Meriyanın cavabı müsbət olmasa, yenidən müzakirə aparıb növbəti qərarı çıxaracağıq
well/Aran agentliyi
Yanvar ayından həbsdə olan, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilən Azərbaycan İslam Partiyasının (AİP) sədri Mövsüm Səmədov hazırda vəzifəsini icra edə bilmir. Hökmdən şikayət verilməsi, ölkə daxilində bütün məhkəmə instansiyalarından keçmə və Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət olunması xeyli müddət çəkəcək. Bəs sədri həbsdə olan AİP hansı addımı atacaq? Partiyanın qurultayının keçirilməsi, yeni sədrin seçilməsi gözlənirmi?
AİP-nin sədr əvəzi Elçin Manafov açıqlamasında yalnız bir halda qurultayın keçiriləcəyini deyib: “Oktyabr ayında Azərbaycan İslam Partiyasının dövlət qeydiyyatı məsələsinə baxılacağı deyilmişdi. Sənədləşdirmə işlərində sədrin imzası vacibdir. Mövsüm Səmədov həbsdə olduğundan hüquqi proseduralarda iştirakı mümkün deyil. Partiyanın rəsmi qeydiyyata alınma məsələsi aktuallaşarsa, yeni sədr seçilməsi reallaşa bilər. Yalnız bu halda AİP-ə yeni sədr seçmək məsələsinə baxmaq mümkündür. Biz sədrimiz Mövsüm Səmədovun azadlığa çıxması üçün əlimizdən gələni edəcəyik”.
Elçin Manafov qeyd edib ki, AİP-in sonuncu qurultayı 2007-ci ildə keçirilib: “Nizamnaməyə görə iki ildən bir qurultay olmalıdır. Amma fəaliyyətimizə böyük əngəllər üzündən bunu reallaşdıra bilmirik. Həm də indiki halda şəxsən mənim qurultay keçirmək təklifi verməyim mənəvi baxımdan düz çıxmaz. Yalnız hüquqi məcburiyyət olarsa, qurultay keçirib yeni sədr seçəcəyik”.
Azərbaycan İslam Partiyasının sədr əvəzi Elçin Manafov açıqlamasında oktyabr ayının 22-nə təyin olunan aksiyaya da toxunub. O, bütün addımların qanun çərçivəsində olmasını istədiyini deyib: “Biz inanırıq ki, meriyadan bizim müraciətə müsbət cavab veriləcək. Bibiheybət stadionunda da aksiya keçirməyə hazırıq. Meriyanın cavabı müsbət olmasa, yenidən müzakirə aparıb növbəti qərarı çıxaracağıq.Biz üstünlüyü razılaşdırılmış mitinqə veririk. Camaatın etirazı ürəyində qalıb və biz bundan çox narahatıq. Xalq hansısa yolla öz etirazını bildirməlidir. Biz sivil yollar axtaracağıq. Təbii ki, bizim istəyimiz qanun çərçivəsindədir. Hər dəfə camaatın aqressiyasının qarşısını almaq tərəfdarı olmuşuq”.
"Media forum"