Kəramət, mərhəmət və bağışlanmaqla dolu zil-qədə ayı Haqq-Taalaya tərəf dönməkdən ötrü yeni bir fürsətdir
well/Aran agentliyi
Bismillahir-rəhmanir-rəhim!
Kəramət, mərhəmət və bağışlanmaqla dolu zil-qədə ayı Haqq-Taalaya tərəf dönməkdən ötrü yeni bir fürsətdir. Allah-Taalanın (döyüş və sair işlərin xüsusi) haram elan etmiş olduğu dörd aydan birinə yəni, zil-qədə ayına qədəm qoymuşuq. Bu mərhəmətli ay iki bacı-qadaş yəni, İmam Rza (ə) və bacısı həzrət Məsumənin (s) doğum günləri ilə bəzənmişdir.
Bu aya təsadüf edən hadisələrdən biri də ilk dəfə yer üzünün Kəbə evinin altında su üzünə çıxması yəni, Dəhvul-ərz gününə təsadüf etməsidir. Bu da sözün əsl mənasında ilahi rəhmətin və lütfün yer üzündə Öz bəndələrinə aid olmasıdır. Digər bir rəvayətə görə bu ay, ən çətin zamanlarda duaların qəbul olunduğu və cavab verildiyi aydır. Bunların hamısı Allah-Taalanın varlıqlara olan sonsuz rəhmət və mərhəmətinin nişanələridir.
Həzrət Adəmin (ə) övladları olan biz insanlar həmişə izzət, ehtiram, kəramət, var-dövlət və məqam ardıncayıq. Qeyd olunmuş bütün bu məqamları əldə etməyin yeganə yolu yalnız, Allah-Taalaya bəndəçilik etməklə mümkündür. Bunun əksini düşünmək mümkün deyildir çünki, yalnız Allah-Taala Öz saleh bəndələrinə belə mühüm məqamları əta edər. Allah-Taala, Qurani-Kərimdə buyurur: “Şübhəsiz ki, (izzət və) qüdrət tamamilə Allaha məxsusdur!” (Nisa surəsi 139) Digər bir ayədə isə buyurur: “Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə (heç nəyə, o cümlədən sizin ibadətinizə) möhtac deyildir. O (hər cür) şükrə (tərifə) layiqdir!” (Fatir surəsi, 15) Aləmlərin Rəbbinə bəndə olmaqdan boyun qaçıraraq, başqa yollarla o məqamlara nail olmaq istəyənlərə Allah-Taala belə buyurur: “Odur Allah. Ondan başqa heç bir tanrı yoxdur. Dünyada da, axirətdə də həmd-səna Ona məxsusdur. Hökm Onundur. Siz Onun hüzuruna qaytarılacaqsınız!” (Qəsəs surəsi, 70)
Allah-Taala bəndələrinin günahkar olduqlarını bilir və buna görə də həmişə onlara tövbə etmək fürsəti verməkdədəir. Keçmiş ümmətlərdə olduğu kimi pak insanları, yollarını itirmiş insanlara tərəf göndərərək dəlilini tamamlayır. Bu ilahi qanun, həzrət Adəm peyğəmbərin (ə) yarandığı gündən bu günə kimi davam etməkdədir. Belə ilahi qanunun müasir həyatımızda bariz nümunələrindən birini də Azərbaycanda müşahidə etməkdəyik. Allaha bəndə olmaqdan boyun qaçıran bir dəstə insanlar, əziz və məqamları böyük olan bir müsəlman xalqa rəhbərlik edirlər. Amma, vəzifələrini düzgün yerinə yetirmədikləri üçün eyni xalqın içində yetişmiş, qeyrətli və imanlı digər bir dəstə insan isə birinci insanların zülm və səhvlərini islah etməkdən ötrü onlara qarşı öz etiraz sözləri ilə ayağa qalxmışlar. Mənfəətlərinin təhlükəyə düşdüyünü görən rəhbərlər, onlara qarşı çıxan bu pak və qeyrətli insanları müxtəlif bəhanə və şərlərlə həbs edərək zindanlara atmışlar. Bu yaşananlara təpki olaraq mən hələlik sadəcə bunu deyə bilərəm: Ey kimin bəndəsi olduğunu unudan və kimin bəndələrinə rəhbərlik etdiyindən qəflətdə qalan cənab Prezident! Və ey onun qulluğunda duran məmurlar!
