Tarix : 2011 Sep 17
Kod 25432

Ört bizi, ey hicabımız!

well/Aran agentliyi

 

Bismilləhir-Rahmənir-Rahim! Bu bəhsimizdə İslam dininin mübarək əmr və tövsiyələrindən biri olan hicab haqqında danışmağı nəzərdə tutmuşuq

Bu səbəblə ki, inanclılarımız ölkəmizdə əvvəlki illərdə də hicabla bağlı bir sıra problemlər yaşamışdı və bu il də həmin problem özünün kökündən həllini tapmamış olaraq qalır. Artıq tədris mərkəzlərində təhsil alan şagird və tələbələr tətil günlərini geridə qoyub və yeni tədris dönəmindədirlər və bu məqamı da xüsusiliklə qeyd eləmək lazımdır.

Yenə inanc əhli narahatdır.

Yeni dərs ilinin başlamasıyla bağlı yenə də inanclı insanlarda narahatlıq duyulur. Yenə bu insanlar problemlərlə üz-üzədirlər. O problemlər ki, əvvəlki illərdə də inanc əhlini belə problemlərlə üz-üzə qoyurdular. Hicab problemi artıq bizdə bir mövzuya çevrilib. Artıq hicab problemi bizdə çox aktual bir mövzuya çevrilib və zaman keçdikcə bu problemin kökündən öz ədalətli həllini tapmaq yerinə, daha da aktuallaşır, daha da dərinləşir. Uzun illərdir ki, bu mövzu gündəmdədir. Elə əvvəlki dönəmlərdə də Milli Məclisdə, hətta bu haqda müzakirələr aparılıb, amma ictimaiyyətin səyi və Allahın birbaşa inayəti sayəsində, Allahın lütfü sayəsində bu söz-söhbətlərə bir müddət son qoyulmuşdu. Amma bu günlərdə daha qabarıq bir formada yenidən “hicab problemi” adlı bir söz-söhbət yaradıblar, yenidən bu məsələ bir problem qəlibinə salınıb. Amma görünür o illərdə bu məsələ həll olunmamış qalıb, çünki öz həllini tapmış olsaydı, bu günlərdə də bu söz-söhbətlərə rəvac verməzdi.

Azərbaycan dünyəvi dövlət olsa da, bu dövlətin anayasasında, ana qanununda yazılıb ki, əhali öz dinini, əqidəsini yaşamaqda azaddır. Hətta bizim ölkəmizin- ikinci dəfə müstəqillik qazandıqdan sonra tərtib edilmiş konstitusiyasında- hansı demokratik dövlətlərin təcrübələrindən istifadə etmişiksə- həmin dövlətlərin ana qanununda belə, dini-etiqad, əqidə azadlıqlarını müdafiə edən və buna uyğun müddəalar, maddələr vardır. Dünyada hər bir dövlətin ana qanununda yazılıb ki, vətəndaş dinini yaşamaqda sərbəst olmalıdır, azad bir şəkildə öz dinini və dini ayinlərini yaşamalarından ötrü onlara icazə verilməlidir və hətta nəinki icazə verilməli, bu işdə dövlət birbaşa təminatçı rolunda çıxış etməlidir. Amma buna rəğmən və bütün bunlara baxmayaraq, hər il Azərbaycanda inanc əhli, daha doğrusu, xüsusiylə qeyd etmək lazımdır ki, İslam dininin mənsubları hər il muxtəlif problemlərlə, öz dini ayinləriylə bağlı növbənöv maneələrlə üzləşirlər. Hicab və hicab əhlinin hüquqlarını, haqlarını qorumaqdan ötrü küçələrə, meydanlara, aksiyalara çıxıb, haqq səslərini ucaldanlar bu gün incidilir, aksiyada Quran təhqir olunur, müsəlmanalrın inancı, hicablıların iffəti həqarələrə məruz qalır, möminlər həbs edilir, onlara müxtəlif böhtanlar atılır. Hamısı da 21-ci əsrdə, kompüter, demokratiya, qanun-qayda, hüquq, sivilizasiyalar əsrində.

