Rəbbimiz istəyir ki, yaratdığı bəndələr mənəm-mənəm deyib nəfsinə qul olmasın, kamala yetişsin...
well/Aran agentliyi
Rəhman və Rəhim Allahın adı ilə.
Rəbbimiz istəyir ki, yaratdığı bəndələr mənəm-mənəm deyib nəfsinə qul olmasın, kamala yetişsin. Sizlər o kamala yetişmək üçün şərait yaratdınızmı?
Ölkənin gələcəyi olan cavanların yolu fəsad mərkəzlərindən keçsin deyə məscidlər sökülür,əxlaqsızlıq adiləşsin deyə iffətə ləkələr vurulur, hicaba qadağa qoyulur. Belə bir şəraitin qurbanı olan cavan nə bilər xeyir-şər nədir? Yaxşı-pis, zülm-zor nədir? Nəticə alırıq ki, narkotika, fəsad, əxlaqsızlıq, hakimiyyətin adi işlərinə məddahlıq dəbə düşdükcə, mənəviyyata əngəl daha ciddi şəkil alır. Belə məlum olur ki, sistem hesablanmış mərkəzlərdən idarə olunur. İllərlə dinlədiyimiz çıxışlarda mənəviyyat bir mövzu olaraq yada düşübmü? Dəbdəbə və zənginlikdən dəm vuranlar fəqət kasıbların hisslərinə istehza ediblər. Hanı ölkədə ucuzlaşmış xammal? İşlə təmin olunmuş kiçik bir hissənin əmək haqqının artırılmasının, inhisarda olan və saatdan-saata artan daxili bazar qiymətləri ilə muqayisədə təhqirdən başqa bir şey olmadığı məlum olur. Hanı işsizlərə ayrılan imtiyazlar? Təhlilinə vardığımız siyasət isə dağıdılmış iqdisadiyyatdan diqqəti yayındırmaq məqsədi güddüyündən mənəvi dəyərlərin müdafiəsinə qalxanlar narkotika alverçisi, qeyri-qanuni silah daşıyıcısı olur və s. Amma tarix göstərir ki, haqsız olaraq hüquqlar qəsb edib, həbs etməyin ləyaqətli nəticələri də çox olur. Fitrətin öz qüruruna yiyə durmaq istəyi ideyalar yaradır, onun vaxtı yetişəndə fiziki aləmdə bütün qüdrətlərdən yuxarıda durub onların taleyini təyin edir.
İşgəncə və hədələrlə müşayiət olunan istintaq, saxta ittihamlarda məqsəd nöqsanlarla dolu hərc-mərclikdən ibarət məmurların hakimiyyətini uzatmaqdır. Ola bilsin ki, bu qeyri-təbii sabitlik yaratsın. Qeyri-təbii sakitlik, qətiyyətli və dönməz üzü olan ümüdsizliyə hamilə olur. Onun dözüm duası nifrinlə başlanır və böyük partlayışa səbəb olur. Onda daha heç bir güc strukturları bu partlayışın qarşısını ala bilməz.
Mübariz Ruhanilər Cəmiyyəti yuxarıda qeyd olunmuş bütün fikirləri nəzərdə tutmaqla Azərbaycan iqtidarına üz tutub onun yazdığı qara səhifələri, 20% torpaqları işğal altında olan ümüdsiz xalqımızın zehnindən silmək üçün həbsdə olan bütün vicdan, hicab məhbuslarını azadlığa buraxılmasını məsləhət görür. O səbəbdən ki, MRC Azərbaycanın müstəqilliyi və xalqın qayğısına qalan, milli-mənəvi dəyərləri qoruyan bir hakimiyyəti dəstəkləyir və iqtidara da bu növ hakimiyyət arzulayır. Amma bu məsələyə də toxunur ki, əziz qardaşlarımızın zindanda olması bizi təəssüfə vadar etmir, əksinə bizim birliyimizə və onları həbs edənlərin rüsvayçılığına səbəb olur. Həqiqətən Fironların zindanlarında yetişən Yusuflər dönüb o xalqın əzizi və rəhbəri olurlar. Biz o günü təsəvvür edirik ki, zalimlər məhbus qardaşlarımızın muqabilində diz çöküb və qardaşlarımızdan üzr istəyib onların qarşısında baş əyəcəklər. Necə ki, Yusuf peyğəmbəri dərin quyuya atanlar və onun həbsinə səbəb olanlar, ona böhtan atanlar nəhayət Allah peyğəmbərinin qarşısında səcdəyə düşüb bu ayəni oxudular. “Allaha and olsun ki, Allah səni seçərək bizdən üstün etmişdir və biz doğrudan da əskik, səhv və xətəkarlardanıq” (Yusuf surəsi, ayə 90) Həqiqətən, Allahın vədəsi sizləri də gözləyir.
Hicab.org
MRC mətbuat xidməti