Tarix : 2011 Sep 20
Kod 25540

Türkiyə- İsrail rejimi münasibətləri və Azərbaycan

well/Aran agentliyi

 

 

Ötən ilin may ayının 31-də işğal olunmuş Fələstin torpaqlarında qurulan İsrail rejiminin hərbi dəstələri tərəfindən beynəlxalq sularda Qəzzaya humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə basqın həyata keçirilmişdi. Hadisə nəticəsində 9 Türkiyə vətəndaşı həlak olmuş, xeyli insan da yaralanmışdı. Bu hadisədən sonra İsrail rejimi ilə Türkiyə arasında soyuq küləklər əsməyə başladı.

Baş vermiş hadisə BMT tərəfindən “araşdırıldı”

Türkiyə baş vermiş cinayətin araşdırılması üçün beynəlxalq komissiya yaradılmasını tələb etdi və onun tələbi BMT tərəfindən yerinə yetirildi. Əslinə qalarsa, Türkiyə üçün komissiyanın yaradılması lazımlı deyildi. Türkiyəni buna məcbur edən səbəb İsrail rejiminin baş vermiş hadisəyə görə üzr istəməməsi və hətta həyasızcasına özünü haqlı çıxartmasıydı. Hadisələrdən bir il keçdikdən sonra BMT-nin xüsusi komissiyası (Palmer komissiyası) öz hesabatını açıqladı. Hesabatda az qala hadisələrə görə Türkiyə tərəfi günahkar kimi qələmə verildi. Hesabatda qeyd olunur ki, İsrail rejiminin əsgərləri gəmiyə etdikləri hücum zamanı özlərini qorumaq məqsədilə silaha əl atıblar. Hesabatda yalnız bir yerdə gəmiyə basqın edilən zaman israilli əsgərlərin həddindən artıq güc tətbiq etdiyi qeyd olunub. Bundan başqa, ən acınacaqlısı da odur ki, hesabatda Qəzzanın blokadası qanuni adlandırıldı. BMT-nin bu hesabatının İsrail rejimi və onun müttəfiqlərinin təsiri altında hazırlandığı şübhə doğurmur.

BMT-nin “Mavi Mərmərə” hesabatı ilə gərginliyin ikinci fazası

Hesabat açıqlandıqdan sonra onsuz da gərgin olan Türkiyə-İsrail rejimi əlaqələri daha da pisləşdi. Türkiyə İsrail rejimindən üzr tələbinin yerinə yetirilmədiyinə görə diplomatik əlaqələri ikinci katib səviyyəsinə qədər endirdi. Tərəflər arasında gərginlik isə özünün pik nöqtəsinə çatıb. Türkiyə ilə İsrail rejimi arasında baş verən bu gərginlik onların müttəfiqlərini də pis vəziyyətə qoyub. İndi onlar ya İsrail rejimini, ya da Türkiyəni seçməlidirlər.

Türkiyə daim Azərbaycanın yanında oldu, bəs Azərbaycan necə?

Türkiyə ilə Azərbaycanın arasında qardaşlıq əlaqələrinin olması hər iki dövlət rəsmiləri tərəfindən tez-tez dilə gətirilir. Amma Türkiyənin son zamanlar İsrail rejimi ilə arasında yaşanan gərginlik zamanı qardaşından böyük dəstək ala bilməməsi onu narahat edir. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusı Kılıç açıq şəkildə bəyan edib ki, Türkiyə ilə İsrail rejimi arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır. “Biz hər zaman, tarix boyunca Azərbaycanın yanında olmuşuq. Azərbaycana görə 18 ildir sərhədlərimiz bağlıdır. Türkiyə Azərbaycana görə 18 ildir sərhədlərini bağlayırsa, qardaş bir dövlətin problemi də Azərbaycanın problemi olmalıdır. Azərbaycanla İsrail arasında münasibətlərin hər zaman güclənməsini istəyirik. Amma bunun da bir şərti var. Bir tərəfdən Türkiyə ilə İsrail arasındakı münasibətlər pozulub və bu məsələnin belə şəkildə davam etməsi hər türk vətəndaşını rahatsız edir. Bu, münasibətlərə təsir etməlidir. Bunun ən sadə nümunəsi Türkiyə ilə Ermənistan münasibətləridir. Ceyhandan İsrailə neft daşındığını bilirik. İsrail bu haqda fikirləşməlidir. Burada bir problem olacağını nəzərə almalıdır. Azərbaycan hökuməti də nə edəcəyini bilən bir hökumətdir. Bizim Azərbaycana güvənimiz tamdır”, - deyə Hulusi Kılıç bildirib. 