Problemin üstünə yeni problem.

Bir problemimiz zatən, hicabla bağlı hələ də öz həllini tapmayıb. Üstəlik, bu problem təkcə şagird və tələbələrə aid deyil, ümumilikdə bütün inanclı-hicab əhli olan xanımlara aiddir, yəni bu, inanc əhlinin ümumi bir problemidir. Bu problem hicablıların hicablı formada, öz etiqadına uyğun bir şəkildə şəxsiyyət vəsiqəsi ala bilməməsi problemidir. Bu gün belə, hansısa bir xanım şəxsiyyətini təsdiq edən bir vəsiqə almaq üçün, hicablı formada şəkil çəkdirib və həmin vəsiqəni, pasportu ala bilmir.

Bu problem azmış kimi, daha bir problem də təhsil müəssisələrində çıxartdılar. Əslində, bəzən görürük ki, sən demə, indiyədək bu problemləri ortaya çıxardanların bir çoxu məmurlar olublar, məktəb və ali məktəb direktorları olublar və bu da “məmur özbaşınalığı” hesab edilib. Bir çox hallarda da bu elə sakit bir formada həll edilib. Amma bu dəfəki problem təhsil nazirliyi səviyyəsində ortaya çıxıb. Hansısa bir müəllim və ya məktəb direktorunun üstünə yıxmaq lazım deyil bunu. Hansı ki, elə məmur özbaşınalığı zamanında da müvafiq nazirlik və müvafiq sair qurumlar məmurun özbaşınalığı üçün bu məmurlara meydan verdikləri və şərait yaratdıqları, bu özbaşına məmurları nəzarətsiz buraxdıqları və onlar haqqında uyğun cəza tədbirləri görmədikləri üçün - günahkardırlar. Məmur özbaşınalığı bəs haradan qaynaqlanır? Bəs məmur kimdir axı ki, dövlətin qanununu, konstitusiyanın maddəsini çeynəyə? Kim bunlara bu qədər üz verir. Hətta dövlətin qanununu həmin dövlətin rəhbəri belə poza bilməz və bu qanuna o belə tabedir və qanunpozuntusu onda belə müşahidə edilsə, buna uyğun tədbirlər görülməlidir onun barəsində. O ki, qaldı hansısa bir adi məmur ola, məktəb direktoru ola.

Bəs hicab nədir?

İnsan oğlunun başına gələn bir çox bəlalar, bir çox üzlədiyi maneələr onun savadsızlığı, cəhalət əhli olmasından doğur. Biz nə bilirik ki, hicab nədir? Bizə “hicab” kəlməsi çox qəribə gəlir, çox sadə gəlir. Biz dilimizə “hicab bağlamaq”, “hicab taxmaq” kimi ibarələr gətiririk. Çünki anlamırıq hicab bağlamaq nədir və bu ibarənin içində hansı mənalar gizlənməkdədir. Ümumilikdə, biz digər dini ayin və ilahi əmrləri belə doğru-düzgün anlamırıq. Biz deyərik “filankəs namaz qılmır”, “filankəs oruc tutmur”, “filankəs dəstəmaz almır”, “filankəs həccə getmir”, “filankəs hicab bağlamır”, “filankəs Quran oxumur”. Amma əslində, namaz həmin filankəsi qılmır, oruc həmin filankəsi tutmur, dəstəmaz həmin filankəsi almır, həcc həmin filankəsi çağırmır, hicab həmin filankəsi bağlamır, Quran həmin filankəsi oxumur. Bəs hicab nədir? Hicab namazdır, hicab oruc tutmaqlıdır, hicab xüms və zəkatdır, hicab həcc ziyarətidir, hicab cihaddır, əmr be mərufdur, nəhy əz munkərdir, təbərradır, təvəlladır- hicab. Hicab usuli-dindir- tövhiddir hicab, nubuvvətdir, imamətdir, məaddır, ədalətdir. Hicab İslamdır. Görün, nə böyük mənaları nə dərin mövzuları ehtiva edir hicab. Hicab bu deyil ki, bir parça örtüklə xanım başını örtsün. Bir parça örtüyü biz “hicab” adı altında müqəddəsləşdirir və də hicabın bundan ibarət olduğunu düşünürük. Əsla, hicab ümumilikdə İslamdır. İslam bizim hicabımızdır. Hicab namusdur, abırdır, həya pərdəsidir. Çünki hicab bizləri örtür, biz hicab örtmürük, hicab bizləri örtür. Biz hicab bağlamırıq, hicab bizləri bağlayır. Eyblərimizi örtür, günahlarımızı örtür, gözlərimizi örtür hicab.

