well/Aran agentliyi
Sentyabrın 13-ü Nərimanov Rayon Məhkəməsində 6 may aksiyasına görə həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevin mühakiməsi davam edib. Məhbuslar Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə (silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) ittiham olunurlar.
Hicaba etiraz aksiyası mayın 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilib. Bu aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilib. Hüquq mühafizə orqanlarının məlumatına görə, aksiya iştirakçıları 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurublar, 26 polis əməkdaşı xəsarət alıb.
Vəkil Anar Qasımlının sözlərinə görə, sentyabrın 13-də keçirilən prosesdə zərərçəkənlərin və şahidlərin ifadələri alınıb. Zərərçəkənlər onlara ziyan vuran şəxsləri tanıdıqlarını, lakin həmin adamların məhkəmə salonunda olmadıqlarını deyiblər. Onlar təqsirləndirilən 5 nəfərdən şikayətçi olmadıqlarını bildiriblər. Yalnız Çevik Polis Alayının əməkdaşı Mehman Səfərov təqsirləndirilən Rövşən Məmmədovu göstərərək onun atdığı daşla ayağından zədələndiyini güman etdiyini deyib. Zərərçəkən Mehman Səfərov zədələndikdən sonra arxaya baxdığını və Rövşən Məmmədovu gördüyünü vurğulayıb, lakin daşı məhz onun atdığını deməyə çətinlik çəkdiyini bildirib. O, Rövşən Məmmədovdan şikayətçi olmadığını əlavə edib.
Daha sonra “Ford” firmasında çalışan zərərçəkənlər Ayaz Rüstəmov və Səfixan Rüstəmov ifadə verib. Onlar şəxsi avtomaşınlarına 170-200 manat arası ziyan dəydiklərini deyiblər. Zərərçəkənlər qeyd ediblər ki, dəymiş ziyanı özləri aradan qaldırıblar. Hər iki şəxs ziyanı konkret kimin vurduğunu deyə bilməyiblər. Onlar vurğulayıblar ki, həmin gün ara çox qarışıq idi və avtomaşınlarına kimin ziyan vurduğunu deyə bilməzlər. Daha sonra zərərçəkənlər ifadələrində qeyd ediblər ki, ziyanı hər kim vurubsa, ona halal edirik.