Tarix : 2011 Sep 23
Kod 25586

Türkiyədən Əliyevə «əməkdaşlığa son» mesajı

Oqtay Əsədovun Ankaraya dəvət olunmasının pərdəarxası məqamları...
g/Aran xəbər agentliyi

 

Milli Məclisin sədri Oqtay Əsədov Türkiyəyə rəsmi dəvət alıb. Azərbaycan parlamentinin spikerinin bu səfəri bir neçə aspektdən diqqəti çəkir. Əsədovun türkiyəli həmkarının dəvətilə gerçəkləşəcək ziyarətdə nələrin müzakirə ediləcəyi əsas suallardandır. Son günlərin başlıca mövzularından biri Azərbaycan-Türkiyə münasibətləri olduğu üçün səfərin əhəmiyyəti də kifayət qədər böyükdür.
Israil-Türkiyə münasibətlərinin gərginləşməsindən sonra rəsmi Bakının bu mövzuda susması və ya bunu hər hansı ikinci dövlətlə üçüncü arasında məsələ kimi qiymətləndirməsi Türkiyəni Azərbaycan qarşısında açıq tələblər qoymağa vadar etdi. Bununla da əsəblər bir qədər də gərildi. Türkiyə səfirinin Bakını mövqe bildirməyə və Israillə münasibətlərə yenidən baxmağa çağırmasından iki gün əvvəl elə həmin Hulusi Kılıc Azərbaycan və Türkiyə arasında imzalanacaq qaz sazişindən danışırdı. Gündəmin belə tez dəyişməsi də sıradan hadisə ola bilməz.

Nədən danışılacaq?

Əlbəttə, başlıca mövzu Israilə münasibətlərin dəqiqləşməsi olacaq. Daha doğrusu, dəqiqləşməməsi. Azərbaycanın bu məsələdəki əhəmiyyəti onda deyil ki, Bakı ilə Təl-Əvivin münasibətləri gərginləşsə, bu, Israil üçün ciddi iqtisadi nəticələr yarada bilər. Burada söhbət ondan gedir ki, Azərbaycan Israilin müsəlman dünyasında axırıncı müttəfiqidir. Əgər bu münasibətlər də korlansa, Israil dövləti rəsmi radikal klerikallığının ifşasından yaxa qurtara bilməz. Bir dinin bütün daşıyıcılarına qarşı aqressiv mövqe daha ciddi siyasi fəsadlar yarada bilər. Ona görə də Türkiyə Azərbaycandan mövqe bildirməyi və konkret addımlar atmağı tələb edir. Və çox güman ki, bu mövzu Oqtay Əsədovun səfərində ciddi müzakirə olunacaq. Qaz sazişinin ləngiməsi təhlükəsi barədə mediada hər hansı məlumatlar getməsə də, korlanmış münasibətlərin bu prosesə də ciddi zərbə vurduğu şübhəsizdir. Buna görə də ikinci mövzu kimi iki ölkə arasında gözlənilən qaz sazişinin imzalanmasının hazırkı durumu da müzakirə edilə bilər.

PKK - dəbdən düşməyən dərd

Türkiyənin başlıca problemlərindən biri olan PKK məsələsinin Azərbaycandan əhəmiyyətli dərəcədə qidalandığını demək olar ki, hər iki ölkənin mediası və siyasi dairələri köhnəlmiş xəbər sayırlar. Buna baxmayaraq, Azərbaycan indiyə kimi cəmi bir dəfə dövlət başçısının dililə bəyanat verməklə kifayətlənib. Görünür ki, Ilham Əliyevin bu bəyanatından sonra həm Türkiyə, həm də Azərbaycan cəmiyyətinin bu addımı yetərli saymaması və konkret rəsmi qərarın, ondan irəli gələn fəaliyyətin zəruri olduğunu dilə gətirməsi mövzunun yenidən müzakirəsini aktuallaşdıra bilər. Oqtay Əsədovun bu məsələdə səlahiyyətli olmasa da, bilgili olduğu da yəqin ki, Türkiyə siyasi mühitində bilinən gerçəkliklərdəndir.

Niyə Əliyev yox?

Bu sətirlərin müəllifini düşündürən əsas sual isə budur: doğurdanmı Oqtay Əsədovun iki ölkə arasındaki müansibətləri müzakirə etmək üçün faktiki səlahiyyətinin olmadığını Türkiyədə bilmirlər? Yaxud da münasibətlərdəki axsamaları aradan qaldırmaq istəyirlərsə, niyə Ilham Əliyevlə dialoqa cəhd etmirlər? Açıq görünür ki, Türkiyə hökuməti Ilham Əliyevə onun şəxsində Azərbaycanla əməkdaşlığa son qoyduqları mesajını vermək istəyir. Oqtay Əsədovu isə “Azərbaycan dövləti ilə münasibətləri davam etdiririk” eyhamını çatdırmaq üçün dəvət ediblər. Bir müddət öncə yazdığımız kimi, biz artıq Türkiyə ilə münasibətlərin yeni fazasına qədəm qoyduq.

Azadliq

  • Yazılıb
  • da (də) 2011 Sep 23