Arzu Səmədbəyli: ''Təəssüflər olsun ki, iqtidar bu gün ilk növbədə Qarabağı yox, öz kreslosunu və hakimiyyətini düşünür''
g/Aran agentliyi
Nuru Paşanın xilaskar ordusu 93 il öncə məhz bu gün paytaxtı erməni işğalçılarından azad edib. Lakin analoji olaraq 73 il sonra Azərbaycanın torpaqları növbəti dəfə işğal olundu. Faktxeber.com-un “torpaqlarımızın azad olunması üçün indi kimi gözləyirik və ya gözləməliyik” sualını cavablandıran Müsavat Partiyasının başqan müavini Arzu Səmədbəyli, bunun üçün ölkə daxilində vətəndaş sülhünün yaradılmasının, korrupsiya və rüşvətin aradan qaldırlmasının zəruri olduğunu qeyd etdi.
“Heç kimi gözləməməliyik. Biz özümüz torpaqlarımızı işğaldan azad eləməliyik. Yəni əsrin əvvəllərində olan vəziyyətlə, hazırkı vəziyyət xeyli dərəcədə fəqlənir. O, zaman Nuru paşa öz rəhbərliyi ilə tək başına yüzlərlə şəhid verməklə Bakını yox, demək olar ki, bütün Azərbaycanı xilas eləmiş oldu”, - deyə Arzu bəy bildirdi.
Daha sonra həmin dövrdə türk əsgərləri ilə yanaşı 5 minə yaxın azərbaycanlının da şəhid olduğunu söyləyən Arzu Səmədbəyli, iki qardaş ölkənin əsgərlərinin birgə səyi nəticəsində, bütünlüklə Azərbaycanın işğalçılardan azad olunduğunu bildirdi: “Amma çox təəssüflər olsun ki, bu gün Azərbaycanın 20% torpaqlarını işğaldan azad etmək üçün bizim hakimiyyət lazımı addımları atmır. Düzdür ki, sözdə “biz torpaqlarımızı azad edəcəyik” deyirlər, lakin əməldə heç bir irəliləyiş yoxdur. Uzun illərdir işğal olunmuş torpaqlarımızla bağlı danışıqlar aparılır. Lakin bu danışıqlarda Azərbaycanın xeyrinə olan bir addım olsun belə atılmayıb və bir qarış da olsun torpağımız işğaldan azad olunmayıb. Biz heç kəsə ümid etmədən torpaqlarımızı işğaldan azad etməliyik. Doğrudur ki, bu münaqişə Ermənistanla Azərbaycanın davası deyil. Bu həm də Ermənistanın Rusiyaya arxalanaraq, həyata keçirdiyi bir işğaldır. Ermənilər Rusiyanın 366-cı alayının köməkliyi ilə əsrin dəhşətli hadisəsi olan Xocalı soyqırımını həyata keçiriblər. Torpaqlarımızın ermənilərdən azad etmək üçün ilk növbədə ölkə daxilində vətəndaş sülhü yaradılmalıdır. Digər tərəfdən ölkə daxilində vətənpərvərlik ruhiyyəsi hökm sürülməlidir. Bütün vətəndaş cəmiyyəti bir arada Qarabağ masası arxasında oturaraq məsələnin həllinə çalışmalıdır. Amma təəssüflər olsun ki, iqtidar bu gün ilk növbədə Qarabağı yox, öz kreslosunu və hakimiyyətini düşünür. Ona görə, hesab edirəm ki, iqtidar bu məsələləri nəzərə almalıdır. Qarabağı azad etmək ilk növbədə daxili sabitlikdən, vətəndaş sülhündən və hamının bir arada olmasından keçir. Təəssüf ki, Azərbaycan bu gün korrupsiya və rüşvətin məngənəsində boğulur və bu korrupsiya Azərbaycanı içdən yeyir. O cümlədən onun ordusu da bundan kənarda deyil.”