Tarix : 2011 Oct 24
Kod 26157

Əliyev geopolitik məngənədə

Rusiya ilə Qərb arasında əzilən hakimiyyət Qarabağı qurban vermək istəyir
well/Aran agentliyi

Rusiya ilə Qərb arasında əzilən hakimiyyət Qarabağı qurban vermək istəyir

Rusiyanın baş naziri Vladimir Putin növbəti “bombasını partladıb”. Kremlə yenidən üz tutan KQB polkovniki buyurub ki, Azərbaycan, Özbəkistan və Türkmənistan Azad Ticarət Zonasına qoşulacaqlar. Özü də ilin sonuna kimi...

Bu açıqlamanın hansı zərurətdən yarandığına aydınlıq gətirək. Məlum olduğu kimi, Azərbaycan və Türkmənistanın əsas iştirakçısı olduğu “Transxəzər” qaz layihəsinin ləngiməsinə görə Qərb dövlətləri Rusiyanı ittiham edirlər. Onlar üstüörtülü şəkildə Kremlə mesajlarını çatdırsalar da, Türkmənistan Xarici Işlər Nazirliyi bugünlərdə açıq şəkildə bəyan edib ki, Rusiya bu layihəyə mane olmaq istəyir, amma öz məqsədinə çata bilməyəcək.

Görünür ki, bu bəyanat Kremldə ciddi narahatlıq yaradıb və etirazın digər dövlətlərə keçməməsi üçün Putin profilaktik bəyanatlar verib. Unutmayaq ki, Putin üç gün əvvəl verdiyi bir açıqlamada demişdi ki, o, yenidən prezidentliyə gəlməklə yalnız siyasi sistemi bərkitmək məqsədi güdür. Deməli, keçmiş sovet ölkələrilə yaranan boşluqlar da bura daxildir. Amma Putinin “Ilin sonuna kimi” ifadəsini həm Rusiya baş nazirinin qarşısındakılara vaxt qoyması, həm də bu proses üçün ən çətin zaman kəsiyinin olacağı kimi başa düşmək olar.

Putin bu bəyanatı verməkdə nəyə arxayındır? Bu sual isə bizim üçün “açar cavab” rolunu oynayacaq.

 

Putin nəyə arxayındır?

Bu ilin avqustundan belə bir məlumat gəzirdi ki, sentyabr ayının ortalarından etibarən Azərbaycanla Avropa Birliyi arasında assosiativ üzvlüyə dair sazişin detalları müzakirə olunmağa başlayacaq. Özü də bu proses ilin sonuna kimi yekunlaşacaq. Bu proses eyni zamanda “Transxəzər” layihəsinin razılaşdırılmasıyla start götürməli idi. Ilham Əliyevin sentyabrın sonunda Varşavada imzaladığı Bəyannamənin icrası da eyni ardıcıllığı tələb edirdi.

Fransa prezidentinin Bakıya iki saatlıq səfərinin nəticəsi kimi, Mehriban Əliyevanın hansısa medalla təltif olunması göstərildi. Amma bu ziyarətin ardından Bakıya gələn Avstriya prezidentilə görüşdən sonra Ilham Əliyevin “Transxəzər” layihəsilə bağlı “mövqeyimizi dəqiqləşdirməmişik” fikri göstərdi ki, Sarkozi də eyni cavabı alıb. Əksinə olsaydı, o zaman Avstriya prezidentinə “yox” deməyin mənası olmazdı.

Beləliklə, Putinin bu cür açıq bəyanat verməsinə əsas yaradan faktorlardan başlıcası təbii ki, Ilham Əliyevin belə bir mövqe tutmasıdır. Aydın görünür ki, Putin Türkmənistanın bu mövqeyinə görə onu Azərbaycan vasitəsilə cəzalandırmaq istəyir. Çünki Türkmənistanın anti-Rusiya mövqeyindən sonra Azərbaycanın “Transxəzər”lə bağlı tərəddüdləri birincini çətin duruma sala bilər. Bu baxımdan Qərbin Azərbaycan hökumətinə təzyiqlərinin güclənəcəyi gözlənilir.

 

Yarımçıq sülh”ün  kökü tapıldı

Xarici işlər naziri Elmar Məmmədyarovun hər kəsi heyrətə gətirən sülh təklifinin mahiyyəti indi aydın oldu. XIN şefinin “açıq qalan məsələlər saxlanılmaqla, razılaşdırılmış prinsiplər üzrə sülh sazişini imzalaya bilərik” fikri, əslində, Azərbaycan hökumətinin növbəti çətin vəziyyətdə “Qarabağı sataraq, hakimiyyəti qorumaq” cəhdindən başqa bir şey deyil. Görünür, Rusiya və Qərb arasındakı məngənədən hakimiyyətini salamat çıxara bilməyəcəyini görən Əliyev Qarabağı peşkəş təklif edir ki, basqılar bir qədər azalsın. Amma ilk növbədə onu bilmirlər ki, hazırki status-kvoda saziş imzalamaq Rusiyanın xeyrinə olar və bu, Qərbi heç cür razı sala bilməz.

Digər tərəfdən, Azərbaycandakı telekanalların hər gün təbliğ etdiyi kimi, Avropa Birliyi və ya ABŞ-ın Rusiyaya qoşulub “böyük erməni dövləti” yaratmaq kimi bir dərdləri yoxdur. Çünki bu elə Rusiyanı gücləndirmək demək olar. Qərb ölkələri burada sabit demokratik sistem qurulmasını istəyirlər ki, həm iqtisadi, həm də təhlükəsizlik maraqları təmin olunsun. Buna müqavimət göstərənləri isə elə də yaxşı tale gözləmir.

  • Yazılıb
  • da (də) 2011 Oct 24