Hacı Mövsüm yox. Doktor Mövsüm Səmədov. Azərbaycan İslam Partiyasının sədri
well/Aran agentliyi
Bu yaxınlarda mən də jurnalist kimi onların məhkəməsini işıqlandırmaq üçün məhkəmədə idim. Hakim Eldar İsmayılov məhkəmədə fasilə elan etdi. Məhkəmə binası qarşısında həmişə olduğu kimi öz telefonumla qurdalanırdım. Bu zaman bir nəfər mənə yaxınlaşdı. Gülümsəyərək dedi: "Bir neçə dəfə səni məhkəmədə görmüşəm. Sənə bir şəkil göndərim onu işıqlandır."Açığı mənə qəribə gəldi ki, axı şəkili necə işıqlandırım. Nə isə göndər dedim. Şəkilə işə gələndə baxdım. Öz-özümə dedim bu şəkilə bir neçə cümlə cızma-qara etməsəm, ən azından jurnalistlik hissimə zidd addım atmış olaram. Yazmağa başladım. Bunu əvvəldə qeyd edim ki, şəkil Azərbaycan hakimiyyətinin daxili siyasətinin analoqsuz təcəssümüdür. İndi görün nə qədər bu kimi körpələr hər gün həbsaxanaların, məhkəmələrin qarşısında gözü yaşlı - daxilən nalə edirlər. Əlbəttə söhbət cinayətkardan getmir. Siyasi əqidəsinin qurbanı olanlardan, düşmən bostanına daş atıb, dəmir barmaqlıqlar arxasında olanlardan gedir. Bu şəkilə baxdıqda məndə formalaşan ilk fikir idi. Çünki hamımız bilirik ki, Doktor Mövsüm Səmədov, hakimiyyətin apardığı müqayisəsiz daxili və xarici siyasəti tənqid etdiyi üçün həbs edilib. Bu elə də "mühüm" deyil. Mənə elə gəlir bu gözü yaşlı qızcığaz tək deyil. Ona yoldaşlıq edənlər çoxdur. Bu qızcığazın timsalında Arif Hacılı, Tural Abbaslı, Abgül Süleymanov, Ramin Bayramov, Nemət Pənahlı, Şahin Həsənli, Vidadi İsgəndərli, Fəxri İlyasov, Azər Cəbiyevin və.s saymaqla qurtarmaz, övladları həbsxanalar önündə boynu büküklüdürlər. Təbii ki, bu biz qəbullandığımız hazırki rejimin bəxş etdiyi "yüksək səviyyəli" həyatın görünməyən tərəfidir. Yaşadıqlarımızda və çəkdiklərimizdə qisməndə olsa, biz də günahkarıq. Yəqin nə demək istədiyimi hamımız anladıq.Amma fotoya 3D formatında baxanda tamam başqa təəssüratlara qapılır insan. Sanki qızcığaz deyir ki, axı atam can həkimi idi. O insanlara şəfa bəxş edirdi. Mənim atam insalarlaın maariflənməsində əlindən gələni edirdi. Axı o məndən sevgi və nəvazişi heç vaxt əskik etmirdi. İndi onsuz mənə yay gecələridə soyuqdur. Çünki, onun isti nəfəsi üzərimdə deyil. Amma gecələr mənə gəlib baş çəkir deyir "qızım narahat olma mənim sənin və cəmiyyətin azadlığına az qalıb. Sənin bu acı dolu yaşadıqlarının tarixə qovuşmasına az qalıb. Sənin timsalında olan balalarımız artıq həbsaxana qarşısında "ata", - deyə sızıldamaycaq. Sizlər bundan sonra Azərbaycanın gələcəyini təmin edəcəksiniz.""Atacan mən bu həbsaxanın qarşısında gözü yaşlı, qəlbi sınıq, əlim açıq şəkildə sənin yolunu gözləyirəm. Gəl! Atacan, gəl əlimdən tut və məni yuxuda dediyin azadlığa qovuşdur."
P.S. Diqqətinizə çatdırım ki, Doktor Mövsüm Səmədov Azərbaycan hakimiyyətini sərt tənqidi ilə yadda qalmışdı. Mövsüm bəy, sən demə həm də qayğıkeş ata, istedadlı həkim, savadlı zabit və böyük dini alim imiş. Maraqlı burasındadır ki, tanınmış müxalifət liderləri o cümlədən Əli Kərimli, İsa Qəmbər Səmədovu dəstəkləyərək onun məhz siyasi iradəsi və xalqın müdafiəsinə qalxdığı üçün həbs olunduğunu bildirsələrdə, amma nədənsə bir çox müxalifətə mənsub medialar həbsə atılan digər müxalif dustaqlardan fərqləndirirlər.
Tural Həsənli