Tarix : 2011 Oct 16
Kod 26015

Mən atamı istəyirəm...

İki aydır hər gün qapı döyüləndə bir cüt göz qapıya zillənir
well/Aran agentliyi

 

 

İki aydır hər gün qapı döyüləndə bir cüt göz qapıya zillənir.

Deyəsən ata gəldi deyə qapıya qaçırlar. Axı hər gün axşam ataları evə gələrdi. Balaca Fatimə və Məsuməni qucağına götürərdi. Amma nədənsə iki aydır ata gəlmir. Ana da onların suallarına cavab verə bilmir. “Ana atamız hardadı?” sualı hər gün verilir o evdə. Balaca qızı olanlar bilir. Qız uşağı ata istəyən olur. Həmişə ata nəvazişi istəyir.

İmam Hüseyn (ə) Kərbəlada meydana gedəndə 3 yaşlı xanım Rüqəyyə onun atının qabağını kəsdi. Ata hara gedirsən deyə. Sonra da ata həsrəti ilə şəhadətə qovuşdu.

Baxın bu tarixin bir parçasında nə qədər ibrət var. İndi balaca Fatimə ilə Məsumə də ataların istəyir. Onlar da ata həsrəti ilə alışıb yanır. Onlar da hamı kimi ata nəfəsini duymaq istəyir. Amma...

İki aydır ki, jurnalist Ramin Bayramovun evində iki balaca qız onun yolunu gözləyir. Analarına verilən “Atamız hardadır?” sualına cavab istəyir. Amma bu sualın cavabı çox çətindir. Axı 3 yaşlı balaya necə izah edəsən ki, sənin xalq, millət yolunda canını fəda edən atana “narkaman”, “silah gəzdirən” damğası vurub damlayıblar. Yenə də 37-ci il olsaydı bunu izah etmək olardı. İndi ki, “demokratiyanın” tüğyan elədiyi bir vaxtda bir jurnalisti həbs edib ona “narkaman” damğası vurmaq... Özü də imanı, əxlaqı yerində olan birini. Allahın evini ziyarət etmiş birini. Görəsən ədalət budurmu?

İki aydır jurnalist Ramin Bayramovun evində iki balaca qız onun yolunu gözləyir. Amma bilmirəm görəsən Raminə bu damğanı vuranlar axşam evlərinə gedəndə, balaca qızları, nəvələri onların üstünə atılanda, onları sevib oxşayanda bir anlıq da olsa nahaq yerə zindanda saxladıqları insanın ailəsini düşünürlərmi? Görəsən o adam ki, bu haqsızlığa imza atıb, onun balaca qızı varmı?

Görəsən o heç düşünürmü ki, axı onun damğaladığı insanı da evdə gözləyən var? İnanmıram düşünsün. Çünki insanın qəlbi qəsavət bağlayanda öz nəfsinin istəklərindən başqa bir şeyi düşünmür.

P.S. Amma bir həqiqət var. Ola bilər ki, bu gün o adamlar bunun fərqinə varmırlar. Amma bu da bir həqiqətdir ki, ən azı o iki balanın ahı tutacaq o insanları.

Əli Cəfəri

  • Yazılıb
  • da (də) 2011 Oct 16