Tarix : 2011 Sep 28
Kod 25666

Hicab məhbusları azad ediləcək

Prokuror hicab məhbuslarının dərhal buraxılmasını istədi
well/Aran agentliyi

 

Sentyabrın 27-də Nərimanov Rayon Məhkəməsində 6 may aksiyasına görə həbs olunan Əlvan Hüseynov, Rövşən Məmmədov, Nurani Məmmədov, Araz İsmayılov və Rüfət Miriyevin məhkəməsi davam edib. Prokuror Elfaq Səfərov təqsirləndirilən şəxslərə cəza istəyib.

Vəkil Anar Qasımlının “Media forum” saytına verdiyi açıqlamaya görə, dövlət ittihamçısı Araz İsmayılova 4 il, Nurani Məmmədov və Rüfət Miriyevin 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə ilə cəzalandırılmasını istəyib: “Bu gün Azərbaycan məhkəmələrində siyasi işlər üzrə son vaxtlar rastlaşmadığımız hadisə baş verdi. Prokuror yüngülləşdirici halları əsas götürərək hüquqlarını müdafiə etdiyim Əlvan Hüseynovun və Rövşən Məmmədovun 2 il 6 ay müddətinə şərti cəza ilə elə məhkəmə zalından dərhal buraxılmasını istədi”.

Anar Qasımlının sözlərinə görə, növbəti məhkəmə prosesində hakim qərarını açıqlayacaq və o, hüquqlarını müdafiə etdiyi şəxslərin azadlığa buraxılacağına inanır. Proses oktyabrın 4-də davam edəcək. Hicab aksiyası mayın 6-sı Təhsil Nazirliyinin binası qarşısında keçirilib.

Bu aksiyaya görə 15 nəfər cinayət məsuliyyətinə alınaraq həbs edilib. Hüquq mühafizə orqanlarının məlumatına görə, aksiya iştirakçıları 4 şəxsi avtomobilə, bir neçə ictimai-iaşə və ticarət obyektinə ziyan vurublar, 26 polis əməkdaşı xəsarət alıb.

islamazeri.az

  • Yazılıb
  • da (də) 2011 Sep 28