Tarix : 2011 Sep 29
Kod 25702

Azərbaycan Respublikasında müstəqil məhkəmə sistemi varmı?

Azərbaycan Respublikasında islamçılar azad məhkəmə sisteminin olmamasından şikayətlənirlər
well/Aran agentliyi

 

Azərbaycan Respublikasında islamçılar azad məhkəmə sisteminin olmamasından şikayətlənirlər.

“Ümumiyyətlə, Azərbaycanda azad məhkəmə sistemi olmadığından mən ruhanilərin məhkəməsindən heç də ədalətli qərar gözləmirəm”.

Bu sözləri Birlik.az saytına İslamçıların Hüquqlarının Müdafiə Komitəsinin sədri Natiq Kərimov ruhanilərin məhkəməsi ilə bağlı sualları cavablandırarkən bildirib.

Natiq Kərimov qeyd edib ki, ruhanilərlə yanaşı, 2 aprel mitinqində həbs edilmiş vicdan məhbuslarının məhkəməsi də islamçıların məhkəməsi kimi eyni ssenari üzrə keçirilir.

Onun sözlərinə görə, ruhanilərin axırıncı məhkəməsində şahidlərin verdiyi ifadələrdə açıq-aşkar görünür ki, ruhanilərə atılan, böhtandan başqa bir şey deyil. Ümumiyyətlə, boş kağıza qol çəkdirib, sonra kiminsə adından izahat yazmaq o deməkdir ki, burada hüquq yoxdur. Bu açıq açkar sifarişlə həyata keçirilən oyundur.

Müşahidələr göstərir ki, Azərbaycan Respublikasında vətəndaşın ən çox narazı olduğu sistemlərdən biri də məhkəmələrdir. Hakimlərin rüşvətlə, sifarişlə qərar çıxarması haqda çoxsaylı ittihamlar var. Hüquq Maarifçiliyi Cəmiyyətinin prezidenti, tanınmış vəkil İntiqam Əliyevin fikrincə, əgər prokuror və ya müdafiə tərəfi adi bir insanı müdafiə və ya ittiham etdiyi şəxsin təqsirkar, yaxud da təqsirsiz olmamasına inandıra bilmirsə, deməli, o, ittihamı duz qurmayıb, yetərincə sübutlar toplamayıb, ya da müdafiəni yaxşı qurmayıb, yetərincə sübutlar toplamayıb. Bu səbəbdən Azərbaycan R-da məhkəmələrin peşəkarlığı ciddi iradlar doğurur, məhkəmə sistemi tamamilə icra hakimiyyətindən asılıdır. Buna görə də hakimlərə çox vaxt nəyi deyirlərsə, ona uyğun da hökm çıxarılır. Pul da alıb hökm çıxarırlar. İndi prokurorun bir çıxışı yetərlidir ki, şəxsi təqsirkar kimi tutsunlar. Amma o prosesdə adi adamlar olsa, artıq onları inandırmaq lazım gələcək.

Maraqlıdır ki, dindarlara təzyiqlər paralel olaraq onların hüquqlarını məhkəmələrdə qorumağa çalışan vəkillərə qarşı da yönəlib. Vəkillər Kollegiyası isə prokurorluqdan gələn tələblərin icrası ilə məşğul olur. Artıq bir vəkilə qarşı cəza tədbiri görülüb, digərinə cinayət işi açılıb.

Vətəndaşların mülkiyyət hüquqları da kütləvi şəkildə pozulur. İnsanlar şikayət etməyə ünvan tapa bilmir, hökumət rəsmiləri isə bir-birinin ardınca dağıdıcı qərarları verməkdə davam edir. Bu vəziyyət ölkəni hara aparır? Azərbaycan Hüquqçular Assosiasiyasının prezidenti Ənnağı Hacıbəyli bildirirki, təqsirləndirilən şəxslərin onlara verilən ittihamlarda əməlləri kifayət qədər sübut olunmur. Amma məhkəmələr ittiham hökmləri çıxararaq bu insanları müxtəlif müddətlərə azadlıqdan mərhum edirlər. Bu məhkəmə prosesləri sifarişlidir, hökmlər qərəzlidir və sadəcə sərbəst toplaşmaq azadlığının qarşısını almağa, nəyin bahasına olursa-olsun hakimiyyətin qorunub saxlanmasına xidmət edir. Bir sözlə məhkəmə sistemi azad, sərbəst deyil və ədalətli qərar çıxarmaq imkanından mərhumdur. 10 il əvvəlki işlərlə indikilər arasında ciddi fərq yoxdur. Yəni məhkəmələrin fəaliyyəti, təqsirləndirilən şəxslərin hüquqlarına münasibətin önəmli fərqini görünmür. Həmin sifarişlərdir, həmin qərarlardır. Məhkəmələrdə işlərə baxılması, araşdırmalar, sübutların qiymətləndirilməsində müsbət mənada irəliləyiş yoxdur. Belə bir vəziyyətdə əksər vəkillər siyasi motivlərlə həbs olunan insanları müdafiə etməkdən imtina edirlər. Çünki bu hakimiyyətlə, Vəkillər Kollegiyasının rəhbərliyi ilə konfliktə getmək deməkdir. Artıq müstəqil vəkil statusuna iddia edəcək adamların sayı barmaqla sayıla biləcək qədər azalıb. Bunun da səbəbləri çoxdur. Əsas səbəblərdən biri azad və müstəqil məhkəmə sisteminin olmamasıdır. Vəkillər Kollegiyasının özü istintaq orqanlarının yedəyində gedir, müstəqil sayılan vəkillər haqqında oradan gələn təqdimatları təmin edir. Vəkillər Kollegiyası öz haqlı üzvlərini müdafiə etmək əvəzinə onları cəzalandırmaqla məşğuldur. Bu da son nəticədə sərbəst vəkillərin sayının azalmasına gətirib çıxarır. Qaldı ki, müstəqil hakimlərin olmaması. Bunun da səbəbləri də çoxdur. Hakim korpusunun seçim qaydaları, siyasi mülahizələr, icra hakimiyyətinin məhkəmə hakimiyyəti üzərində şəriksiz hakimiyyəti Azərbaycanda müstəqil hakim institutunun formalaşmasına imkan vermir. Təbii ki, burda şəxsiyyət problemi də var. Bu gün məhkəmə sistemində hakimiyyətin xoşuna gəlməyən qərar çıxarmaq iqtidarında olan hakim yoxdur. Bu, təəssüfləndirici hal olmaqla bərabər məhkəmə sisteminin tam deqradasiyaya uğradığını göstərən faktdır. Bununla da kütləvi qanunsuzluq son nəticədə daha pis hadisələrin baş verməsinə, kütləvi narazılığa səbəb olur.

  • Yazılıb
  • da (də) 2011 Sep 29