Ankara Rəsmi Bakı qarşısında ilk və sərt tələblə çıxış etdi...
well/Aran agentliyi
Ankara Rəsmi Bakı qarşısında ilk və sərt tələblə çıxış etdi...
Türkiyə Azərbaycan qarşısında ilk dəfə rəsmi tələb qoydu. Bakı ilə münasibətlərdə hər zaman dözümlü davranan Ankara gözlənilməz addım atdı. Türkiyə səfirinin “Türkiyə ilə Israil arasındakı münasibətlərin gərginləşdiyi bir dövrdə bizə qardaş olan Azərbaycan da bu ölkə ilə münasibətlərinə yenidən baxmalıdır” açıqlamsı iki ölkə arasında münasibətlərin yeni məcraya qədəm qoyduğunu göstərdi. Bu, Azərbaycanla Türkiyə arasında uzun və gərgin sakitlikdən sonra ilk qığılcım rolunu oynadı.
Türkiyə indi Azərbaycan üçün etdiklərinin qarşılığını istəyir. Bu, hər iki halda haqlı tələbdir. Hesab edək ki, Türkiyə və Azərbaycan yalnız protokol münasibətlərində olan dövlətlərdir. Bu zaman da Azərbaycan özünə edilmiş yaxşılıqların qarşılığını verməyə borcludur. Türkiyənin addımlarına adekvat reaksiyalar vermək Bakının əsas siyasi gedişlərindən olmalıdır. Türkiyə siyasiləri hər zaman Qarabağ münaqişəsini öz məsələləri kimi təqdim edib və buna uyğun münasibət göstəriblər. Azərbaycan tərəfi isə heç vaxt lazımi addımları atmayıb. Ikinci halda biz doğrudan da Türkiyə ilə qardaş ölkəyiksə, o zaman bu deyilənlər və yazılanlar nədir? Bu şərhlərin və analizlərin mahiyyəti, funksiyası nədir? Onda niyə Azərbaycan hökuməti sadəcə üzərinə düşəni etmir? Belə görünür ki, hökumətlərin verdikləri qardaşlıq mesajları xalqların münasibətinə adekvat deyil. Biz açıq şəkildə qardaşlıq borcumuzu vermək istəmirikmi?
İlham Əliyev nə etsin?
Rəsmi Bakının durumu sözün həqiqi mənasında çətindir. Təkcə ona görə yox ki, Israillə münasibətlər korlana bilər. Həm də ona görə ki, bu hal belə, Türkiyə ilə yaxşı münasibətlərin yaranmasına səbəb olmaq ümidi yaratmır. Ankara artıq “gözə göz, dişə diş” siyasəti yürütməyə başlayıbsa, Bakı köhnə borclarını vermək üçün uzun vaxt və xeyli enerji sərf etməlidir. Ilham Əliyevin indiki halda vəziyyətdən hansı addımla çıxa biləcəyini demək də çətindir. Ona görə ki, hazırkı tablo qabiliyyətsiz rəssamın rəng qarışdırmasına bənzəyir. Nə rəngləri aydındır, nə çalarları.
Indi biz Israillə münasibətləri korlayaqmı? Yoxsa Türkiyə ilə gərginliyi dərinləşdirəkmi? Bu vəziyyət ona görə yaranıb ki, Azərbaycanın xarici siyasətinin bir sifəti olmayıb. Biz nəinki bir çox hallarda bizimlə müttəfiqlik edən Israillə, hətta milyonlarla soydaşımızın haqqını pozan, milli maraqlarımızı təhdid edən Iranla Türkiyə arasında fərqi göstərməyə çəkinmişik. Bütün bunların hamısını isə Ilham Əliyevin xarici siyasəti ortaya qoyub. Biz öncədən hamıya elan etsəydik ki, Türkiyə bizim üçün birinci ölkə deyil, bizim özümüzük, bizi əzən daşın altına əlini qoyan ölkədir, o zaman indi hər hansı addımımızda bizi qınayan olmazdı. Amma İlham Əliyev Türkiyəni Iranla yanaşı, Rusiyadan milyon kilometrlərlə uzaqda təqdim edib hər zaman. Ona görə də indi çətin duruma düşüb. Hansı dost qardaşı müdafiə etdiyin üçün səni ittiham edə bilər? Yetər ki, qardaşlıq etdiyini ifadə edə biləsən.
Hərçənd ki, Israil də bizim üçün önəmsiz dövlət deyil. Amma Türkiyə də deyil. Azərbaycan hökuməti bu məsələdə Britaniyanın, ABŞ-ın tutduğu mövqeni tutmursa, bu, çox pis haldır. Ona görə də Rəsmi Bakı yaratdığı vəziyyətin məsuliyyətini daşımalıdır. Indi elə bir həssas zamandır ki, biz Türkiyəni müttəfiq kimi itirə bilərik. Amma biz, ümumiyyətlə, Türkiyəni itirə bilmərik, itirməməliyik.
Azadliq