid: Xeyr.

Həbib: Bəs niyə etiraz etmədiniz?

Sonra vəkillər ona Aşura günü ilə bağlı elementar  suallar verdilər. Lakin hakim çıxardırdı. Vəkil Məzahir də bildirdi ki, belə suallar da əsas məqsəd  onun dindar olub-olmamasını aydınlaşdırmaqdır.

Mövsüm Səmədov:  Bizdə belə bir qənaət hasil oldu ki, bu şəxs heç dindar olmayıb. Səkinəxanım məscidinin minbəri hansı tərəfdədir?

Hakim: Sual çıxarılsın?

Mövsüm Səmədov: Heç olmasa desin məscidin neçə qapısı var?

Şahid: Üç

Mövsüm Səmədov: Xeyr, iki qapısı var.

Fərəməz Abbasov: Namaz neçə rükətdir?

Şahid susur.

Hakim: sual çıxarılsın.

F.A.: Möhtərəm hakim  namaz qılan adam bilməlidir ki, namaz neçə rükətdir. Deməli bu, namaz qılan deyil.

Zülfüqar: Dedi ki, şiəyəm. Desin 12-ci İmam kimdir?

Hakim: Sual çıxarılsın.

Anar Qasımlı: Xahiş edirəm 1-ci ifadəsinin  sonunda öz xətti ilə yazılanlar elan olunsun. Bir də  1-si səhifənin, 13-cü sualın cavabı elan olunsun.

Hakim oxudu.

Anar Qasımlı:  O deyib ki, şəxsiyyət vəsiqəm olmayıb. İndi də deyir ki, var. Bunların hansı doğrudur?

Şahid: Gedib Qubadan hərbi biletimi gətirdim.

Anar Qasımlı: Onsuz da Qubaya qayıtmışdınsa, elə şəxsiyyət vəsiqəni gətirərdin də. Bu şəxsin şəxsiyyəti  bizdə şübhə doğurur. Və istintaqda şəxsiyyəti məlum olmadığından şahid kimi ifadəsinin kənarlaşdırılmasını tələb edirəm.

Hakim: Məhkəmə buna münasibət bildirəcək.

 

ŞAHİD MÖVSÜM SƏMƏDOVU GÖSTƏRİB «FİRDOVSİ BUDUR» DEDİ

Növbə Şərafətdinov İlhama çatdı. O katibin köməyi ilə and içdi. Təqsirləndirilən şəxslər arasında  tanıyıb tanımadığı  olduğu soruşulanda oturalar sırasında başdan ikincisini şəxsi gördüyünü bildirdi. Məscidə gedən zaman bu şəxslərin dinimizi əlimizdən almaq istədiklərini, mola hökuməti yaratmaq istədiyini, «yəhudiləri qırıb-tökmək» lazım olduğunu və sair bu kimi ifadələr işlətdiyini bildirdi.

Dövlət ittihamçısı bir-bir təqsirləndirilən şəxslərin adlarını çəkərək tanıyıb-tanımadığını soruşdu:

Dövlət İttihamçısı:  Mövsüm Səmədov, Vaqif Abdullayev, Fərəməz Abbasova, Dəyanət Səmədov, Firdovsi Məmmədrzayevi…

Şahid: Firdovsini tanıyıram

Anar Qasımlı: Etiraz edirəm. Dövlət ittihamçısı şahidə göstəriş verir. O, bütün təqsirləndirilən şəxslərin adını tez-tez çəkdi. Firdovsiyə çatanda dayanıb şahidin üzünə baxdı. Tələb edirəm ki, dövlət ittihamçısı da bizimlə bir yerdə əyləşsin.

Tələb qəbul olunmadı.

D.İ: Firdovsini tanıyırsan?

Ş: Məsciddə görmüşəm.

D.İ. Nə kimi çıxışlar edib

Ş.: Dinin əleyhinə. Dövləti yıxıb din dövləti yaratmaq istəyib. Guya yəhudilər  türklərin gəmisini partladıb. Buna görə yəhudilərin evlərini yandırmalıyıq.

Anar Qasımlı: F.Məmmədrzayevi tanıyırsınız

Şahid: Bəli.

A.Q.: Göstərə bilərsiniz?

Şahid Mövsüm Səmədovu göstərir: Budur F.Məmmədrzayev

A.Q: Çıxışlar harada olurdu

Ş: Əsasən məscidin içində.

A.Q: İsrail gəmisi ilə bağlı konkret nə deyib?