Hicab bizə təbliğ olunmalıdır.

Dünyada təbliğat maşını, təşviqat aparatı kimi mediya qurumları nəzərdə tutulur, bunlar hansısa bir məfkurənin, mentalitetin, dinin təbliğində və yaxud, hansısa firmanın reklam olunmasında çox böyük gücə və əhəmiyyətə malikdirlər. Ümumilikdə, hər nə ki, təbliğat və təşviqat vasitəsidir- istər televiziya kanalları olsun, istər qəzet və jurnallar olsun, istər müstəqil mediya qurumları olsun, istər virtual məkan olsun- bunların hamısı təbliğat və təşviqatda mühümdür. Bu gün, məsələn, Fitr bayramı və bu bayramın namazı bizim ölkəmizdə də, qeyd olunur və qılınır, məsələn, Türkiyədə də, İranda da, İraqda da, Misirdə və s. ölkələrdə də. Bizim ölkədə də bu münasibət ilə dövlət başçısı xalqı təbrik edir, digər müsəlman və hətta, qeyri-müsəlman ölkələrdə də. Amma hicab mövzusunda belə deyil. Sadaladığımız ölkələrdə hicab azadlığı var, müəyyən mənada bir qədər Türkiyədə məhdudiyyətlər mövcud idi, amma adicə televiziyalarında bu maneə yox idi. Yəni hicablı xanım dini bir verilişdə aparıcı rolunu ifa edir, hicablı xanımlar bu verilişlərə dəvət alırlar, ümumilikdə çoxsaylı dini verilişləri efirə verirlər. Səhabələr haqqında xüsusi verilişlər çəkir və təbliğ edirlər. Bütün bunların hamısı dinin təbliğindən ötrüdür. Müsəlman bacı və qardaşlar bilməli, öz dinlərindən, dini ayinlərdən agah olmalıdırlar. Amma Azərbaycan belə deyil. Bizim ölkədə dini verilişlərə rast gəlmək olmur, hicablı xanımlar efir məkanında nəinki imkan əldə etmirlər, hətta, bütün günü, nə vaxt kanallara tamaşa edirsən, hər vaxt şou-biznesdən, əxlaqsızlıqdan başqa bir şey gözə dəymir. “Filan müğənni filan qiymətə maşın aldı, filan müğənni filan konserti verdi, filan müğənni filan yeməyi bişirdi, filan müğənninin albomu, filan müğənninin gələcəkdəki planları” və s. Əlbəttə ki, bütün bunlar bilərəkdən olur və imkan yaradılmır ki, müsəlmanlar öyrənsinlər, insanlar abırlarını güdsünlər, iffət nədir, izzət nədir, hicab nədir- bunları bilsinlər. Namaz təbliğ olunsun, hicab haqqında bəhslər edilsin - bunlar Azərbaycanda yoxdur. Daha da dəhşətlisi budur ki, müsəlmanlar dini ayinlərini yaşadıqda - bu, hansısa ölkələrə nisbət verilir və bağlayırlar bu məsələləri hansısa qonşu ölkələrə. Deyirlər ki, məsələn, hicablıların çoxalması İranın maraqlarına xidmət edir. Amma bizim qədimdə nənələrimiz hicablı olublar, çadralı olublar. Bizim elə dövrü-qədimdən imanımız, Aşuramız, hicabımız olub. Fitrli olmuşuq, rəcəbiyyun olmuşuq əzəldən. Niyə də hansısa bir ölkəyə bağlanmalı və siyasətə alət edilməlidir bizim inancımız, dini ayinlərimiz, xüsusiylə hicabımız?

