Tarix : 2011 Oct 08
Kod 25850

İslamçılarla Müxalifət arasında...

well/Aran agentliyi

 

İslamda kəmiyyət, çoxluq heç zaman haqq-ədalət və güc meyarı olmayıb. Bir islamçı dövrün axınında özünü itirib meydandakı çoxluğu dilə gətirərək öyünsə, Qurani-Kərimin bu mövzuda bəyanatlarını və Kərbəla vaqiəsini yada salsa yetər. Yetər ki, bir qrup aşiqi nəhəng ordu qarşısında, bir ədalət carçısını dövlət aparatı önündə aciz görməsin. İslamçı çoxluqla öyünmür, çoxluqdan qorxmur. Belə düşünməyən müsəlman öz əqidəsini yenidən nəzərdən keçirməli, şəhadət dərəcəsinin ən yüksək dərəcə kimi dəyərləndirilməsinin sirrini anlamağa çalışmalıdır. Əkrəm Əylisli adlı mövcud Azərbaycan məkanında dindarların bir Allahu-əkbərlə meydanı doldurduğunu hökumət və müxalifətin gözünə çəkib, dindarların hakimiyyətə gəlmək şansını milli faciə kimi dəyərləndirdi. İslam dünyagörüşünə sahib olmayanların sayı, boyu, çəkisi, bir sözlə fiziki parametrləri hər şeydən öndə görməsi təəcüblü deyil, necə Əkrəm Əylislinin kompartiya üzvü olmaq arzusu adi sayılır. Bu yazının mövzusu nə Əylislidir, nə də kompartiya təfəkkürü. Azərbaycanımızı hədələyən təhlükəli tendensiya yaşanmaqdadır: müxalifətlə islamçılar qarşı-qarşıya qoyulur. Müxalifətçi və islamçılardan başqalarının bu arada quyu qazması təbiidir. Çünki milli birlik yaransa, super güclər və onlara bağlı kəşfiyyat idarələrinin Azərbaycan hakimiyyətinə təsir mexanizmləri əldən çıxır. Hazırda müxalifət qərbə, islamçılar İran, Türkiyə, Ərəbistana bağlılıqda qaralanır. Dəyərlərə bağlılıq casusluq, vətən xainliyi kimi təqdim olunur. Müxalifətin qərbin demokratik dəyərlərinə, islamçıların şərqin dini dəyərlərinə bağlılığında təəccüblü heç nə yoxdur. Amma demokratik və islami dəyərləri öz kübar həyatına əngəl görənlər bilərəkdən xəyanət mövzusunu ortaya çəkir, eyni zamanda müxalifətlə islamçılar arasında yaxınlaşma, ittifaqa qarşı ciddi maneələr yaradır.

Bir sürü arasında həmişə ayıqlığını itirənlər ovlanır. İstər müxalifət, istər islamçılar arasında tora düşənlər az deyil. Onlar həqiqi müxalifət, həqiqi islamçı olmadığı kimi həqiqi müxalifət-islamçı ittifaqının da faydalarını görə bilmirlər. Bir qrup islamçı müxalifəti, bir qrup müxalifətçi islamçıları yad dəyərlərin daşıyıcısı sayır. Belə bir fakt var. Amma bu əksəriyyət təşkil etmir və ideoloji xətdən yayınmanın təzahürüdür. Özünü Qərb dövlətlərinə təslim etmiş müxalifətçilər olduğu kimi, özünü Şərqə təslim etmiş islamçılar da var. Belələri əqidənin dövlətlərə yox, dəyərlərə bağlı olduğunu unudurlar.

Azərbaycanda klan hakimiyyətidir. Bir qarın ruzi üçün yaşamaq məcburiyyətində qalan xalq fəallığını itirib. Hətta ərəb inqilablarından sonra Azərbaycanda davam edən “göl sükutu” sübut etdi ki, diktator, korrupsioner hakimiyyətdən qurtuluşun yeni yolları düşünülməlidir. Yol çoxdur. Onlardan hər biri müxalifət-islamçı ittifaqını zəruri edir.

