Tarix : 2011 Oct 04
Kod 25780

“Hakimiyyət ya dəyişməli, ya da...” – BƏYANAT

Müsavat partiyası 2 aprel məhbuslarına kəsilən cəzaya etiraz əlaməti olaraq bəyanat verib
well/Aran agentliyi

 

Partiyanın mətbuat xidmətindən 24saat.az-a daxil olan bəyantda bildirirlir ki, bu gün Səbail rayon məhkəməsində 02 aprel mitinqi ilə bağlı uydurma ittihamlarla həbs olunan Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılıya, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslıya, AXCP Təşkilat şöbəsinin müdiri Məhəmməd Məcidliyə, AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya hökm oxunub.
Arif Hacılıya, Tural Abbaslıya və Məhəmməd Məcidliyə 2 il 6 ay azadlıqdan məhrumetmə, Fuad Qəhrəmanlıya isə 2 il şərti cəzası verilib. Məhkəmənin bu özbaşınalığı bir daha göstərir ki, ölkədə hüquq sistemi tamamilə iflasa uğrayıb və birbaşa İcra Hakimiyyətinin sifarişlərini yerinə yetirir. Çünki, məhkəmənin gedişində təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların heç biri öz təsdiqini tapmayıb.
Bu cinayət işi əslində ölkədə başlayan azadlıq və demokratiya uğrunda yeni dalğanın boğulması, həbs və təqiblərlə cəmiyyətdə xof atmosferinin qorunmasına xidmət edir. Lakin iqtidar bilməlidir ki, həbs, repressiya və təzyiqlərlə insanların azadlıq istəyini boğa bilməyəcək. Öz səriştəsiz, xalqa zidd siyasəti ilə Azərbaycanı hər sahədə dərin böhrana sürükləmiş bu hakimiyyət ya dəyişməli, islahatlara getməli, ya da siyasi səhnəni birdəfəlik tərk etməlidir.
Müsavat Partiyası bu həbsləri azadlıqsevər insanlara qarşı yönəlmiş Stalinsayağı yeni bir repressiya aktı kimi qiymətləndirir, həbs olunanların dərhal azadlığa buraxılmasını tələb edir.
Biz habelə ölkə ictimaiyyətinə, ziyalılara, eləcə də beynəlxalq ictimaiyyətə müraciət edərək bu özbaşınalığa son qoyulması üçün azadlıqsevər insanlara dəstək olmağa çağırırıq”.

 
  • Yazılıb
  • da (də) 2011 Oct 04