Hicab Quranda və hədisdə.

Hicab Quranda var, hicab haqqında Allah-Taala Qurani-Kərimdə buyurur, ayələr nazil edir. Biz də müsəlmanıq, belə bir iddiadayıq ki, dinimiz İslamdır, biz mötəqidik İslama. Biz mötəqidik, etiqadımız var Qurana. Deməli, Qurandakı hicab elə bizim hicabımızdır. Amma təəssüf ki, Quran da bizə təbliğ edilmir.

Hicabın mənəvi dəyərləri və əhəmiyyəti və hicab bağlamanın fəzilət və üstünlükləri, ilahi əmr və vacib olunması haqqında çox danışılıb, yazılıb, kitablarda, qəzetlərdə, jurnallarda bu haqda çox məlumatlarəldə etmişik. Bu haqda ayələr və hədislər danışır. Amma biz bu haqda bir qədər dini yox, ictimai bəhs etməyi, bu mövzunu ictimailəşdirməyi nəzərdə tutmuşduq. Zira, tamam yeri vardır ki, hicabın qadağan olunduğu və yeni tədris mövsümünün başladığı bir dönəmdə bu haqda bir-iki kəlmə danışaq. Amma hicabın səthi də olsa, mənəvi məqam və tərəfinə də işarə elədik. Bilirik ki, hicab insanın örtüyüdür, insanları günahlardan örtür. Günahı insana yaxın buraxmır. Namaz qılmamaqlıq böyük günahdır. Bu günahı insandan uzaq edən namazın qılınmasıdır. Deməli, namaz özü hicabdır ki, öz sahibini örtür günahdan, qoymayır ki, günah bu sahibinə yaxın gəlsin, onu ağuşa alsın. Bu əməldədir, fürui-dindədir. Hicab həm də, üsuli-dindir. Allaha şərik qoşmaq çox böyük günahdır, bağışlanmayan dərəcədə. İnsanı bu şirk günahından (Allaha şərik qoşmaq günahından) saxlayan tövhiddir, yəni, Allahın təkliyinə inamdır. Deməli, tövhidin özü bir hicabdır. Bu da, üsuli-dindir. Hicabın elə mənəvi dəyərləri, fəzilət və üstünlükləri haqqında danışdıqda bircə bunu demək kifayət edər məncə ki, hicab həm fürui-dindir və həm də üsuli-dindir. Nəinki bir parça örtük ola.

Allah-Taala, bizim o inanclılarımız ki, o hicablı qızı olan ata-analar ki, narahatdırlar, tərəddüd edirlər ki, övladı məktəbə getsin, yoxsa, elmdən uzaqqlaşsın- o kimsələrə yar və yardımçı olsun! Allah-Taala vicdansız, qəlbi qəsavət bağlamış insanlara insaf inayət eləsin! Allah-Taala- o hicablı xanımlarımız ki, şəxsiyyət vəsiqəsi ala bilmirlər- onların Yar və Yardımçısı olsun! Allah-Taala hicab məhbuslarına, bu və sair problemlərdən ötrü əziyyət çəkənlərə Yar və Yardımçı olsun! Allah-Taala bizləri dünyada və Axirətdə Quran və Əhli-Beytdən (ə) ayrı salmasın!

Q. Səfərov/Birlik

  • Yazılıb
  • da (də) 2011 Sep 17