Tarix : 2011 Oct 11
Kod 25916

Nardaranda yenidən 3 gündür ki, işıq yoxdur

Nardaran ağsaqqalı kəndin yenidən işıqsız qoyulmasını təxribat olaraq qiymətləndirir
well/Aran agentliyi

 

Mavi qazın da olmadığı Nardaranda, elektrik enerjisi verilişi bir müddət əvvəl bərpa edilsə də, son 3 gündür ki, kəndə verilən enerji yenidən dayandırılıb. Azərbaycan Ağsaqqallar Şurasının sədri, Nardaran kənd sakini kərbəlayi Natiq Kərimov bu addımı təxribat kimi qiymətləndirdiyini bəyan etmişdir. Vəziyyətlə bağlı Deyerler.Org-a açıqlamasında Hacı N.Kərimov bildirmişdir:

“Hökumətin nəzərinə çatdırmaq istərdik ki, bu addım təxribatdır. Bu daha pul yığılması ilə bağlı məsələ deyil. Hələ ömründə Nardaran kəndində 4 günə 15 min manat pul yığılmamışdı. Bu, birinci dəfə idi. Son razılaşmamıza əsasən, biz bu pulu yığıb, işıq idarəsinə verdik. Biz danışıqlara uyğun olaraq, boynumuza düşəni etdik. Amma nədənsə təzədən işıqlarımızı kəsiblər”.

Qeyd edək ki, hazırda da kəndə işıqlar yanmır. Vəziyyətin belə yön alması yenidən kənd əhalisi arasında meydanlara çıxmaq, əsas yolları bağlamaq və sairə bu kimi addımların atılması haqqında təşəbbüslərə rəvac verib.

 

Xatirladaq ki, bu ilin sentyabr ayının 27-də Nardaran kəndinin sakinləri işıqlarının kəsilməsilə bağlı etiraz aksiyalarına başlamış, qəsəbəyə gedən yolları, eləcə də Maştağa və Bilgəh yolunu bağlamışdılar. Aksiya qəsəbəyə qaz və işıq verilməsi tələbi ilə keçirilmişdi. Həmin gün Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasov, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərov, Bakı Şəhər Prokurorluğunun nümayəndələri, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinlərinin Nardaran ağsaqqalları ilə görüşündən sonra işıqlar yanmış, yollar açılmışdı. Bu razılaşmadan 5 gün ötdükdən sonra Nardaran sakinlərinin elektrik enerjisi yenidən kəsilmişdir.

Birlik.az

  • Yazılıb
  • da (də) 2011 Oct 11