Tarix : 2011 Oct 21
Kod 26103

Niyə “yox” deyirlər? Demokratik islahatlar zəruridir

Bu qurum Prezident Administrasiyasından gələn göstərişlər əsasında hərəkət edir
g/arannews

 

Sərbəst toplaşmaq hüququndan istifadə etmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə üz tutan müxalifət partiyalarına hər dəfə Bibiheybət stadionu nişan göstərilir. Lakin Azərbaycan İslam Partiyası, yaxud onun üzvlərindən ibarət təşkilat komitəsi adından Bakı Şəhər İcra Hakimiyyətinə müraciətlər istənilən halda rədd cavabı ilə qarşılanır. Baxmayaraq ki, dindarlar Bibiheybət stadionunda da mitinqə hazır olduqlarını dəfələrlə bəyan ediblər.

Hökumət dindarlara aksiya keçirməyə nə üçün icazə vermir? Politoloqlar Ərəstun Oruclu və Elxan Şahinoğlu “Media forum” saytının bu sualını cavablandırıblar.

Ərəstun Oruclu qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti özbaşına deyil: “Bu qurum Prezident Administrasiyasından gələn göstərişlər əsasında hərəkət edir. Prezident Administratiyasında belə bir strategiya qurulub: demokratik müxalifəti maksimum məhdudlaşdırmaq, onun fəaliyyət çərçivəsini daraltmaq və radikal müxalifəti - hazırkı vəziyyətdə dini hüquq və azadlıqlarını qoruyan islamçıları daha da radikallaşdırmaq və qabartmaq. Bu strategiya həyata keçirilir. Yəni hakimiyyət dünyaya göstərməyə çalışır ki, Azərbaycanda islam təhlükəsi var”.

Politoloq deyir ki, son zamanlar davamlı şəkildə Azərbaycan hakimiyyətindən islahatlar aparılması tələb olunur: “Azərbaycan hakimiyyəti açıq mesajların verilməsindən narahat olur. İslahat aparmaq bu iqtidar üçün öz hakimiyyətinə son qoymaq deməkdir. Hakimiyyətin apardığı siyasət özünü də, ölkəni də elə bir həddə gətirib çıxarıb ki, ən yüngül islahat da iqtidarın sonu deməkdir.

Lakin Qərbi qorxutmaq, radikal obraz göstərmək lazımdır. Həmin obraz isə bu gün islamçılardır. Onları hətta Bibiheybətdə aksiya keçirməyə icazə verməməklə radikallaşdırmaq istəyirlər. Hakimiyyət yaxşı bilir ki, razılıq verməmək dindarların ya Təhsil Nazirliyinin qarşısında, yaxud başqa rəsmi qurumun qarşında icazəsiz toplanması ilə nəticələnəcək. Fikir verin, dindarlar Təhsil Nazirliyinin qarşısına buraxılır. Toplanmağa imkan verib dağıdırlar. Bu, İslam Partiyasının, yaxud dini qurumların keçirdiyi icazəsiz aksiyalara standart reaksiyadır”.

Ərəstun Oruclu qeyd edir ki, Azərbaycan İslam Partiyası bu gün siyasi mövqeyi daha az qabardır, nəinki dini hüquq və azadlıqları: “Hakimiyyət bilərəkdən onları radikallığa çəkir. Belə radikallıqlardan biri İslam Partiyasının sədri Mövsüm Səmədovun yanvar ayındakı çıxışı idi. O çıxışda prezident İlham Əliyevə qarşı tənqidi fikirlər yer almışdı. Nəticədə Mövsüm Səmədov partiyanın 20-dək üzvü saxta ittihamlarla - terrora hazırlıq, narkotik maddə saxlama və sairə - həbs olundular”.

Cəmiyyətin dindarlara qarşı qıcıqlı olması iddialarına gəlincə, politoloq Ərəstun Oruclu bu gün belə bir tendensiyanın olduğunu deyir: “Təəssüf ki, bu dini zümrə ilə dünyəvi zümrənin bir-birinə yaxınlaşmasına xidmət göstərmir. Faktiki olaraq bu gün dini icmalarda, dini partiyalarda özünütəcrid prosesi gedir. Dindarlar cəmiyyətin onlara qarşı qıcıqlı münasibətini görüb bir qədər də özlərinə qapılırlar və bunun radikallaşmaya xidmət etdiyini də hər kəs bilir. Dindarların bu münasibəti təkcə onların hüquqlarını pozan hakimiyyətə qarşı deyil, həm də cəmiyyətə qarşı olacaq. Avtoritar, totalitar rejimli ölkələrdə terrorizmin məhz bundan qidalandığını görürük. Terrorçular mülki şəxslərin toplaşdığı yerləri partladırlar. Niyə? Motivləri nədir? Terrorçular hesab edir ki, mülki şəxslər günahsız deyillər, ən böyük günahları da dindarlara nifrətləridir.

