Tarix : 2011 Oct 11
Kod 25914

«Sarkozinin jesti cərrahiyyədən öncə verilmiş istirahəti xatırladır»

«Sarkozinin jesti cərrahiyyədən öncə verilmiş istirahəti xatırladır»
well/Aran agentliyi

 

 

Fransa prezidenti Nikolya Sarkozinin Azərbaycana son səfəri ətrafında diskussiyalar davam edir. Bəzi analitiklər hesab edirlər ki, Fransa prezidentinin bu ziyarəti heç bir xüsusi çəkisi olmayan, regiona səfərin natamam görünməməsi üçün atılan addımdır. Xüsusilə, ölkələrarası siyasi münasibətlərə dair hər hansı ayrıca ştrixin sezilməməsi bu səfərin məhsuldarlığına ciddi şübhələr yaradır.

Ekspertlər də hesab edir ki, Fransa prezidentinin Mehriban Əliyevanı ordenlə təltif edərkən, ikincinin ABŞ-Azərbaycan parlamentlərarası həmsədrlikdən imtina edib, Fransa-Azərbaycan Parlamentlərarası Dostluq Qrupuna həmsədr olmağı qəbul etməsi ciddi strateji seçimdir. Bununla da Sarkozi Əliyevlər ailəsilə ABŞ hökuməti arasında ciddi uçurumların olduğunu açıq şəkildə ifadə edib.

Sarkozinin Qərb dünyasında, az qala arzuolunmaz rejimlərdən hesab edilən Əliyevlərə qarşı belə isti münasibət göstərməsi isə, heç şübhəsiz ki, onun öz ölkəsində və Avropa Birliyində bir sıra suallarla qarşılaşacağını istisna etmir. Ekspertlər bu yerdə Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyerlə bağlı məsələni yada salır: “Vaxtilə Azərbaycana səfər etmiş Toni Bleyerə qarşı elə bir ictimai qınaq oldu ki, o, oxuduğu mühazirə qarşılığında aldığı qonorarı belə, geri qaytarmağa məcbur oldu”.

Sarkozinin Türkiyə əleyhinə bəyanatlarına gəlincə, ekspertlər bunu Fransa daxilində onun vəziyyətinin yaxşı olmamasıyla əlaqələndirirlər. Sosialistlərin liderilə müqayisədə Sarkozinin güclü görünməməsi onu məcbur edir ki, öz cəmiyyəti üçün faydalı olmasa da, ən azı, populyar olan bəyanatlar versin.

Azərbaycanda Sarkozinin əleyhinə aparılan təbliğat isə iki istiqamətdən maraqlıdır: “Birincisi, Sarkozi Mehriban Əliyevaya medal verib. Qeyd etmək yerinə düşər ki, telekanallar vasitəsilə Sarkozinin əleyhinə danışanlar isə Ramiz Mehdiyevə yaxın çevrələrdir. Amma bu antitəbliğatın əsas motivi kimi ”Türkiyə sevgisi"nin seçilməsi də diqqəti çəkir. Aydın görünür ki, burada da başqa bir qüvvənin marağı var. Yəni, Rusiya öz dayaqları vasitəsilə Əliyevlərin Fransa ilə yaxınlaşmasına mane olmağa çalışır. Ona görə də məhz Ramiz Mehdiyevin komandası fəallıq edir”.

Sarkozinin bu addımına bəraət qazandırıcı arqumentləri elə də güclü olmasa da, qismən var. Ilham Əliyevin Varşava Bəyannaməsinə imza atması onunla Avropa Ittifaqının yumşaq danışmasını şərtləndirməsə də, hər hansı üzv dövlətin əlaqələri qorumasını zəruri edir. Amma bu münasibətlərin hansı həddə qədər dərinləşmək imkanına malik olduğuna gəlincə, ekspert hesab edir ki, Ilham Əliyev üçün indiki vəziyyət göydəndüşmə olsa da, bu, cərrahiyyədən öncə verilən istirahətə bənzəyir: “Sözsüz ki, Avropa Ittifaqı ilə əməkdaşlığın qeyd-şərtsiz prinsipi demokratik islahatlar olacaq. Bunu xanım Ketrin Eşton çox açıq ifadə edib. Buna görə də Ilham Əliyev bu müvəqqəti rahatlıqdan sonra öz üzərində çox ciddi təzyiqlər hiss edəcək”.

Azadlıq

  • Yazılıb
  • da (də) 2011 Oct 11