Qarabağ Azadlıq Təşkilatının sədri Azərbaycan daxili işlər nazirinin Ermənistana səfərinə qarşı çıxışına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb
well/Aran agentliyi
Qarabağ Azadlıq Təşkilatının sədri Azərbaycan daxili işlər nazirinin Ermənistana səfərinə qarşı çıxışına görə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb.
Azərbaycan Respublikası Daxili İşlər Naziri Ramil Usubovun Ermənistana səfərinin əleyhinə bəyanata görə Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı BMCMİ-yə aparılıb.
Bu barədə A. Nağı özü məlumat verib. O bildirib ki, bəyanat veriləndən az sonra QAT-in ofisinin yerləşdiyi Rəsulzadə qəsəbəsində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 12 əməkdaşı onu saxlayaraq idarəyə aparıblar. Təşkilat sədri deyib ki, o idarənin rəisi Mirqafar Seyidovla görüşüb. İdarə rəisi QAT-ın bəyanatında təhqir elementlərinin olduğunu bildirib və bu kimi fəaliyyətdən çəkinməyə çağırıb. Xəbərdarlıq edildikdən sonra A. Nağı sərbəst buraxılıb: "Biz heç kimi təhqir etmirik. Sadəcə bildiririk ki, Qarabağ məsələsi ümumi bir məsələdir. Bu insanlar başa düşməlidirlər ki, belə səfərlər etməklə Qarabağ torpaqlarının işğalda qalmasına xidmət edirlər. Onlar cəmiyyətdə sülh əhval-ruhiyyəsi yaratmaq istəyirlər. Amma bununla torpaqlar qayıtmayacaq. Cəmiyyətdə müharibə əhval-ruhiyyəsinin olmasını istəyirik. Ona görə də belə səfərlərdən imtina olunmalıdır".A. Nağı deyib ki, idarədə ona qarşı hər hansı kobudluq olmayıb.