Tarix : 2011 Oct 10
Kod 25888

Britaniyalı vəkillər Elçin Namazovun müdafiəsinə qalxdı

“Vəkil müdafiə etdiyi şəxsin siyasi mənsubiyyətinə görə təqib olunmamalıdır”
well/Aran agentliyi

“Vəkil müdafiə etdiyi şəxsin siyasi mənsubiyyətinə görə təqib olunmamalıdır”

İngiltərə və Uelsin Vəkillər Kollegiyası vəkil Elçin Namazovun işi ilə bağlı ölkə başçısı İlham Əliyevə müraciət göndərib. İnsan Haqları Komitəsinin hazırladığı müraciətdə qurumun E.Namazovun vəkillikdən uzaqlaşdırılması ilə bağlı dərin narahatlıq keçirdiyi bildirilir.

Məlumat üçün deyək ki, sözügedən təşkilat müstəqil qurum olmaqla yanaşı beynəlxalq aləmdə vəkillərin və hakimlərin hüquqlarının müdafiəsi ilə məşğuldur.

Müraciətdə deyilir: “Elçin Namazov məhkəmə proseslərində hazırkı Azərbaycan rejiminə qarşı çıxan şəxsləri müdafiə edib. O, əsasən müxalifət fəallarının və jurnalist Ramin Bayramovun müdafiəçisi olub. Ötən vaxt ərzində Elçin Namazova Azərbaycan hakimiyyəti və Azərbaycan Vəkillər Kollegiyası tərəfindən təhdid dolu xəbərdarlıqlar edilib. O, gənc fəal və blogger Bəxtiyar Hacıyevin vəkili olub. Gəncə Şəhər Polis İdarəsi tərəfindən həbs olunmaq, mart, aprel və iyun aylarında isə müxalifət fəallarını müdafiə edəcəyi təqdirdə kollegiyadan uzaqlaşdırılacağına dair təhdidlər alıb. Avqust ayında isə Milli Təhlükəsizlik Nazirliyindən ona bildirilib ki, jurnalist Ramin Bayramovun müdafiəsini dayandırmayacağı təqdirdə vəkillik fəaliyyətinə son qoyulacaq. 2011-ci ilin avqustunda isə Nəsimi Rayon Məhkəməsinin hakimi Şahin Abdullayev gənc müxalifət fəalı Rüfət Hacıbəylini müdafiə etdiyinə görə Namazovun vəkillik səlahiyyətlərinin dondurulması ilə bağlı qərar verib. Hakim Abdullayev ona qarşı məhkəməni təhqir etmək ittihamı ilə cinayət işi qaldırıb”.

Britaniyalı vəkillər Azərbaycandan gələn xəbərlər barədə narahatlıq keçirdiklərini bildirir. Müraciətdə o da bildirilir ki, vəkillərin müstəqilliyi demokratiyanın əsas prinsiplərindən biridir və vəkil müdafiə etdiyi şəxsin siyasi mənsubiyyətinə görə təqib olunmamalıdır. Qurum Azərbaycan hakimiyyətindən və Vəkillər Kollegiyasından qısa bir müddətdə cavab gözlədiyini bildirir, Namazovun cinayət işinə xitam verilməsini tələb edir.

musavat 

  • Yazılıb
  • da (də) 2011 Oct 10