Tarix : 2011 Oct 21
Kod 26104

Əliyevə “gömrük zərbəsi”

Ümumdünya Gömrük Təşkilatının Bakıda ofisinin açılması hakimiyyətin qeyri-leqal gəlir mənbələrinə zərbə vuracaq
g/arannews

 

Bakıda Ümumdünya Gömrük Təşkilatının (ÜGT) potensialın möhkəmləndirilməsi üzrə Avropa regional ofisinin açılışı keçirilib. Dövlət Gömrük Komitəsinin sədri (DGK) Aydın Əliyev bildirib ki, mərkəz ÜGT-nin Avropadakı nümayəndəliyi olacaq: “Ümumdünya Gömrük Təşkilatı dünyanı altı regiona bölüb və bunlardan ən böyüyü Avropa və MDB-nin 51 ölkəsini birləşdirir. Bu mərkəz ən böyük regiona xidmət göstərəcək”.
Komitə sədrinin sözlərinə görə, mərkəzin yerləşməsi məsələsi dörd il vaxt aparıb. “Bir çox ölkələr bu mərkəzi öz ölkəsində görmək istəyirdi. Lakin seçim Azərbaycan üzərində dayandı. Təşkilatın 174 üzv ölkəsindən heç biri mərkəzin Azərbaycanda yerləşməsinin əleyhinə çıxmayıb”, - deyə Aydın Əliyev vurğulayıb.
O, mərkəzin açılmasını Azərbaycanın gömrük sahəsindəki böyük uğuru hesab edir.
Ofisin Bakıda açılması təşəbbüsü 2009-cu ildə ÜGT-nin Avropa regionu üzrə gömrük xidmətlərinin rəhbərlərinin Norveçin Bergen şəhərində keçirilən konfransında irəli sürülüb. Azərbaycan nümayəndə heyəti bu məsələ üzrə təqdimatla çıxış edib.
2009-cu il iyunun 25-27-də ÜGT-nin Gömrük Əməkdaşlığı Şurasının Brüsseldə keçirilən 113-114-cü sessiyasının gedişində vahid regional ofisin Azərbaycanda açılması təşəbbüsü dəstəklənib və ofisin Bakıda təsis edilməsi barədə qərar qəbul edilib. Nəhayət 2009-cu ilin noyabrında Bakıda regional ofisin açılması ilə əlaqədar olaraq DGK ilə ÜGT arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb(Trend).
Aydın Əliyev Bakıda ÜGT-nin ofisinin açılışı barədə bəh-bəhlə danışsa da, bu addım Azərbaycan hakimiyyətinin marağında olmayıb. Çünki ÜGT-nin fəaliyyəti hakimiyyətin gömrük siyasəti ilə daban-dabana ziddir. Qurumun fəaliyyətinin ana xəttini gömrük pozuntularının qeydə alınması, gömrük dəyərləndirmələrinin tənzimlənməsi, malların mənşəyinin öyrənilməsi, ticarət prosedurlarının sadələşdirilməsi, korrupsiyaya qarşı mübarizə və s. bu kimi Azərbaycan hakimiyyətinin “gömrük siyasəti”nə yad prinsiplər təşkil edir. ÜGT-nin öhdəlikləri də Ilham Əliyev hakimiyyəti üçün o qədər də xoşagələn deyil. Öhdəliklərə görə, ilk növbədə ticarət fırıldağının, narkotik və siqaret qaçaqmalçılığının, çirkli pulların yuyulmasının və silah daşınmasının qarşısı alınmalıdır. Azərbaycanda isə bu halların demək olar ki, hər biri mövcuddur və qarşısı alınmaq əvəzinə daha da inkişaf etdirilir. ÜGT-nin Bakıda ofisinin açılışı ilə qurumun Azərbaycanın gömrük xidmətində adi hala çevrilən bu qanunsuzluqlara qarşı daha ciddi şəkildə mübarizə aparacağını söyləmək olar. Bu isə təbii ki, Ilham Əliyev başda olmaqla, Azərbaycan hakimiyyətinin Dövlət Gömrük Komitəsinin xəttilə əldə etdiyi gəlirlərə böyük zərbə vura bilər. Görünür, sona qədər dirəniş mümkün olmadığından Azərbaycan hakimiyyəti ofisin açılışına “hə” demək məcburiyyətində qalıb.

  • Yazılıb
  • da (də) 2011 Oct 21