Azərbaycan hökuməti hələ susur...

Səfirin çağırışına münasibət bildirən Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev   “Azərbaycanın gündəliyində İsrail rejimilə münasibətlərə yenidən baxmaq məsələsi dururmu?” sualına cavab verməyib.

Azərbaycan ictimaiyyəti nədüşünür?

Səfirin açıqlamasını millət vəkili, politoloq Rasim Musabəyov  belə şərhləndirib: “Azərbaycanla İsrail münasibətləri müstəqil şəkildə qurub. İsrail Türkiyəyə acıq vermək üçün qondarma erməni soyqırımını tanımağa başlayacaqsa, Türkiyəyə qarşı kürdləri qaldıracaqsa və buna bənzər fəaliyyət göstərəcəksə, təbii ki, bu, Azərbaycan-İsrail münasibətlərinə ciddi mənfi təsir göstərə bilər”.

Millət vəkili İqbal Ağazadə isə deyir ki,  Azərbaycan Türkiyənin mövqeyini dəstəkləməlidir. “Hesab edirəm ki, Türkiyə Azərbaycan qardaş ölkələrdir və xarici siyasətlərini daim uzlaşdırmağı bacarmalıdırlar. Hər halda biz imkan verməməliyik ki, Türkiyə ilə İsrail arasında münasibətlər gərginləşsin. Təbii ki, Azərbaycan Türkiyənin dostudur, Türkiyənin yeritdiyi siyasətə hər zaman dəstək verəcək”.

AXCP sədr müavini Fuad Qəhrəmanlı açıqlamasında bildirib ki,  İsrail rejimi-Türkiyə münasibətlərində Azərbaycanın mövqeyi Türkiyəni dəstəkləmək olmalıdır. “İndiki halda hər iki ölkə arasında diplomatik gərginlik hökm sürür, yəni münasibətlər münaqişə fazasında deyil, diplomatik gərginlik formasındadır. Bu baxımdan bu diplomatik gərginlikdə Azərbaycanın ata biləcəyi addım siyasi cəhətdən Türkiyəyə dəstək verməkdir, Türkiyənin maraqlarının nəzərə alınmasıdır”

“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu məsələyə münasibət bildirərkən deyib: “Türkiyə bütün məsələlərdə tərəddüdsüz olaraq Azərbaycana dəstək verib. İsrail məsələsində Türkiyənin haqlı mövqeyini Azərbaycan dəstəkləməlidir və onun yanında olduğunu bəyan etməlidir. İsrail də görməlidir ki, hansı səhvə yol verir və nələri itirə bilər”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu da Azərbaycanın Türkiyənin yanında olmalı olduğunu vurğulayıb. “Türkiyə Azərbaycanın dövlət maraqlarını özününkü kimi qəbul edir. Xüsusən də Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində. Ankara belə bir münasibəti Bakıdan gözləməyə haqqı çatır. Buna görə də hesab edirəm ki, Azərbaycan da bu məsələdə siyasətində Türkiyənin xəttini əsas götürməlidir və qardaş ölkəni dəstəkləməlidir”

Politoloq Ərəstun Oruclu Türkiyənin Azərbaycandan belə bir tələbi irəli sürməyə haqqı olduğunu qeyd edib. “Ona görə ki, Türkiyə vaxtilə Ermənistanla sərhədləri açmaq cəhdinə görə Azərbaycanın ciddi təpkisinə məruz qalıb. Bu gün analoji tələbləri Türkiyə Azərbaycanın qarşısında qoyur. Amma hesab edirəm ki,  istənilən halda yaranmış vəziyyətlə bağlı Türkiyə ilə Azərbaycan arasında ən yüksək səviyyədə təxirəsalınmaz dialoqa ehtiyac var”

Sonda ümid edək ki, Azərbaycan hökuməti qardaş Türkiyəni yürüdülən xarici siyasət nəticəsində incik salmayacaq. Çünki Azərbaycan-Türkiyə münasibətlərinin yaxşı olması Türkiyədən çox, Azərbaycana lazımdır.

Əkbər Əli

Deyerler.org

  • Yazılıb
  • da (də) 2011 Sep 20