Akif Nağı: ''İstər ATƏT, istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar olsun, onların qarşılarına qoyduqları məqsəd budur ki, Qarabağ münaqişəsini Ermənistanın maraqlarına uyğun həll etsinlər''
well/Aran agentliyi
Avropa Birliyi Komissiyasının genişləmə və qonşuluq siyasətinin məsul üzvü Stefan Füle, Ermənistana vizanı asanlaşdırmaq istədiklərini söyləyib. Stefan Füle, AB Komissiyasının Ermənistana viza asanlığı üçün lazımlı hazırlıqları tamamladığını vurğulayıb.
Digər tərəfdən Stefan Füle, rəsmi İrəvana maliyyə yardımını şərtli olaraq artırmağa hazır olduqlarını bildirib.
Bütün bunları nəzərə aldıqda isə ATƏT-in və AB-nin Qarabağ münaqişəsinin həllində səmimiyyəti aldadıcı görünür. Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı, heç vaxt beynəlxalq təşkilatların səmimi olmadıqlarını bildirdi:
“Biz dəfələrlə bildirmişik ki, istər ATƏT, istər BMT, istərsə də digər beynəlxalq təşkilatlar olsun, onların qarşılarına qoyduqları məqsəd budur ki, Qarabağ münaqişəsini Ermənistanın maraqlarına uyğun həll etsinlər. Onların bütün hərəkətlərinin hamısı buna yönəlib. Həmin təşkilatlardan başqa bir mövqe gözləmək də düzgün deyil. ATƏT, BMT və Avropa Birliyi Azərbaycana təzyiq göstərməklə Qarabağ münaqişəsini Ermənistanın xeyrinə həll etmək istəyirlər. Beynəlxalq təşkilatların vasitəçiliyi ilə aparılan danışıqlara Azərbaycan hakimiyyəti etibar eləməməlidir. Bunlar hesab edirlər ki, Dağlıq Qarabağ ya müstəqil olmalıdır, ya da ki, Ermənistana birləşməlidir. Bu beynəlxalq təşkilatların mövqeyidir. Azərbaycan rəsmiləri həmişə bildirirlər ki, danışıq limitləri qurtarmayıbdır və biz lazım gəlsə digər vasitələrdən istifadə edərik. Artıq “lazım gəlsə”, modelindən imtina etmək lazımdır. Artıq bir müddətdən sonra hər şey gec olacaq. Ona görə də, Azərbaycan bütün bu faktları qarşısına qoyaraq, beynəlxalq təşkilatlardan imtina edib lazımı vasitələrdən istifadə etməlidir.”
faktxeber.com