Ş.: Onlar türk gəmilərini partladıblar. Onların evlərini yandırmalıyıq.

A.Q: Təqribən nə vaxt olub?

Ş: Təqribən 8-10 ay, 1 il.

A.Q: Bu barədə bir yerə şikayət edibsiniz?

Ş: Yox etməmişəm. Sadəcə bir neçə aydan sonra polislər yaxınlaşıb dedilər ki, təxribat törədənlər var. Mən də şahid durdum.

 

ŞAHİD İLHAM ŞƏRAFƏTDİNOV: «RAMAZAN AYI HƏR İL MARTIN 20-21-DƏOLUR»

A.Q: Nə vaxtdan namaz qılırsan.

Ş.: 3 ildi.

A.Q: Hansı məscidə gedirsən?

Ş.:  Ərdəbil, bir də Səkinəxanım məscidinə.

A.Q.: Ötən il Aşura günü hansı tarixə təsadüf edib

Ş.: Yadımda deyil.

A.Q.: Heç olmasa fəsli deyin. Yay idi, qış idi?

Ş.: Yalan deyərəm

A.Q.: Ramazan ayı nə vaxt olur.

Ş.: Hər il martın 20-21 olur.

A.Q.: Günorta namazını neçə rükət qılırsınız

Ş.: 5 rükət

Hakim: İşin mahiyyətinə aid suallar verin.

A.Q: Deyir ki, dindaram. Mən də şəxsiyyətini müəyyənləşdirmək üçün belə suallar verirəm.

Anar Qasımlı Fərəməzi Abbasovu göstərir: Bu şəxsi tanıyırsan?

Ş.: Tanış gəlir

A.Q.: Onun çıxışını eşidibsən?

Ş.: Bəlkə də eşitmişəm

A.Q.: Səkinəxanım məscidində görmüsən?

Ş.: Bəlkə də görmüşəm

A.Q: (Mövsüm Səmədovu göstərir): Firdovsi müəllimi əvvəldən tanıyırdınız ?

Ş.: Yox, məsciddə danışıqlarını eşitmişəm

A.Q.: Möhtərəm hakim, icazə olar bu şəxs (Mövsüm Səmədovu göstərir - red.) özünü təqdim eləsin?

Hakim: Buyurun.

Mövsüm Səmədov: Mən Mövsüm Mərdan oğlu Səmədovam.

A.Q.: Siz bu şəxsi göstərib Firdovsi deyirsiniz və ittiham edirsiniz

Ş.: Bir-birlərinə oxşayır da…

A.Q.: Biz sizə necə inanaq.

Ş.: Bu neçə vaxtda dəyişib də. Mən də dəyişmişəm. Ola bilər ki, unudum. Gözüm də zəifləyib.

A.Q.: İfadən nə vaxt yazılıb.

Ş.: 10 mayda.

A.Q.: Bəs necə olur ki, 5 ay keçəndən sonra o yadınızda qalıb, 3 ay keçəndən sonra isə yox?

Ş.: Nə bilim yadımdan çıxıb.

Şəfəq xanım: Vəsatətim var. Onun barəsində cinayət işinin qaldırılmasını tələb edirəm. Çünki o, yalan ifadə verib.

Hakim: Bu sübut olunmalıdır.

Nemət: Deyir ki, gözüm zəifdi. Bəlkə çıxış edənlər heç bunlar olmayıb. Ola bilərmi?

Şahid: Ola bilsin ki, olub.

Nemət: Çıxışda türk gəmilərinə hücumdan danışıldı. Axı bütün bunlar təqsirlənldirilən şəxslər həbs olunandan sonra baş verib. Bəlkə çıxıb sonra gəliblər?!

Anar Qasımlı: Bizdə məlumat var ki, o, ümumiyyətlə dindar deyil.

Dövlət ittihamçısı: Dindar nə deməkdir?

Anar Qasımlı: Ən azı spirtli içki qəbul etməyən şəxsdir.

Firdovsi Məmmədrzayev: Deyirsən ki, məscidin divarında Xomeyninin şəkli var idi. Hansı divarda idi?

Şahid: Bütün divarlarda.

Şahidin cavabı gülüşlə qarşılandı.

Şahid qismində ifadə vermək üçün növbə Mehman Lətifova çatdı. O da təqsirləndirilən şəxslərdən heç kimi tanımadığını bildirəndən sonra ifadəsini verdi.

Şəfəq xanım: Evdə 15-16 yaşlı uşaq var idi?

Şahid: Yadımda deyil.

