Tarix : 2011 Oct 10
Kod 25886

Salam, Mövsümcan!

Allah-Taalaya şükür edirik ki, sevgili məmləkətimizdə Doktor Mövsüm Səmədov kimi bir insan var
well/Aran agentliyi

Allah-Taalaya şükür edirik ki, sevgili məmləkətimizdə Doktor Mövsüm Səmədov kimi bir insan var. Soruşursunuz ki, necə insandır? Bundan ötrü onunla ünsiyyətdə olmaq, yoldaşlıq etmək ən yaxşı yoldur. Çünki Azərbaycan adlı məmləkətdə Allahın sevimli bəndəsini terrorçu, narkoman kimi təqdim etmək adi iş olub. Elə bil ki “yüz eşitməkdənsə bir görmək yaxşıdır” məsəli Azərbaycan üçün deyilib. Bu ölkədə ən pis adamın prezident administrasiyasında, ən yaxşının isə həbsxanada olması normal haldır. Doktor Səmədov ali tibbi və dini təhsil alıb, Azadlıq hərəkatında iştirak edib, İslam Partiyasının sədri seçilib. Sonda Azərbaycan Respublikasının prezidenti postunu tutmuş İlham Əliyevi tənqid etdiyi üçün şərlənərək 12 il azadlıqdan məhrum edilib.

Salam, Mövsümcan! Bəlkə də sənin tanımadığın, amma səni yaxşı tanıyan dostlar çox darıxıblar həm sözün, həm özün üçün. Saatlarla sakit oturmağı bacaran, qızğın məclisdə seyrçi mövqe tutan Hacı Mövsümümüzün böyük savaş üçün barıt topladığı kimsənin ağlına gəlməzdi. Biz danışdıq, sən qəzəbini yığdın və prezidentliyi Böyük Azərbaycan Xalqı üçün ləkə sayılacaq şəxsə nə lazımdısa dedin. Bütün dünya eşitdi ki, Azərbaycan adlı məmləkətdə xalqa yoldan ötənin biri hakimlik edir. Bununla da Allahın verdiyi ömrü ən səmərəli şəkildə istifadə etdin. Tarixə yazıldı ki, Qubanın saf havasında boya-başa çatmış, sadə, pak bir insan Allahın əmrini eynən həzrət Musa kimi Azərbaycanın Fironuna çatdırdı və 12 il həbs aldı. Sənin bu gününə qibtə etməyimiz kimlərəsə təəccüblü görünə bilər. Deyərlər ki, Hacı Mövsümə 12 il iş veriblər, ömrü zindanda, ailə-uşaqdan aralı keçəcək. Bunu bədbəxtlik bilənlər təbii ki Əliyev və onun əlaltılarını xoşbəxt sayırlar. Çünki Allaha, axirətə, sorğu gününə, halal-harama etiqadları yoxdur. Səni bədbəxt sayanlar dünənə qədər Mübarək, Qəddafi, Bin Əliyə dünyanın ən xoşbəxt adamları kimi qibtə edirdilər. Bir vaxt gələcək ki, Əliyevə də qibtə etdiklərini xəcalətlə yada salacaqlar.

Mövsümcan, sən arzuna çatdın. Zalıma sözünü deyib, qalan ömrünü həbsxanada azad keçirməyə qərar verdin. Bu Seyyidüş-şühəda Hüseynin (ə) yolu idi. Bununla sübut etdin ki, Allah yolunda hər şeyindən keçməyə hazırsan. İbrahim öz İsmailini qurban verdiyi kimi sən də dünya rahatlığını, ailə-övlad sevgisini bu yolda qurban verib əsil rəhbər olduğunu sübuta yetirdin. Zərrəcə şübhə etmirik ki, bu çirkaba batırılmış gözəl məmləkətdə sənin üçün ən rahat yer elə həbsxanadır. Bayırda əl-ayağı açıq məhbus olmaqdansa həbsxanada əl-ayağı qandallı azad olasan – Mövsüm kimi! Biz səninlə qürur duyuruq, biz sənə qibtə edirik. Zərrəcə şübhəmiz yoxdur ki, ailə-övladın da eynən Əhli-beyt (ə) kimi din yolunda məşəqqətlərdən ləzzət alır. Deyirdilər Azərbaycan xalqı ümidsizdir, süstdür, haqqını istəyən deyil. Sən və sənin silahdaşların – 50 nəfərədək Allah aşiqi indi öz məbudu ilə həbsxanadan danışır. İndi Allah-Taala öz sadiq bəndələrinin zümzümələrini Azərbaycan həbsxanalarından dinləyir.

