Tarix : 2011 Oct 03
Kod 25763

Azərbaycan şəhidinin halvası

Azərbaycan xalqının 20-illlik problemi olan, lakin bu problemi görməzdən gələn Azərbaycan xalqının problemindən danışmaq istəyirik
well/Aran agentliyi

 

Azərbaycan xalqının 20-illlik problemi olan, lakin bu problemi görməzdən gələn Azərbaycan xalqının problemindən danışmaq istəyirik.

Hamı 20 ildir Qarabağ probleminin həlli yolunda “çıxış yolu” axtarır. Və indi mən də başlasam çıxış yolları göstərməyə, bu zaman 20-illik problemə görməzdən gələnlərdən birinə çevrilərəm.

Azərbaycan xalqına bir neçə sualımız olacaq. Biz Azərbaycan əsgəri üçün halva bişirib, qonşulara paylamışıqmı nə vaxtsa?

Bizim böyük problemimiz əldə olan imkanlardan doğru-dürüst istifadə etməməyimiz də deyilmi?

Bəlkə problemin həll ola biməməsi bizim milli-mənəvi kökümüzdən gələn və ata-bablarımızın ənənəsi olan yas mərasimini hər gün səngərdə şəhid olan Azərbaycan şəhidləri üçün saxlamamağımızdadır?

Hər gün televizordan, virtual aləmdən hər səhər başında saatlarla oturduğumuz sosial şəbəkələrdə oxuduğumuz eşitdiyimiz bu xəbər bizi hərəkətə gətirmir?

 “Bu gün erməni caniləri ilə atışmada bir əsgərimiz də şəhid oldu”.

Əgər bu bizim şəhidimiz deyilsə və ayrı ölkənin şəhididirsə, bu zaman mən Azərbaycan vətəndaşlarını içində özüm də daxil olmaq şərtilə təbrik edirəm. Çünki ayrı bir ölkədə şəhid düşmüş kimi aparırırq özümüzü öz ölkəmizdəki şəhidlərimizə qarşı.

Hər bir Azərbaycan xalqının vətəndaşı bu xəbəri eşidəndə əgər özünə sual ünvanlamasa ki, “bu gün mən Azərbaycanın şəhid olmuş və mənim qardaşım, oğlum, əmim üçün nə edim”, bu zaman daha bir neçə 20-illiklərə hazır olaq.

Bəli, indi bəzilərinin fikrinə nəhəng fikirlər gəlir.

Məsələn, “bunun üçün gərək dövlət səviyyəsində işlər görülsün” fikirləşənlər az deyil. “Əgər tədbir olsa, o zaman mən gedərəm, o tədbirdə əyləşərəm”. “Daha gəlmişəm deyib, bir neçə göz yaşı da tökərəm”. “Amma mən özüm nə edə bilərəm ki?!” sualını verəndən sonra artıq fikirləşirik ki, bəli, bu, iş çox pis işdi. Bəli, gərək şəhid düşməyərdi səngərdə. Amma mənlik deyil…

 

Bəs bir halva çalmaqdamı bizlik deyil?

Gəlin ən sadələrindən başlayaq. Bu xəbəri eşidəndə bir qazan halva çalaq. Sonra bu halvanı qablara qoyaq və qonşularımıza paylayaq. “Bu nə münasibətlədir?” sualında mən ən azından deyərdim ki, bu, bu gün şəhid olmuş Azərbaycan şəhidinin halvasıdır.

Bəli, mən razıyam bunu bəlkə də bu gün barmaqla sayılası adam edəcək. Amma gəlin bir riyazi hesab aparaq.

Bir kəs halva çalıb, beş qonşusuna versə və izah etsə. O, beş qonşudan ikisi bunu fikirləşib o da bu işi görsə, bir zamandan sonra görün nə qədər Azərbaycan şəhidlərinə ən azında gündəmdə olanlara yas saxlayan, onları yad edən tapılacaq?

Bəlkə də elə 20-illik mübarizənin, danışıqların heç bir nəticə verməməsi bu xırda mədəniyyətlərin olmamasından qaynaqlanır. Bəlkə xalq istəkdən icraetmə funksiyasına keçid etməməsindən qaynaqlanır?

Gəlin bir həqiqəti boynumuza dürüstlüklə alaq. Biz işğal altında olan torpaqlarımızın qaytarılması üçün heç bir iş görməmişik. Biz sadəcə 20 ildir ki, bütün dünyaya “şou” göstərmişik. Çünki artıq məcburi köçkünlər əgər “Dağlıq Qarabağ problemi ətrafında müzakirələr davam edir” cümləsindən bezara gəliblərsə, deməli haradasa bünövrənin daşları düz qoyulmayıb.

Bu sadəcə xaricdən faciəyə bir nəzər salmağa bənziyir. 20 ildir ki, biz məhz belə edirik. Bunun belə görülməsi üçün boğazdan yuxarı bəzi bu işi “həll olmasını” istəyən və bunu da ailəsini dolandırmaq üçün edən məmurların ayrılması ilə davam etsək, onda heç tələsməyək, bir neçə 20-illiklər bizi gözləyir deməli.

Amma biz xalq olaraq, millət olaraq həqiqətən bu işi istəyiriksə, gəlin o zaman ən azından Azərbaycan şəhidi üçün bir qazan halva çalaq. Və ən azından bir neçə dəqiqəlik işğal altında olan torpaqlarımızı yad edək…

Müntəzir/Deyerler

  

  • Yazılıb
  • da (də) 2011 Oct 03