well/Aran agentliyi
Nardaran kəndinin bir sutkadan artıqdır ki, elektrik enerjisi kəsilib. Srağagün gecə yarısı saat 01:00-dan kəsilən elektrik enerjisi hələ də bərpa olunmayıb. Bu haqda məlumatı Deyerler.org-a açıqlamasında Nardaran Ağsaqqallar Şurasının sədri Kərbəlayi Natiq Kərimov vermişdir: “Dünənki müzakirələrdən sonra kəndin bu gün tamamilə işıqsız qalması heç başa düşülən deyil. Polis rəisi və icra nümayəndələri ilə görüşdən sonra bütün kənd camaatından və ağsaqqallardan xahiş etdik, bütün yollar açıldı, gediş-gəliş bərpa olundu. Ondan sonra da işıqlarımızı kəsdilər”.
Yol bağlanmasının əleyhinə olduğunu deyən ağsaqqal kənd camaatının xoş məramından sonra qarşı tərəfin belə addım atmasının heç cür anlaşılan olmadığını deyir. “Nə işıq idarəsinin, nə də kənd camaatının əlində dəqiq hesabat yoxdur ki, borcun miqdarı nə qədərdir. Ona görə də vəziyyət qaranlıq olaraq qalır”, - Kərbəlayi N.Kərimov bildirmişdir.
Xatırladaq ki, Nardarandakı sosial etirazlarla bağlı 27 sentyabr 2011-də Bakı şəhər Baş Polis İdarəsinin rəisi polis general-mayoru Rafiq Abbasov və Sabunçu RİB-nın müavinləri Maştağa qəsəbində iclas keçirmiş, kənd ağsaqqalı Hacı Hacıağa Nuri ilə vəziyyəti müzakirə etmişdilər.
Qeyd edək ki, sentyabrın 26-dan Nardaran sakinləri qəsəbədəki bütün yolları bağlayıblar. Onlar elektrik enerjisinin kəsilməsinə etiraz edirlər. Kənddə işıq sayğaclar quraşdırılmazdan əvvəl yaranan borclarla əlaqədar kəsilib.
Deyerler