Tarix : 2011 Oct 15
Kod 25968

İslamçılar və digər müxaliflərin həbsinə reaksiyalar davam edir

İslamçılar və digər müxaliflərin həbsinə reaksiyalar davam edir
well/Aran agentliyi

Azərbaycan Respublikasında islamçılar və hökumət ilə müxalif olan digər siyasi fəalların həbsinə qarşı reaksiyaların davamında Qarabağ Azadlıq Təşkilatı bir bəyanat yayaraq, hakimiyyət ilə müxalif olanların həbs və məhkum edilmələrini pisləyib.

Bakıdakı müxbirimizin yerli mənbələrə istinadla verdiyi məlumata görə, Qarabağ Azadlıq Təşkilatı, cümə günü bir bəyanat yayaraq, İslam Partiyasının rəhbər üzvləri, Müsavat Partiyasının funksionerləri və Xalq Cəbhəsi Partiyası fəallarının həbs və mühakimə olunmalarını insanlığa yaraşmayan habelə, ölkənin müstəqilliyinə möhkəm dayaq və işğal altında olan ərazilərin azad edilməsi üçün mübariz qüvvə sayılan vətənpərvər insanlar arasında həmrəylik və birliyin gücləndirilməsi prosesinə zidd hərəkət adlandırıb.

Qarabağa Azadlıq Təşkilatı öz bəyanatında həmçinin, Azərbaycan Respublikası hakimiyyətindən və iqtidar sahiblərindən istəyib ki, ölkənin yorulmaz və mübariz övladlarına qarşı edilən bu ədalətsizliyə dərhal son qoyaraq, onlar haqda çıxarılmış ədalətsiz məhkəmə qərarlarını ləğv etsin və günahsız məhbusları sərbəst buraxsın.

Azərbaycan Respublikasında insan haqları müdafiəçilərindən olan Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus da bundan öncə bildirmişdi ki, İslam Partiyasının rəhbər üzvlərinin istintaq prosesində qarşıya gələn qanun pozuntularını və onlar haqda məhkəmə tərəfindən qondarma ittihamlar və saxta dəlillər əsasında sifarişli və siyasi qərarın çıxarılmasını nəzərə alaraq həbsdə olan islamçılar siyasi məhbuslar sayılırlar.

Azərbaycan Respublikasında Siyasi Azadlıqları Müdafiə Alyansı da son günlər bir bəyanat yayaraq, hicab qadağasına etiraz edən islamçıların uzunmüddətli həbsə məhkum edilmələrini təəssüfləndirici hal adlandırıb və bildirib: Məhkəmə tərəfindən islamçılara qarşı irəli sürülən ittihamlar saxta, haqlarında çıxarılan qərar isə sifariş əsasında olub.

Qeyd etmək lazımdır ki, Bakının Ağır Cinayətlər Məhkəməsi sifariş əsasında təşkil olunmuş məhkəmə prosesində hicab müdafiəçilərinin həbsindən 9 ay sonra ötən cümə günü heç bir tutarlı fakt və sübut olmadan, islamçılar haqda üst-üstə təqribən yetmiş il həbs qərarı çıxartdı.

Bu məlumata görə, İslam Partiyasının rəhbəri Hacı Möhsün Səmədov 12 il, Partiyanın Astara Rayon Təşkilatının sədri Ruhulla Axundazadə 11 il 6 ay, İslam Partiyasının sədr müavini Vaqif Abdullayev 11 il, islamçı fəallar Firdovsi Məmmədrzayev 11 il, Höccətülislam Fəramiz Abbasov 11 il və Dəyanət Səmədov 10 il həbsə məhkum edildilər. Quran hafizi və islamçı fəal höccətül-islam Zülfüqar Mikayılzadə haqda isə 5 il şərti həbs qərarı çıxarıldı.

İslam Partiyasının üzvləri və digər islamçı fəallar cari ilin yanvar ayında orta məktəblərdə hicab qadağasına etiraz etmələrinin ardınca həbs olundular və onlar haqda dövlət çevrilişinə səy, iğtişaş törətmək və qanunsuz olaraq silah və hərbi sursat saxlamaq kimi saxta ittihamlar irəli sürüldü. Amma, məhkəmə iclaslarında yalançı şahid ifadələrindən başqa bu ittihamları sübut etmək üçün heç bir fakt irəli sürülmədi. Yalançı şahidlərin bir neçəsi də məhkəmə prosesinin gedişində dövlət məmurları tərəfindən aldadıldıqlarını və yalan ifadə verdiklərinə görə peşman olduqlarını bildirdilər.

Azərbaycan Respublikası əhalisinin 98%-in müsəlmanlar təşkil edir. Buna baxmayaraq, bu ölkə xalqı öz dini ayinlərini icra etmək və şəriət hökmlərini yerinə yetirməkdə ciddi məhdudiyyətlər və təzyiqlər ilə üzləşiblər. Halbuki, ölkədə dini azlıqlara tam sərbəst fəaliyyət icazəsi verilir. Xüsusilə də yəhudilər hər cür fəaliyyət azadlığına malikdirlər. Belə ki, ötən illər ərzində ölkədə bir neçə yeni sinaqoq, yəhudilər üçün mədəniyyət mərkəzi və məktəb tikilib, istifadəyə verilib. Həmçinin, orta məktəblərdə geyim azadlığına malik olan yəhudilərin əksinə olaraq, müsəlman məktəblilərə qarşı məhdudiyyətlər tətbiq edilir ki, müsəlman qızların hicabla dərslərdə iştirakının qadağan edilməsi buna aydın nümunədir

  • Yazılıb
  • da (də) 2011 Oct 15