Hakimiyyət rəsmiləri Nardaranda yaranan narazılıqla əlaqədar sentyabrın 27-də qəsəbə ağsaqqalları ilə görüşüb. Məlumatı “Media forum” saytına Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri verib
عادلی/arannews
Hakimiyyət rəsmiləri Nardaranda yaranan narazılıqla əlaqədar sentyabrın 27-də qəsəbə ağsaqqalları ilə görüşüb. Məlumatı “Media forum” saytına Nardaran ağsaqqalı Hacı Hacıağa Nuri verib.
Hacı Hacıağa Nurinin sözlərinə görə, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Bakı Şəhər Prokurorluğunun nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri Maştağaya gedərək Nardaran ağsaqqalları ilə görüşüb: “Bakıelektrikşəbəkə” borcun olduğunu bəhanə edib Nardaranın işıqlarını söndürürdü. Nardaran sakinləri də buna etiraz olaraq yolları bağlamışdı, İmam Hüseyn meydanında aksiya keçirilmişdi. Sentyabrın 27-də isə axşam Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Bakı Şəhər Prokurorluğunun nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri Maştağaya gəldilər, orada görüşdük, ətraflı müzakirələr apardıq. Onlar yolun bağlanmasından narahat olduqlarını dedilər və açılmasını tələb etdilər.
Real vəziyyəti izah etdik, yolların qəsəbəyə işıq verilməməsinə etiraz olaraq bağlandığını dedik, məsələnin birtərəfli formada həll olunmamasını, işıq probleminin də aradan qaldırılmasını istədik. Belə qərara gəldik ki, ağsaqqallar camaatla danışsın, işıqpulu imkan daxilində ödənilsin. Hakimiyyət rəsmiləri də söz verdilər ki, problemin həllinə kömək edəcəklər”.
Hacı Hacıağa Nuri bildirib ki, hakimiyyət rəsmiləri ilə görüşdən sonra işıqlar yanıb və yolları açıblar: “Amma gecə yenə də söndürdülər. Elə bildik ki, yenə də qəsdən söndürüblər. Bu gün səhər maraqlandıq, məlum oldu ki, yüksəkgərginlikli xətdə qəza baş verib, təmir işləri gedir. Təmir başa çatandan sonra işıqlar yanacaq. Biz də qəsəbə sakinləri ilə söhbət aparırıq ki, imkan daxilində ödəniş etsinlər. Hazırda sakitlikdir, yollar da açıqdır”.