Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçın son bəyanatına münasibət bildirib
well/Aran agentliyi
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıçın son bəyanatına münasibət bildirib.Hulusı Kılıç ANS-ə müsahibəsində deyib ki, Azərbaycanın İsraillə münasibətlərinə yenidən baxmasını gözləyirlər:
“Türkiyə ilə İsrail arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır”. Səfir Ceyhandan İsrailə neft daşındığını xatırladaraq deyib:
“İsrail bu haqda fikirləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Biz Azərbaycana tam güvənirik”.Partiyasının mətbuat xidmətinə açıqlamasında BAXCP sədri qeyd edib ki, Azərbaycan Türkiyənin İsraillə bağlı istəklərini tərəddüdsüz yerinə yetirməlidir: “Yaxın tarixdə, eləcə də bu gün baş verən və narahatlıq doğuran bütün arzuolunmaz məqamlara rəğmən hər zaman olduğu kimi qardaşlarımızın yanında olmalıyıq”.
Qüdrət Həsənquliyev qeyd edib ki, İsraili Azərbaycanın dostu saymağa mənəvi haqqımız yoxdur: “Ən azından Azərbaycana qarşı ABŞ Nümayəndələr Palatasında "Azadlığa Yardım Aktına" 907-ci düzəliş qəbul olunanda yəhudi lobbisinin lazımi dəstəyini görmədik, İsrail BMT-də Azərbaycanın ərazi bütövlüyünə səs vermədi. İranın təzyiqlərinə baxmayaraq İsraillə etdiyimiz əməkdaşlıq qarşılığında İsraildən əhəmiyyətli kömək almamışıq. İsraillə əməkdaşlığın dayandırılması Azərbaycan üçün ciddi problemlər yaratsa da, türkçülüyün mərkəzi olan Azərbaycan qardaş Türkiyə üçün fədakarlıq etməli və İsraillə münasibətlərdə Türkiyənin istədiklərini yerinə yetirməlidir. Mən İctimai Palatanı və digər müxalifət qurumlarını da bu mövqedən Azərbaycan hökumətinə müraciət etməyə çağırıram”.
"Media forum"