Tarix : 2011 Oct 18
Kod 26054

''Azərbaycanda vəziyyət Türkmənistandan da pisdir''

Bunu Vyanada Eynulla Fətullayevə Təhrir meydanı qəhrəmanlarından olan Eiy Camal deyib
well/Aran agentliyi

“Realnıy Azerbaydjan” və “Gündəlik Azərbaycan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayev bu gün Avstriyanın paytaxtı Vyanaya səfəri ilə bağlı mətbuat konfransı keçirdi.

Oktyabrın 10-16-da keçirilmiş Dünya Naşirlər və Qəzetlər Assosiasiyasının (DNQA) 63-cü konqresi və redaktorların 18-ci forumuna dəvət olunan Fətullayev dedi ki, ilk dəfə olaraq dünya media qurumlarını bir yerdə müşahidə etmək imkanı qazanıb: “İlk gün 5 min şirkətin və 2 min qəzetin nümayəndəsinin qatıldığı DNQA iki günlük “Expo-2011” sərgisi keçirildi. Orada yeni texnoloji vasitələri görəndə mətbuatımızın texniki baxımdan 50 il geri qaldığını düşündüm. Hər il konqresdə belə sərgilər keçirilir və texnoloji nailiyyətlər mediaya təqdim olunur. Təqdim olunan texnologiyalar media haqda təsəvvürümü tam dəyişdi. Məsələn, assosiasiyanın təşəbbüsü ilə bir çox Şimali Afrika, ərəb ölkələrinin mediası smartfon vasitəsilə informasiya yayımına keçib. Təəssüf ki, informasiya yayımı ilə məşğul olan peşəkar qəzetçilərimiz konfransda iştirak etmirdi. Bu, onu göstərdi ki, yeni texnologiyalar nəinki Azərbaycanda təqdim olunmur, bu haqda heç düşünülmür də”.

Baş redaktorun sözlərinə görə, konfransa 4 qitənin aparıcı KİV-i qatılıb: “Konqresdə bir neçə tendensiyanı müşahidə etdim. Dünya mediasının nəzərini cəlb edən əsas region ərəb ölkələridir. Ərəb jurnalistləri konqresin sanki qəhrəmanları idi. Avropalılar bizim regionla bağlı bir qədər mütəəssir olub. Bölgəmizlə bağlı böyük ümidlər yoxdu. Bu, özünü media siyasətinin formalaşması strategiyasında da göstərir. Şimali Afrika və ərəb ölkələrinə ayrılan qrantlar, smartfon vasitəsilə informasiya yayımına verilən önəmlə bizə olan münasibət müqayisəyə də gəlmir. Regionumuzdakı durumla sanki barışıblar. Demək istəyirlər ki, bölgəniz düzələn deyil. Ermənistan və Gürcüstandan heç kim dəvət olunmamışdı. Təvazökarlıqdan kənar olsa da deyim ki, həbsim dünyada əks-səda doğurduğundan bir fərd kimi dəvətli idim. Yalnız Rusiya və Ukraynadan qonaqlar olsa da onlar hökumət jurnalistləri idi”.

Fətullayev dedi ki, media azadlığına həsr olunan Redaktorlar Forumunun moderatoru məşhur misirli jurnalist, Təhrir meydanı qəhrəmanlarından Şaxira Amin idi: “O, mənə söz verdi, çıxışımın mətni DNQA-nın saytı və Twitter-lə yayımlandı. Dünya mediasında problemləri vurğuladım, Avropadakı geriyə dönməni tənqid etdim. Ölkələrimizdəki mediaya yaradılan problemləri bu böhranla əlaqələndirdim”.

Fətullayevin sezdiyi digər tendensiya odur ki, Avropada veb-saytlar çox maraqlı texnologiyaya keçir, yəni milli nəşrlər regional nəşrlərini yaradır: “Bu təcrübə artıq Hindistanda da tətbiq olunur. Məsələn, tutaq ki, “Yeni Müsavat” qəzetinin Gəncə, Cənub, Şəki veb-saytları yaranıb və onlar yerli sahibkarların reklamını özünə cəlb edir. “Nyu-York Tayms” da bu sistemə keçib və xeyli reklam qazanıb”.

E.Fətullayevin sözlərinə görə, son həbslərdən sonra Qərbdə Azərbaycanın reputasiyası heç də ürəkaçan deyil: “Bunu misirli jurnalistlə söhbət zamanı sezdim. Təhrir meydanının qəhrəmanlarından Eiy Camal mənə dedi ki, Azərbaycanda vəziyyət Türkmənistandan da pisdir. Onunla razılaşmayıb bizdə az-çox müstəqil mətbuatın və internetin olduğunu söylədim. Maraqlıdır ki, Azərbaycanın reputasiyası olduğundan daha pisdir. Görünür, son hadisələr ölkə haqda müzakirələri elə pik həddə çatdırıb ki, Azərbaycanda vəziyyətin Türkmənistandan daha pis olması təəssüratını formalaşdırıb”.

Baş redaktor dedi ki, növbəti konqres Kiyevdə keçiriləcək və bu, təsadüfü deyil: “Konqresin sonuncu iclasında DNQA prezidenti Yacob Matvey məni dəvət etdi. O, regionumuzda mətbuatın vəziyyətinin dəyişməsi üçün hansı tədbirlərin keçirilməsi sualını ünvanladı və təkliflərimi eşitmək istədiyini dedi. Mənsə təklif etdim ki, növbəti tədbirə Azərbaycan da daxil olmaqla 15 respublikadan ictimai rəyə təsir edən nüfuzlu media qurumları dəvət olunsun və postsovet məkanında söz azadlığı ilə bağlı situasiyanı müzakirə edəsiniz. Azərbaycandan “Turan”ın direktoru Mehman Əliyev, “Yeni Müsavat”ın baş redaktoru Rauf Arifoğlu və “Azadlıq”ın baş redaktorunun dəvət olunmasını vacib saydım. Təklifimi norveçli həmkarlarım da dəstəklədi”.

Baş redaktor tədbirdə “Economist” jurnalının, ABS-ın SBN telekanalının rəhbərləri, Google-nin vitse-prezidenti ilə görüşüb.

musavat.com

  • Yazılıb
  • da (də) 2011 Oct 18