Azərbaycanda ən qısa müddətdə bu ittifaqın yaranması üçün danışıqlar başlamalıdır. Çünki bunu hakimiyyət, Azərbaycanın varlığına yem kimi baxanlar istəmir. Çünki biz həmişə ağlımızın yox, istəklərimizin əsiri olmuşuq. Bir islamçı, bir müxalifətçi istəməsə belə danışıqlara start verilməlidir!

Müxalifət hakimiyyətə gəlmək istəyir. Burada islamçı üçün qorxulu nə var? Qorxulu odur ki, hakimiyyətə gələnlər də əliyevlər kimi İslam dəyərlərinə yer verməyələr. Bu qorxunun yeri var. Bu münasibət bir dəfə yaşanıb. İslamçılar ilk dəfə MTN-nin qapısını müxalifət hakimiyyətdə olanda tanıyıb. Hansı ki azadlıq hərəkatının önündə dindarlar gedirdi.

İslamçılar, xüsusilə əksəriyyət təşkil edən şiə məktəbinin fəalları, ruhanilər, İslam partiyası hakimiyyət yox, dəyərlərə yer istəyir. Burada müxalifət üçün qorxulu nə var? Müxalifət qorxa bilər ki, güclənən islamçılar sabah ölkədə şəriət qanunlarını tətbiq edər və bu demokratik ab-havanı kölgədə qoyar. Qorxmağa dəyər, çünki dünyada nümunələri var. Amma ittifaq ölçü-biçili mexanizmlər əsasında davam etsə, nə islamçılar, nə də müxalifətçilər üçün qorxu yeri qalmır. Qarşıya qoyulan məqsəd Əliyev rejimindən yaxa qurtarmaq və sonrakı yolda xalqın istəkləri ilə hesablaşmaqdır. Xalq öz sərvətlərini bir ovuc quldura yedirtmək istəyirmi? Xalq milli-mənəvi dəyərlərin ayaq altına alınmasını istəyirmi? Xalq dindar ya dinsiz soydaşın narkotika və silahla şərlənməsinə razıdırmı? Bütün təfərrüat və ya prinsiplər müxalifət-islamçı ittifaqının təməlidir. Əgər arada sədaqət olsa, hər tərəf nə istədiyini sonadək açıq ortaya qoysa, sonrası üçün qorxu yoxdur. İslamçılar yalnız xalq tələb etsə hakimiyyətə sahib durmaqda məsuliyyət daşıyır. Xalq demokratik quruluş istəyirsə dini dəyərlərə yer verilməsi islamçını qane edir. İslamçı prezident kürsüsünə oturanda sadə soydaşdan dəbdəbəli yaşamaq istəyindədirsə nə islamçıdır, nə vətənpərvər. Əgər vəzifəyə gələndə sadə xalq kimi yaşayacağamsa nə üçün kresloya xatir vuruşmalıyam?!

Bu ittifaq nə zaman həyata keçəcək? Ümumiyyətlə həyata keçəcəkmi? Ağıllı müxalifətçi də, islamçı da bilməlidir ki, bunu nə hakimiyyət istəyir, nə də hakimiyyətlə əməkdaşlıq edən dövlətlər. Demək biz bunu istəməliyik. Bu hakimiyyətin qeyri-qanuni olduğunu dünyaya qəbul etdirəsi yeganə qüvvə bizim istəyimizdir. Yalnız bu ittifaq aparacı dövlətləri korrupsioner rejimlə əməkdaşlığa son qoymağa vadar edə bilər. Əks-təqdirdə islamçı da, müxalifətçi də istəmədən və bilmədən hakimiyyətin mənafelərinə xidmətdə durasıdır.

Babək Təbrizli

haqyolu.com

  • Yazılıb
  • da (də) 2011 Oct 08