Çox təəssüf ki, hakimiyyət dırnaqarası müdrik və uzaqgörən siyasəti, destruktiv siyasəti ilə hər şeyi bu istiqamətə aparır. İstisna etmirəm ki, hansısa radikal dini qruplaşma terror yolu tuta bilər. Bu zaman isə məsuliyyət həmin qrupla bərabər hakimiyyətin üzərinə düşəcək. Ziyan çəkən sadə insanlar olacaq”.

Ərəstun Oruclu vurğulayır ki, hakimiyyət tutduğu destruktiv yoldan imtina etməlidir: “Axı biz bunun fəsadlarını bir sıra ölkələrdə və bölgələrdə gördük. Misal üçün, Tacikistan, Özbəkistan, Dağıstan, Çeçenistan. Məgər hakimiyyət ehtirası bu qədər güclüdür ki, ölkənin müqəddəratını, eləcə də öz talelərinini sual altına qoysunlar? Baxın, həmin Dağıstanda qətlə yetirilənlərin mütləq əksəriyyəti hakimiyyət nümayəndələridir”.

Politoloq qeyd edir ki, dindarların hüquq və azadlıqlarını tanımaq lazımdır: “Bu o demək deyil ki, bütün cəmiyyət dini ayinləri qəbul etsin. Azadlıqlar tanınsın. Belə olarsa, cəmiyyətdə bir barış olar. Olmasa, cəmiyyətdə parçalanma olacaq. Bu hisslər çox həssas hisslərdir”.

Elxan Şahinoğlunun sözlərinə görə, dindarların aksiya keçirmək müraciətinə yox cavabı vermək qorxu ilə bağlıdır: “Bu gün Azərbaycanda müxalifət iki hissəyə bölünüb. Əvvəl vardı tanıdığımız ənənəvi, sağ və sol ideologiyaya qulluq edən müxalifət. Etiraf edək ki, bu gün Azərbaycanda islami dəyərlərə söykənən müxalifət də formalaşır. Bunu etiraf etməliyik. Bura Azərbaycan İslam Partiyasını, islami dəyərlərə söykənən qeyri-hökumət təşkilatlarını, qrupları aid edə bilərik. Adlarını çəkdiyim qruplar tədricən güclənirlər. Əgər klassik müxalifət bu gün tərəfdar toplamaqda bir qədər çəkinlik çəkirsə, sadəcə, olan qüvvələri səfərbər etməyə çalışırsa, islami dəyərlərə söykənən siyasi və ictimai qüvvələr daha çox tərəfdar toplayır və proses getdikcə güclənir.

Görünür, hakimiyyət də bu vəziyyətdən qorxur və çəkinir. Ona görə də hakimiyyət proseslərin qarşısını süni yolla alır. Yəni qadağalar qoyur, həbslər aparır. Klassik müxalifətə aksiya keçirmək üçün bir yer göstərilsə də, islami qüvvələrə heç o yerin də göstərilməməsi hakimiyyətin çəkinməsi, qorxması ilə bağlıdır”.

Politoloq hesab edir ki, hakimiyyətin bu siyasəti səmərə verməyəcək: “Dünya təcrübəsi, eləcə də islam ölkələrində baş verən hadisələr göstərir ki, bu qüvvələri daha çox sıxmaqla əks effekt yaranır. Onlara olan rəğbət daha da artır. Düşünürəm ki, islami qüvvələrin öz etirazlarını bildirməsi üçün şərait yaradılmalıdır”.

Elxan Şahinoğlu qeyd edir ki, son illərdə dindarlarla bağlı baş verən hadisələr tərəfdarları arasında daxili qəzəb yaradıb: “Bu qəzəbi, etirazı insanlar hakimiyyətə çatdırmalı, bildirməlidirlər. Bunun qarşısını aldıqda isə mənfi nəticələr üzə çıxa, digər ölkələrdə baş verən mənfi tendensiyalar Azərbaycanda özünü biruzə verə bilər. Əslində ölkədə çoxları, elə mən də İslam Partiyasının ideyalarını bəyənmirəm. Amma bu o demək deyil ki, onların hüquqları pozulmalıdır. Yaxud partiya sədri Mövsüm Səmədovun yanvarın 2-də Baş Məclisdə etdiyi çıxışdakı əksər arqumentlərlə paylaşmıram. Paylaşmamaq ayrı məsələdir, onlara şərait yaratmamaq ayrı məsələdir.

Demokratik islahatlar zəruridir. Həm də ona görə ki, narazı qüvvələr fikirlərini dinc şəkildə sərbəst ifadə edə bilsinlər, başqa yollar axtarmasınlar”.
 

  • Yazılıb
  • da (də) 2011 Oct 21