well/Aran agentliyi
Təhsil naziri Misir Mərdanovun işdən çıxarılacağı ilə bağlı məlumatların ardı-arası kəsilmir. Ilk olaraq “Azadlıq” qəzeti Misir Mərdanovun artıq sərəncamının hazır olduğu, lakin naməlum səbəblərdən elan edilməsinin yubandığını yazmışdı. Bu xəbərdən bir gün sonra - sentyabrın 14-də nazirin üç müavini - Isgəndər Isgəndərov, Iradə Hüseynova və Elmar Qasımov tutduqları vəzifədən azad edildi. Həmçinin məlumatlar yayıldı ki, yaxın günlərdə Misir Mərdanovun da sərəncamı elan ediləcək.
Bilik Günündə Ilham Əliyevin Bakıda yenicə təmirdən çıxmış 6 saylı orta məktəbin açılışında iştirak edərkən Misir Mərdanovun mərasimdə görünməməsi bu məlumatlara inamı daha da artırır. Son illərdə ilk dəfədir ki, dövlət başçısı yeni dərs ilini Misir Mərdanovsuz qarşılayır. Ekspertlər də hesab edir ki, bu fakt Misir Mərdanova “əlvida” deyildiyini göstərir. “Onun işdən çıxarılması ilə bağlı sərəncamın hələ elan edilməməsi yeni təyinatla barədə müzakirələrin uzanması ilə bağlı ola bilər”,- deyə ekspertlər bildirib.
Maraqlıdır ki, bu ərəfədə iqtidar deputatlarından bəziləri açıq şəkildə Misir Mərdanovun bostanına daş atıb. YAP-çı deputat Səyavuş Novruzov nazirin üç müavininin işdən çıxarılmasına belə münasibət bildirib: “Bu, ölkədə hansısa ciddi dəyişikliyə, islahata səbəb olan hadisə deyil. Bu gündəlik, adi hadisələrdən biridir”.
Deputat Əli Hüseynov isə bir neçə gün əvvəl Misir Mərdanovun müəllimlərin maaşının artırılması barədə dediklərini populizm adlandırıb.
Ötən sayımızda bildirmişdik ki, Misir Mərdanovu Iqtisad Universitetinin rektoru, deputat Şəmsəddin Hacıyevin əvəzləyəcəyi barədə iddialar səsləndirilir. Hətta onun bir neçə gün əvvəl bu məsələ ilə əlaqədar Prezident Administrasiyasına çağırılması barədə məlumatlar var.
Dünən yayılan məlumatlarda isə bu sıraya daha iki şəxsin adı əlavə edilib. Bunlar Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmovla, hakim ailənin üzvü Nərgiz Paşayevadır. Həmin məlumatlarda təhsil naziri postuna bu iki şəxsdən birinin təyin olunacağı iddia olunur. Yeri gəlmişkən, Nərgiz Paşayevanın Misir Mərdanovu əvəzləyəcəyi barədə məlumatlar bir neçə ildir ki, dövriyyəyə buraxılıb.