DEVAMM sədri, insan haqları müdafiəçisi Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat” qəzetinə müsahibəsi
well/Aran agentliyi
DEVAMM sədri, insan haqları müdafiəçisi Hacı İlqar İbrahimoğlunun “Yeni Müsavat” qəzetinə müsahibəsi
- Son dövrlər mətbuatda az şərh verirsiniz. Xüsusilə də “100-minlik kampaniya” başlanandan sonra. Bu nə ilə bağlıdır?
- Qismən haqlısınız. Amma imkan daxilində bütün aktual məsələlər üzrə möqeyimizi oraya qoymağa çalışırıq. Bir də bu gerçəklikdir ki, “100-minlik kampaniya” boyunca mətbuata az çıxmağa qərara gəlmişdik. Buna səbəb isə ilk öncədən “KAMPANİYA BOYUNCA İMZALARIN SAYININ ARTMASI DANIŞACAQ” tezisinin gerçəkləşdirilməsi idi.
- Sizcə “danışdımı”?
- Özü də necə danışdı (gülümsəyir). Bu danışmanı kampaniyanın səhifəsində (hicab.deyerler.org) xüsusi sezmək olur. Oradakı diaqramalar bu “danışmanın” ən yaxşı göstəricisidir, əslində.
- Amma yəqin ki, bir çoxlarını bu gün düşündürən ən əsas məsələ - bu danışmalar eşidiləcəkmi? Yaxud, bu danışmaların bir xeyri olacaqmı?
- Sözsüz ki, bu gün ən çox izlənilən məsələlərdən biri budur. Dövlət başçısına ünvanlanan 132359 imzanın taleyi necə olacaq? 75 kilo 200 qramm çəkili ölkə rəhbərliyinə ünvanlanmış bu imza müraciətlərinin övladlarımızın təhsilinə necə təsir göstərcək? Əslində, əsas rəy bundan ibarətdir ki, məsələnin həlli üçün gözəl bir fürsət yaranıb. Və bu fürsəti dəyərləndirmək dövlətçiliyin təntənəsi olardı.
- Amma deyəsən təhsil üzrə məmurlar hələ bu istiqamət üzrə həll üçün tələsmirlər də. Hətta müəllimələrlə də bağlı ağır vəziyyət yaratma cəhdləri var...
- Kampaniya başlayandan, rəsmilər tərfindən bunun əksinə içtimai rəydə fikirlər səslənmədi. Təhsil üzrə məmurların iki dəfə (yayın ortalarında və son həftədə) ənənəvi cavabları səslənir. Özü də Təhsil Nazirliyi yetkililəri səviyyəsində deyil, daha aşağı məsullar tərfindən. Onları belə danışması təbiidir. 10 aydır ki, bu qadağanın icrasına çalışıblar. Məsələnin həlli ilə bağlı qəti qərar olmasa, onlar üçün fərqli mövqe sərgiləmək, əslində, mümkünsüzdür. Burada mühüm qeyd edilməli məsələ budur ki, bu kampaniyanın imzalarının ünvanı ölkənin birinci şəxsidir – ölkə başçısıdır, prezidentdir. Bu mənada ölkə vətəndaşlarının 132 mindən çox müraciətini cavablandırması təhsil məmurlarına bağlı bir məsələ deyil.
- Müəllimlərlə bağlı bəs...
- Təəsüflər olsun ki, bu istiqamətdə çox pis siqnallar gəlməkdədir. Artıq DEVAMM-a bununla bağlı bir neçə şikayət daxil də olub. İşə qəbul olunma zamanı “ya işi seç, ya ibadətini seç” kimi absurdlar, və ya “Sizi belə şəkildə qəbul edə bilmərik” kimi direktorlar tərəfindən bəzən şifahi fikirlər səslənir. Belə qərara gəldik ki, müəllimlərlə bağlı xüsusi monitorinq qrupunu formalaşdıraq. Hüquq-müdafiə tədbirlərini aparmaq üçün mütləq dəqiq situatsiya dəyərləndirilməlidir, ardınca isə adekvat hüquq-müdafiə strateqiyası qurulmalıdır. Bir də ən önəmli məsələ, bunun üçün konkret şikayətçilərin olmasıdır.
- Bəzən hicab problemin həlli istiqmətində fərqli mübarizə usullarından istifadə etmək fikirləri də səslənir. Bunu necə şərh edərdiniz?
