Tarix : 2011 Oct 27
Kod 26216

İctimai-Palata Naxçıvanla Bağlı Sərt Bəyanat Verdi

İctimai-Palata Naxçıvanla Bağlı Sərt Bəyanat Verdi
well/Aran agentliyi


1993-cü ildən bu günə kimi - sülələ rejiminin hakimiyyətdə olduğu dövrdə Azərbaycan cəmiyyəti milli azadlıq hərəkatı nəticəsində əldə etdiyi demokratik nailiyyətləri itirə-itirə yürüməkdədir. Əsas insan azadlıqlaqları, sərbəst toplaşma, söz, mətbuat özgürlüyü, mülkiyyət hüquqları, azad bazar iqtisadiyyatı çökdürülmüş vəziyyətdədir. Körrupsiya və hakimiyyət özbaşınalığı insani və qanuni nə varsa hamısını cürüdüb məhv etməkdədir.
Bütün ölkə boyu ağır olan bu vəziyyətin ən acınacaqlı həlqəsi isə Naxçıvandır. Naxçıvan Vasif Talıbovun idarəetməsi altında insanlar üçün dəhşətli bir cəhənnəmə, işgəncə poliqonuna, istər siyasi, istər sosial-iqtisadi, istərsə də geopolitik baxımdan təhlükəli bir əraziyə çevrilib.
Naxçıvanda baş verənlər müşahidəçi beynəlxalq təşkilatlarda dəhşət doğurur. Muxtar Respublikada iki nəfərin bir araya gəlməsinə yol verilmir, insanlar zorla polisə aparılır, səbəb göstərilmədən saxlanılır və işgəncəyə məruz qoyulur. Naxçıvanda vətəndaşın şəxsi və mülkiyyət azadlığı yoxdur, icra qurumları istənilən adama zor tətbiq edərək mülkiyyətini zəbt edir, ölkədən çıxarır, etiraz edənləri dəlixanaya salır. Hüquq müdafiəçiləri bölgədə haqqını tələb etdiyi üçün dəlixanaya atılmış vətəndaşların siyahısını mətbuata təqdim etmişdir.
Ticarət və bisnes sahəsində yalnız Vasif Talıbovun qohumları və yaxın çevrəsi məşğul ola bilər, belə bir iddiaya düşmüş digər vətəndaşlar talan və müflis edilir. Mətbuat və hüquq müdafiəçiləri təqib olunur, region əhalisinin yarısından çoxu işsizlik və repressiyalar ucbatından evlərini tərk ediblər. Naxçıvan artıq ev-ev deyil, kənd-kənd boşalmaqdadır.
Bu gün Naxçıvanda milli və dövləti xəyanət həyata keçirilir. Evlərini tərk etmiş sakinlərin yurdlarına xaricdən gətirilmiş kürd kökənli separatçı əhval-ruhiyyəli köçlər yerləşdirilir, onlara torpaq almaq, işləmək və qazanmaq imtiyazları verilir.
Beynəlxalq təşkilatlar, o cümlədən “Sərhədsiz Reportyorlar” Naxcıvanda söz azadlığına olan basqını hədsiz olduğunu və hakimiyətin mətbata qarşı daha repressiv arsenal tətbiq etdiyini qeyd edir.Naxçıvana ezam edilmiş müxbirlər hakimiyyət tərəfindən təqib olunur, mülki geyimli qoluzorlular tərəfindən zorla maşınlara mindirilib MP ərazisi hüdudlarından kənara çıxarılır.
Turac Zeynalov adlı yerli vətəndaş MTN-də öldürülmüş, bu məlumatı yayan və mərhumun qohumlarından müsahibə alan Turan agentliyinin müxbiri təzyiqlərə məruz qalmışdır.
Regionda ağır şərtlər altında çalışan hüquq müdafiəçiləri bildirirlər ki, son günlər Naxçıvanda müstəqil hüquq müdafiəçilərinə, haqqlarını tələb edən vətəndaşlara qarşı təzyiqlər daha da şiddətlənib. Naxçıvan Demokratiyanın İnkişafı və İnsan Hüquqları Resurs Mərkəzinin rəhbəri Məlahət Nəsibova bildirib ki, muxtar respublikanın əhalisi qorxu içində və informasiya boşluğunda yaşayır. Bölgədə müstəqil mətbuat yoxdur, paytaxtda çıxan müxalif və müstəqil nəşrlər muxtar respublikaya, demək olar ki, buraxılmır, hüquq mühafizə orqanları mətbuat yayıcılarını təqib edir. Xüsusi xidmət orqanı interneti izləyir və muxtar respublikada hansısa məmurun müxalif saytı oxumaq cəhdi sərt cəzalandırılır.
Naxçıvan ziyalılarının Bakıda bir araya gələrək regiondakı bu acınacaqlı vəziyyəti müzakirə etməsi də vəziyyətin zənn eildiyindən daha mürəkkəb olduğunu ortaya çıxarmışdır. Ziyalılar Naxçıvanı Azərbaycanın Quantanamosu adlandırmışlar. Eyni zamanda bir qrup hüquq müdafiəçisi və media nümayəndəsinin sentyabr ayında Naxçıvana səfər etməsi göstərmişdir ki, MR-da tam bir hakimiyyət terroru əsdirilir. Hətta yerli ombudsman nəinki KİV nümayəndələri ilə görüşmüş, hətta onları həbslə təhdid etmişdir.
Son günlər RATİ-nin verdiyi bəyanata görə “Alim Fərəcov” imzası ilə Facebook sosial şəbəkəsində Naxçıvan xəbərləri adlı qrup yaradaraq regionda baş verən özbaşınalıqlar, qanunsuzluqlar haqqında məlumat və şərh yazan daha bir bloger – Cavid Heydərov artıq 20 gündür ki, yoxa çıxmışdır.
Acınacaqlı haldır ki, Azərbaycan hakimiyyəti uzun illərdən bəri Naxçıvanda baş verən qanunsuzluqlar, özbaşınalıqlar, cinayətlər haqqında heç bir şərh verməyib. Bu səbəbdən beynəlxalq ictimaiyyətin Naxçıvandakı vəziyyətlə bağlı reaksiya verməsi zəruləşmişdir.
Ictimai Palata Azərbaycan cəmiyyətinin bütün zümrələrinin diqqətini Naxçıvanda baş verən hakimiyyət cinayətkarlığına yönəltməyə, olaylara biganə qalmamağa səsləyir.
Ictimai Palata Azərbaycan iqtidarını Naxçıvanda rəvac verdiyi qeyri insani, qeyri qanunu, anti-demokratik idarəetməyə son verməyə çağırır, xalqın iradəsini əzməyin, haqlarını pozmağın nəticələrinin ağır olduğunu xatırladır.
İctimai Palata beynəlxalq təşkilatların, demokratiyanı müdafiə edən dövlət birliklərinin Naxçıvanda insanlığa, qanunçuluğa, demokratik dəyərlərə qarşı baş alıb gedən idarəetmə cinayətlərinə daha dərindən diqqət etməyə və bütün demokratik qüvvələrdən Naxçıvanın faciəvi vəziyyətinə həssas yanaşmağa çağırır.

  • Yazılıb
  • da (də) 2011 Oct 27