Tarix : 2011 Oct 15
Kod 25987

DİNDAR KƏSİMLƏ MÜXALİFƏT NİYƏ BİR ARAYA GƏLƏ BİLMİR?

Ərəstun Oruclu: ''Əgər biz Misirə baxsaq, görərik ki, diktaturaya qarşı mübarizə məscidlərdən başladı''
well/Aran agentliyi

 

İnsan haqlarının və demokratik prinsiplərin təmin olunması üçün üzərinə öhdəlik götürmüş Azərbaycanda son dövrlərdə insan hüquqlarının pozulması istiqamətində baş verən hadisələr artıq pik nöqtəyə çatıb. Təbii ki, baş verən haqsızlıqlara cəmiyyətin bütün zümrəsi məruz qalıb.

Hazırda bu ədalətsizliyə qarşı ölkə ərazisində mübarizə aparan iki müxalif qüvvə formalaşıb: Dindar kəsimlə və müxalifətçilər. Baxsaq görərik ki, hər iki  zümrə son illər hakimiyyət tərəfindən yersiz ittihamlara, təzyiqlərə məruz qalır, şərlənərək həbs olunur, hüquq və azadlıqları tapdalanır. Bu haqsızlıqlar seçki saxtakarlığından tutmuş, hicab qadağasına qədər bütün sahələri əhatə eləyib. Bəs niyə bu iki müxalif qüvvə bir araya gələ bilmir?

Mövzu ilə bağlı Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu, FaktXeber.com-un suallarını cavablandırıb.

     

-   Ərəstun bəy, hazırkı sekulyar cəmiyyətlə dindar kəsimin birgə mübarizə aparmasını necə dəyərləndirirsiz?

 

-    Əvvəla onu deyim ki, öz haqları uğrunda mübarizə aparan bütün zümrələrə mənim münasibətim eynidir. Bir neçə müddət bundan əvvəl dindar kəsimi müdafiə etdiyim üçün qınanmışdım. Lakin cavabında bildirmişdim ki, mənim üçün islamçı anlayışı yoxdur. Mənim üçün olan nüanslı kəsim anlayışıdır və əgər dindarlar da öz haqları, inancları uğrunda mübarizə aparırlarsa bu mübarizəni dəstəkləyirəm. İnsanların haqqını müdafiə eləmək ləyaqətə aid olan bir məsələdir. Mən istisna eləmirəm ki, demokratiya və islahatlar uğrunda mübarizə aparmaq üçün inanclı kəsimlə inancı olmayan kəsim arasında fərq olsun. Əgər biz Misirə baxsaq görərik ki, diktaturaya qarşı mübarizə məscidlərdən başladı. Kim deyə bilər ki, mübarizəyə «demokratam» deyənin haqqı var, «islamçıyam» deyənin yoxdur. Bu çox absurd və qeyri-sağlam bir yanaşmadır.

 

-    Sizcə dindar kəsimlə müxalifətin bir araya gələ bilməməsi nə ilə bağlıdır?

 

-    Hesab edirəm ki, inanclı kəsimlə sekulyar toplum arasında bir-birilərinə qarşı etimadsızlıq var. Nə qədər ki, bu etimadsızlıq aradan qalxmayıb və onlar bir-birlərinə qarşı addım atmayıblar, vahid hədəflər uğrunda birgə mübarizə alınmayacaq. Hər bir toplum arasında birgə mübarizə üçün bir-birilərinə qarşı etimad olmalıdır.

 

-    Sizcə ölkədə islamçılarla müxalifətin birləşməsi üçün hər hansı bir stimul vardırmı?

 

-    İslamçılarla müxalifətin birləşməsi üçün ən böyük stimul hər iki tərəfin hüquq və azadlıqlarıdır. Məncə bundan böyük stimul ola bilməz. Hər iki tərəfin hüquq və azadlıqları eyni dərəcədə sərt şəkildə tapdalanaraq məhdudlaşdırılıb. Bu fakt artıq ən böyük stimula çevrilib.

faktxeber.com

  • Yazılıb
  • da (də) 2011 Oct 15