Tarix : 2011 Oct 16
Kod 26017

Tunc dövründəki salyanlı

Gerçəkdən, bu adam qədim slavyan mifologiyasındakı Ölməz Kaşşey tipində bir şəxsiyyətdir
well/Aran agentliyi

 

Mark Tvenin aforizmə çevrilmiş kəlamlarından biri də belədir: “Mənim ölümüm haqda xəbər bir qədər şişirdilmişdir”. Markın bu sözlərini bizim analoqu olmayan təhsil nazirimiz Mərdanov haqda da söyləmək mümkündür. Bəlkə məktəblərin giriş qapısına bu aforizmi yazıb asdılar - Mark Mərdanov imzasıyla.

Gerçəkdən, bu adam qədim slavyan mifologiyasındakı Ölməz Kaşşey tipində bir şəxsiyyətdir. Məktəblilərimiz onun həyatından və mübarizəsindən örnək götürməlidir. Zarafat deyil, adam 1998-ci ildən bəri təhsil naziri kimi qalmaqallı, gözə girən vəzifəni qətiyyətlə daşıyır. Bəlkə Misir müəllimin fəaliyyəti haqda gələcəkdə “Əzablı yollarla” adında bədii əsər də yazıldı. Əslində bəzi yazıçılarımızda qanacaq olsa çoxdan yazardılar.

Mərdanovun ən ağır günlərindən biri səhiyyə naziri Əli İnsanov tutulan vaxtlarda olmuşdu. Lakin Mərdanov təcili şəkildə iclas keçirtdi, İnsanovu qəşəng formada baqaja qoydu, dedi bu adam ermənistanlı deyil, saxta şəkildə özünü ermənistanlı elan etmişdir. Bu il də nazirin ətrafında bir növ mühasirə həlqəsi daralmışdı. Prokurorluq onun idarəsində yoxlama aparır, adam tuturdu. Sentyabrda isə prezident nazirin düz 3 müavinini bir gündə vəzifədən qovdu. O zaman hamı dedi ki, ta həvəsdir bəsdir, nazirin aşı bişibdir, sanılı günlər qalır özü də getsin. Köhnə məktəb direktorları əsməcəyə düşmüşdü, bir çox “zavuçlar” isə təzə nazirin hesabını verib direktor olmaq üçün qohum-əqrəbadan pul yığırdı.

Ancaq siz Misir müəllimi yaxşı tanımırsınız. Bu adamın adı əslində Səməndər, Feliks olmalı idi. Küldən təzədən qanad açıb uçmaq qabiliyyəti vardır. Hamının onun gedəcəyini gözlədiyi bir vaxtda Misir müəllim 92 müəllimi işdən qovubdur! Deyir onların diplomu saxtadır, belə saxtakarların məktəblərdə işə düzəlməsinə şərait yaradanları da tapıb cəzalandıracağıq. Revanş belə olar! Özü də məndə şübhələr var ki, Mərdanov saxtakar ifşasında təkcə təhsil sistemi ilə yetərlənməyəcək, yoxlaya-yoxlaya başqa qurumlara da keçəcəkdir. Məsələn, seçkiləri saxta keçirənləri də xalqa tanıdacaqdır. Onda bu qüdrət vardır. Biz ona inanırıq. Mən onu dəstəkləyirəm və bir daha bildirirəm ki, bu saat Misir müəllimin alovlu azarkeşlərindən biriyəm. Heç Lionel Messiyə bu qədər həvəslə azarkeşlik etməmişəm. Yeni driblinq və qollarınızı gözləyirik, yoldaş nazir. Halal olsun məktəbə ödədiyimiz qanunsuz pullar...

Ölkədə təhsilin yüksək səviyyəsini bu günlərdə redaksiyamıza gəlmiş 3 salyanlı ağsaqqal da bir daha sübut edibdir. Onlar deyiblər ki, qəzetimiz Salyan icra başçısı Tahir Kərimovu nahaq tənqid edir, Kərimov rayonda böyük işlər görür. Birinin adını çəkiblər də. Sitat: “Tahir yoldaş Salyan ərazisində tunc dövrünə aid qəbirlərin aşkar edilməsi, tədqiqatı üzrə məşğuldur”.

Rayon icra başçısının tunc dövrü qəbirlərini araşdırması hörmətə layiqdir. Çünki bizim səfehcəsinə yazılmış tarix elminə inansaq, əslində elə həmin tunc dövrü qəbirlərindəki adamların ölümündə də o vaxtın icra başçıları səbəbkardır. Yaxşı tunc yığıb təhvil verməyiblər, mağara icra hakimiyyəti başçısı da bunları basıb küp qəbirə, dəfn edibdir. Salyanda tuncu hardan tapasan? Çətin məsələdir. Gədəbəyin icra başçısı bu yaxında rayon mis mədənləri ərazisində qazıntı apardı, ordan tunc dövrünə aid salyanlıların qəbirləri çıxdı. Belə ehtimal var ki, salyanlıları oraya tunc oğurlamaq üçün icra başçısı Tahir Kərimov göndəribmiş, gədəbəylilər tutub öldürüblər. Qədim tariximiz belə qanlı hadisələrlə zəngindir.

Əslində bizim indi yaşadığımız dövr də elə tunc dövrüdür, çünki həmin vaxt tarix elmində əmlak və sosial məsələlərdə ədalətsizlik, qeyri-bərabərlik ilə yadda qalıbdır. Yəni bu saat Salyan icra başçısını qəbirlərə qarşı pis hərəkətlərdə suçlamaq olar.

Zamin HACI

  • Yazılıb
  • da (də) 2011 Oct 16