- Ümumilikdə, müxtəlif fikirlərin mövcudluğu - normal bir haldır. Problemlərin həllini müxtəlif cür görmək olar. Biz illər ərzində hicabın müdafiəsi istiqamətində hüquq-müdafiə strateqiyasının verdiyi real faydaları və nəticələrini görmüşük. DEVAMM-ın 10 il ərzində - 2000-2010-cu illərdə apardığı monitorinqlərin və hüquq-müdafiə tədbirlərinin hesabatlarını nəzərdən keçirəndə, bunu isbatlayan saysız-hesabsız nümunələr var. Bu istər 2000-lərin əvvəlinda BDU-da, istər ATU-da AMU-da və sair, istərsə də100-lərlə orta məktəbdə baş verib. Sadəcə, keçən ilin (2010)noyabr ayından başlananan proses mahiyyəti üzrə tamamilə yeni idi. Bu, formaya rəsmi keçidlə əlaqələndirilirdi. Paradoksal hal bu idi ki, bu məsələ heç bir qanuna söykənmirdi və şifahi göstərişlər asasında baş verirdi. Proses boyunca dəfələrlə məsələnin həllinin biraddımlığına çatılmışdı. Noyabrdan başlayaraq yaya qədərki dönəmi dəyərləndirib, “100-minlik kampaniya” başladıldı. Və bu gün də həmin strategiya əsasında hüquq-müdafiə addımlarını atırıq. Doğru bildiyimiz, bəsirətə, tədbirliliyə, izzətə söykənən formatda hüquq-müdafəisinin qurulmasını hər zaman priroritet kimi qəbul etmişik.
- İmzalara müsbət reaksiyanı Siz sentyabrın 15-də gözləyirsinizmi?
- Dediyimiz kimi, biz müsbət həllə ümidliyik. Mümkündür ki, problemin həlli ilə bağlı müsbət qərar olacaqsa, idarəçilik məsələlərinə görə, bu, sentyabrın 15-i deyil, bir qədər sonra öz təzahürünü tapdı. Əgər tədris ilinin ilk günləri problemlər yaşansa, fikrimcə, bunu dramatikləşdirmək, ümidsizliyə qapılmaq düzgün olmazdı. İnsanlar xoşməramlı bir təşəbbüsdə bulunublar. Ümidvarıq ki, bu təşəbbüs anlaşma ilə qarşılanar.
- Bəzən problemin yaranmasını qeopolitik anlamda şərh edənlər də var...
- 2010-cı ilə qədər Azərbaycanın müstəqillik illərində belə bir qadağa olmayıb. 2010-cu ilin noyabr ayında bu forma adı ilə başladılıb. Təbii ki, problem həll edilmədikcə beynəlxalq mediada da yer almağa başlayıb. Bu problem Türkiyədə də mövcud idi. 14 ildən sonra həllini tapdı. Rusiyada da var idi, həllini tapdı. Amerikada, Avropada belə problem yaşanmır. Təkcə bir Fransada bir qədər fərqli vəziyyət var. Qonşu Gürcüstanda da elə bir problem yoxdur. Birmənalı olaraq əminəm ki, bu problem Azərbaycan vətəndaşlarının problemidir və buna görə də ölkə vətəndaşlarının hüquqlarının konstitusion qarantı olan ölkə başçısına müraciət edilib. Ölkə vətəndaşının hüquqlarının təmini – dövlətçiliyi ən çox gücləndirən bir məsələdir.
- Problemin həlli Azərbaycan nə verəcək?
- Dünyagörüşündən, siyasi mənsubiyyətindən, etiqadından asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin təmsilçiləri kampaniyada iştirak etdi. Kampaniya bölüşdürücü olmadı, birləşdirici missiya daşıdı. Düşünürük ki, ölkəmizin tarixində belə önəmli presedentin yaşanması öz müsbət nəticəsini verər. Vəhdət artar, cəmiyyətdaxili rabitələr möhkəmlənər.
Ümid edirik ki, vətəndaşların bu xoşməramlı təşəbbüsünə, problemi elliklə çözmək istəyinə, inşəallah, ölkə rəhbərliyi tərəfindən müsbət yanaşılar. Dövlətimiz məktəbli qızcığazların tədrisdən kənar qalmasını rəva bilməz. Allahın lütfü ilə, dərs ili başlayanadək xoş xəbərlər gələr, narahatlıqlar bitər.