Bu günə kimi bu yaşanan haqsızlıqlara səbr edən xalqın səbri, onun qorxaqlığından deyil, böyüklüyündəndir! Amma, xalq bu günahsız insanların bəraət qazanıb azadlığa çıxması hökmünün yerinə, onları haqsız həbs etdiklərinizi eşitsələr, onların sizə olan inamı tamamilə aradan gedəcəkdir və ondan sonra baş verəcək hadisələrin məsulu yalnız, siz olacaqsınız.
Cənab Prezident! Siz çox yaxşı bilirsiniz ki, sizə və sizin məmurlarınıza etiraz edən bu pak və qeyrətli insanlar, sizin prezident olarkən əl basdığınız müqəddəs Quranın elmlərini öyrənən və bu xalqın övladlarıdır. Onlar, daha öncə də sizinlə şəxsi düşmənçiliklərinin olmadıqlarını müxtəlif yollarla bildirmişdilər. Hətta, indiki halları ilə də bunu sizə aşkar şəkildə göstərməkdədirlər. Amma, heç bir əsası olmadan, töhmətlə, böhtanla və yalançı şahidlərlə haqq sözü eşitməyə dözümsüzlük göstərmənizlə Allah və xalq yanında nə qədər mənfur və aciz olduğunuzu göstərirsiniz.
Mən bilmədim ki, siz hansı xalqa xidmət edirsiniz?! Bakıda yəhudi şagird və tələbələrin öz istədikləri geyimləri ilə məktəblərə gedə bilməsinə icazə verərək, məktəblərinin açılışına gedib, onların sizin ölkədə yaşadıqları üçün fəxr etdiyinizi açıqladığınız xalqa, yoxsa, öz etiqadına uyğun bir şəkildə hicablı oxumasına icazə vermədiyiniz şagirdərin xalqına!?
Ölkənizdə yaşayan az sayda yəhudi senoqoqlarına bir söz demədiyiniz halda, müqəddəs məscidlərin sökülməsinə göstəriş verib, məscidi məhkəməyə verdiyiniz müsəlman xalqamı rəhbərlik edirsiniz!?
Avropa məhkəməsi onu Fələstində etdiyi hərbi cinayətkarlığına görə tutsa, hərbi tribunaya verəcəyini bildirən halda, onu Bakıda yüksək səviyyəli şəkildə qarşılayaraq ehtiram qoyub qonaq etdiyniz, Ehud Olmertin xalqınamı rəhbərlik edirsiniz!?
Yoxsa, haqq sözü dediyi və vətənin xoşbəxtliyini istədiyi üçün yalandan şərlənərək həbs olunmuşların və iş kəsmək istədiyiniz kəslərin xalqına rəhbərlik edirsiniz!?
İbrət götürmək istəyirsinizsə, Quranda adı çəkilən fironları, qarunları və nəmrudların aqibətinə bir baxın! Qurana inanmırsınızsa, heç olmasa müasir dövrümüzdə yaşayan və öz xalqını qıran diktatorların sonuna bir baxın!
Öz xalqın və başqa ölkələrin xalqlarını qıran Səddamın sonu necə oldu? Qırx ildən çox öz xalqına diktatorluq edən, Mübarəkin aqibəti necə oldu? Biri dar ağacına getmədimi, digəri isə ölüm qəfəsinə girmədimi?! Biliniz ki, bu əməllərinizlə xalqın kin və nifrətini oyatmaqdan başqa bir şey etmirsiniz!
Bu gün güc, qüdrət və qanun müvəqqəti olaraq, sizin üçün xidmət edə bilər, amma tarixdə şahid olduğu kimi bu belə davam edəcəyi anlamına gəlməz. Çox yaxında bu əziz, qeyrətli və mömin xalq sizləri lazım olduğunuz yerinizə oturdacaq! Axirətdə isə sizləri ağrılı əzablar gözləryir! Əlbəttə, bütün bunların hamısı ancaq sizlərin tutduğunuz bu haqsız yolu davam etdirdiyiniz və tövbə etmədiyiniz halda sizə aid olacaqdır!
Hidayət yoluna tabe olanlara salam olsun!
Məhəmməd Mustafa
2011-10-06