Tarix : 2011 Oct 18
Kod 26051

200 il eyni vəzifədə

“Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər”
well/Aran agentliyi

 

 

“Eyni adamlar 20 ildir ki, eyni vəzifədə oturublar və istefa vermək istəmirlər”. Bu sözləri Ilham Əliyevin dilindən eşitmək çox gözəldir. Şəxsən mən çox məmnun oldum. 20 illik ata-bala hakimiyyəti 20 il eyni vəzifədə olmağın çox olması haqda söz deyirsə, bu çox yaxşıdır...

Baxmayaraq ki, bunun adı “öz gözündə tiri görməyib, başqasının gözündə tük axtarmaq”dır. Baxmayaraq ki, müxalifətdəki yerlər əslində vəzifə deyil, vəzifə Ilham Əliyevin özünün oturduğu və payladığı yerlərdir...

Nə bilmək olar, bəlkə də iqtidardakı vəzifələrin səfasını çəkənlər, müxalifətdəki vəzifələrin cəfasını təsəvvür etmirlər. Bəlkə onlar uzun müddət vəzifə tutmaq qadağasının kimlərə aid olduğunu da yaddan çıxarıblar. Oturduqları yerlər onlara o qədər xoşdur ki, tutduqları vəzifələri qəsb etdiklərini də artıq unudublar...

Indi neynəyək biz, bəlkə referendum keçirib, müxalifət lideri seçilməyə limit qoyaq? Konstitusiyamıza əla yaraşar bu qadağa. Orada seçilmək məhdudiyyəti çoxdandır yoxdur. Qoy bizdə prezident seçilmək limitsiz, müxalifət lideri seçilmək isə məhdudiyyətlə olsun və həm də qısa müddətə.

Amma kaş bizdə elə bir müxalifət lideri olaydı, durub bu sözdən sonra vəzifəsini oğluna verəcəyi haqda bəyanat verəydi. Bax, onda eyni vəzifədə 200 il oturmaq istəyinin mənası görünərdi.

 

***

Təhsil naziri Misir Mərdanov (indi daha çox yarımnazirə oxşayır) bəyan edib ki, hər bir şagirdə kompüter vermək proqramı üzərində düşünürlər. Yəqin Gürcüstanda minlərlə şagirdə kiçik əl kompüteri hədiyyə edilməsindən dilxor olub, özlərini daha təhsilsevər göstərmək istəyirlər. Üstəlik, bu əməliyyatdan yaxşı qazana bilərlər. Ağlımız bir şey kəsmir, amma hər halda bir istəyimi bəri başdan rəsmiləşdirmək istəyirəm.

Təhsil Nazirliyinin bizim Rabitə Nazirliyi ilə əlbir olub məktəblərimizi maymaq “Kür” kompüterləri ilə doldurması yadımızdan çıxmayıb. Milyonlarla pulu elə silib-süpürdülər ki, bunu tarix də unutmaz. O vaxt jurnalistlərdən biri həmin əməliyyatı araşdırmış, yazının adını da belə qoymuşdu: “Kür”ə axıdılan pullar...Düzdür, Kür çayı o pulların ora axmasından daşmamışdı, amma bizim təhsilimiz hələ də aşıb-daşır. Bunu yada salıb, indidən təhsil orqanlarına müraciət edirəm. Mənim uşaqlarıma düşəcək kompüter pullarını verin özümə, bizə sizin aldığınız ucuz şorba - “şapka” kompüteri lazım deyil. Mən həmin pula, üstünü düzəltməklə də olsa, normal kompüterlər alıb, qaimələrini sizə təqdim edəcəyəm. Yoxsa, uşaqların bir gün “Kür” markalı, AZN şapkalı kompüterlə evə dönəcəyini təsəvvür etməlisiniz - onları dərhal geri qaytaracağam...

 

***

Milli Məclisin insan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova Dağlıq Qarabağın azərbaycanlı icmasının fəaliyyətini tənqid edib: “Icma münaqişənin həlli prosesinə qatılmalı və bütün işləri hansısa başqa qurumların üzərinə atmamalıdır. Həmçinin öz hüququnu müdafiə etməyi bacarmalıdır. Necə ola bilər ki, bu gün Qarabağın erməni icması öz adından çıxış edir? Dağlıq Qarabağın azərbaycanlı icması da beynəlxalq təşkilatlara müraciət etməlidir”.

Adam söz tapmır. Bircə o qalıb desinlər ki, gedin Qarabağınızı alın...Icma deyəndə çox yekə çıxır. Topu yox, tüfəngi yox. Pulu yox, səlahiyyəti yox. Dağlıq Qarabağın azərbaycanlı icması Qarabağ camaatının adına düzəldilmiş bir QHT-dir. Onu da camaat yox, hakimiyyət özü yaradıb. Bu boyda dövlət indi həmin icmadan Qarabağ istəyir. Bəs deyirdiniz Azərbaycan hakimiyyəti Qarabağın qayıtması üçün hər şeyi edir?

Guya Qarabağın erməni icmasının bir görüntü olduğunu, onun gördüyü işlərin haradan qaynaqlandığını anlamaq çətindir? Məgər bir icmanın işini də təşkil edə bilmirsiniz?

Şahvələd Çobanoğlu

Azadlıq

  • Yazılıb
  • da (də) 2011 Oct 18