well/Aran agentliyi
Bakı Ağır Cinayətlər Məhkəməsində islamçıların (Azərbaycan İslam Partiyasının (AİP) lideri Mövsüm Səmədov, partiyanın sədr müavini Vaqif Abdullayev, Astara rayon təşkilatının sədri Rufulla Axundzadə, Masallı ruhanisi Fəramiz Abbasov, Mövsüm Səmədovun qohumları Firdovsi Məmmədrzayev və Dəyanət Səmədov, ilahiyyatçı Zülfüqar Mikayılzadə) işi üzrə prosesdə AİP üzvləri şahid ifadəsi verib.
Vəkil Anar Qasımlının “Media forum”a verdiyi məlumata görə, sentyabrın 21-də keçirilən prosesdə 12 şahid istintaqda verdikləri ifadəni təkzib edib. Onlar izahatlarını oxumadan imzaladıqlarını bildiriblər: “Şahidlərdən biri dedi ki, izahat alınan gün onu 8-9 saat gözləməyə məcbur ediblər və yorulduğuna görə izahatı oxumadan imzalayıb. İlkin istintaq zamanı verilən ifadələrdə yazılıb ki, Mövsüm Səmədovun yanvarın 2-də Baş Məclisdə etdiyi çıxışa etiraz ediblər, hətta iclas zalından çıxıblar. Lakin şahidlər məhkəmədə ifadə verərkən Mövsüm Səmədovun həmin çıxışı ilə razı olduqlarını dilə gətiriblər”.
Proses sentyabrın 23-də davam edəcək.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən cinayətə hazırlıq), 28, 214.2.3-cü (odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə cinayətə hazırlıq), 228.3-cü (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) maddələri ilə ittiham olunurlar.
Rufulla Axundzadəyə Cinayət Məcəlləsinin 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınmasına, milli ləyaqətin alçaldılmasına, habelə milli, irqi və ya dini mənsubiyyətindən asılı olaraq vətəndaşların hüquqlarının məhdudlaşdırılmasına və ya üstünlüklərinin müəyyən edilməsinə yönələn hərəkətlər, aşkar surətdə və ya kütləvi informasiya vasitələrindən istifadə olunmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
İslamçıları müdafiə edənlərin fikrincə, bu həbslər siyasi xarakterlidir və əsasən yanvarın 2-də partiyanın Baş Məclisində Mövsüm Səmədovun çıxışı ilə bağlıdır. 2007-ci ildə partiya sədri seçilən Mövsüm Səmədov 2011-ci il yanvarın 2-də Azərbaycan İslam Partiyası Baş Məclisinin iclasında çıxış edərək məktəblərdə hicaba qadağa qoyulmasını kəskin pisləyib və hakimiyyətin ünvanına ittihamlar səsləndirib. Məhəmməd peyğəmbərdən “dinə tərəf bəla gəlsə, canınızı verin, dininizi qurtarın” deyə sitat gətirən AİP lideri Azərbaycan xalqını “ayağa qalxmağa və zalım rejimə son qoymağa” çağırıb.
Mediaforum