Mövsümcan! Allah birini uçuruma yuvarlatmazdan qabaq onun ağlını alar. Bu dinsiz rejim ağlını əldən verdi. Xalq nə neft, nə torpaq, nə qızıl-gümüş – Allahın əmri ilə hicab istədi. Bunlar ağıllarını nə qədər itirdilər ki, körpə qızlara hicabla məktəbə getməyi yasaqladılar! Bununla da istefa ərizələrini yazdılar. Bununla da Allahın kitabında adlarının qabağına kafir sözünü qeyd etdilər. Düşündülər ki, 40-50 dindarı həbsxanaya atmaqla İslamın qabağına sədd çəkəcəklər. Şübhəsiz ki, sərxoş olublar bu qərarları çıxaranda, Həzrət Peyğəmbərin (s) Məkkədən necə çıxması və Məkkəyə necə qayıtması da yadlarına düşməyib. Düşünməyiblər ki, Hacı Mövsümü həbsxanaya salmaq onun adına məmləkət boyu məktəblər açmaqdır. İndi orta məktəblərdə hicabı olmayan körpə qızlar da bu rejimə lənət oxuyur. İndi səni bütün Azərbaycan tanıyır. 12 ilə bilirsənmi nələr baş verəcək? Bunu qoyaq Allah-Taalanın ixtiyarında. Hər halda Allah seçilmiş möminlərin həbsxana ağrısını, rejim quldurlarının kübar həyatını seyr etməklə kifayətlənməyəcək.

Mövsümcan! Siz işinizi başa çatdırdınız. Amma bayırda qalmış on milyonluq xalq, minlərlə dişi dodağını kəsən mömin gənc götür-qoy edir, Allah qarşısında vəzifəsi barədə düşünür. Heç şübhəsiz məst başçılar bir gün xalqın nərəsinə yuxudan dik atılacaq. Nə vaxt? Olsun ki bu nərə Sizi də həbsxanada diksindirdi. Amma o gün uzaqda deyil.

Mövsümcan! Yaxşı bilirsən ki, sadə xalq bir qarın çörəkdən ötrü hansı həqarətlərə dözür. Quldur başçıların təbliğat maşını gecə-gündüz işləyir ki, kim bu dövlətə qarşı çıxırsa vətən xainidir, xaricdən göstəriş alır. Amma xalq o qədər də avam deyil ki, azğın başçıların hiyləsinə uysun. Tarixə baxsaq şahid olarıq ki, bütün din başçıları, hətta peyğəmbərlər və imamlar belə böhtanlarla üzləşib. Amma zalımların məhvi hökmünü Allah verir. Bunun qarşısını nə çirkin təbliğat, nə dövlət səviyyəsində terror, nə də həbslərlə almaq olar. Allahın bəlası eynən yağış kimi səmadan enir. Əbabil quşları yoldadır. Onların zalımların başına yağdıracağı daşlar qarşısında dəmir-beton damlar tab gətirmək gücündə deyil.

Biz bayırdakı məhbuslar Siz həbsxanadakı azadların duasına möhtacıq. Sizin əliniz Allahın ətəyindədir. Siz bu millətə xoş gün istəyin.

Bir qrup tələbə

Hicab.org

  

  • Yazılıb
  • da (də) 2011 Oct 10