Şəfəq xanım: Ev sahibi qadın orda idimi?

Ş.: Görmədim.

Şəfəq xanım: Ailə üzvlərindən kimsə var idi?

Ş.: Bilmirəm. 1 nəfər qohumu var idi.

Şəfəq xanım: Ev neçə otaqlı idi.

Ş.: Heç öz evimi bilmirəm.

Şəfəq xanım: Alışdırıcı nə rəngdə idi?

Ş.: Yadımda deyil. Mən ləzgiyəm.

Şəfəq xanım: Azərbaycan dilində tərcüməçi lazımdırsa çağıraq.

Hakim: Ehtiyac yoxdur.

Şəfəq xanım:  Möhtərəm hakim. Siz hər dəfə belə edirsiniz. Biz bunu ayrı-seçkilik kimi qəbul edirik.

Anar Qasımlı: Protokolla tanış oldunuz?

Ş.: Bəli.

Anar Qasımlı: Hansı əlifba ilə idi.

Ş.: Yadımda deyil.

Anar Qasımlı: Bu protokolu oxumusunuz.

Ş.: Bəli

Anar Qasımlı: Xahiş edirəm bir cümlə oxusun.

Dövlət ittihamçısı müdaxilə edir: İfadə ilə hansısa ziddiyyət olsa idi, oxuyardı.

 

DÖVLƏT İTTİHAMÇISI ŞAHİDLƏSÖHBƏT EDİR

Bundan sonra şahid  kimi Mehrəliyev soyadlı şəxs çağırıldı. Dəyanəti tanıdığını bildirdi. Hər il olduğu kimi bu il də məscidə qurban kəsməyə gətirəndə orada bir qrup insanın hökumət əleyhinə danışdıqlarını eşitdiyini dedi. Bundan sonra yolda  polis Muxtar Əliyevlə rastlaşanda bu barədə ona məlumat verib.

Rufulla Axundov: Çıxış harada olub.

Şahid: Minbərdə.

Rufulla Axundov: Minbərdə axunddan başqa heç kim çıxış edə bilməz.

Hakim ifadəni oxuyarkən, təqsirləndirilən şəxslər etiraz edirlər ki, prokuror şahidlə söhbət edir. Və tələb etdilər ki, dövlət ittihamçısının yeri dəyişdirilsin.

 

İBRAHİMOV NAMƏD: «SƏHƏR 2, GÜNORTA 4, AXŞAM 3 DƏFƏNAMAZ QILIRAM»

Daha sonra şahid qismində İbrahimov Naməd dəvət olundu. And içəndən sonra Dəyanəti tanıdığını bildirdi. O da məsciddə çöldə bir nəfərin çıxış edərkən eşitdiyini bildirdi. Əvvəlcə Şeyx olduğunu düşünüb, sonra isə Dəyanət olduğunu görüb.

Vəkil Anar Qasımlı şahidin şəxsiyyətini müəyyən eləmək üçün bir neçə dini sual vermək istədiyini bildirdi.

A.Q.: Namaz qılansınız?

Ş.: Bəli

A.Q.: Sünnisiniz, ya şiə

Ş.: Ayırmıram.

A.Q.: Gündə neçə dəfə namaz qılırsınız?

Ş.: Səhər 2, günorta 4, axşam 3 dəfə.

A.Q.: Bir dənə imamın adını, yaxud qıldığı namazlarda surənin adını desin.

Hakim: Bura dini məclis deyil.

A.Q: Mənin bu şəxsin doğru dediyi barədə ciddi şübhələrim var.

Mövsüm Səmədov: Şeyxi gördüyünü deyirsən. Neçə yaşında olar.

Şahid: Bu hakimlər kimi olar (təqribən 50 yaşlarında - red.)

Mövsüm Səmədov: Yalan deyirsən. Onun cəmi 33-34 yaşı var.

Rufulla Axundov: Gündə neçə dəfə namaz qılırsan?

Şahid: 7 dəfə.

Rufulla Axundov: Bu cavab məni tam qane elədi.

Vaqif Abdullayev: Bu gün bu şəxsin namaz haqqında dediklərinin hamısı səhv idi. Bu şəxsin barəsində yalan şahidlik barədə cinayət işi qaldırılmalı idi.

İclasın sonuna yaxın Elşən Abdullayev dəvət olundu. Lakin onun şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, şahid dindirilmədi.

Növbəti məhkəmə iclası 14 sentyabr, saat 10.00-a təyin olundu.

  • Yazılıb
  • da (də) 2011 Sep 12