Tarix : 2011 Oct 27
Kod 26221

Azərbaycanda fəhlələrə zülm edən xarici şirkət rəhbəri erməni imiş

Alberto Cattozinin azərbaycanlı əməkçilərlə xarici əməkçilər arasında ayrı-seçkilik etməsinin gerçək səbəbləri məlum olub
well/Aran agentliyi

 

Ələt-Astara yolunu çəkən İtaliyanın “Todini” şirkətinin Azərbaycandakı baş meneceri Alberto Cattozinin azərbaycanlı əməkçilərlə xarici əməkçilər arasında ayrı-seçkilik etməsinin gerçək səbəbləri məlum olub. Salyandakı qaynaqlarımızdan redaksiyamıza daxil olan məlumata görə, Alberto Cattozi Suriya ermənisidir və azərbaycanlılara qarşı münasibəti də məhz onun milli kimliyindən qaynaqlanır.

Yada salaq ki, təxminən 2 həftə əvvəl Salyanın Çuxanlı kəndində şirkətdə çalışan 500 azərbaycanlı işçi hüquqlarının pozulmasına etiraz edərək işi dayandırmışdılar. Fəhlələr Çuxanlıda olan reportyorlarımıza demişdilər ki, onlarla işləyən taciklərə 750, eyni işi görən azərbaycanlılara isə 90 manat maaş verilir. Üstəlik, hər fürsətdə şirkət rəhbərliyi onları təhqir edir, azərbaycanlıları oğru adlandırır.
Yerli hüquq müdafiəçisi Emil Məmmədov isə bildirmişdi ki, şirkət rəhbəri Kapoçi Baxatelli fəhlələrlə çox kobud davranır, hətta onları “qara eşşək” adlandırır. Fəhlələr arasında ayrı-seçkilik qoyulur. Eyni işi görən italiyalı işçi 3-4 min avro, yerli işçi isə 300-400 manat maaş alır.
Salyandakı qaynağımız “Todini”nin Azərbaycandakı nümayəndəliyində 2 erməninin işlədiyini də söyləyib: “Bir neçə günə həmin şəxsin kimliyi barədə də mətbuata məlumat verəcəyik”.
Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı “Yeni Müsavat”a açıqlamasında bildirib ki, oxşar məlumatları onlar da alıb. Hüquq müdafiəçisi Salyandakı fəhlə üsyanı ilə bağlı Dünya Bankına müraciətinin artıq araşdırılmasına başlandığını da deyib: “Dünən (srağagün-red.) Dünya Bankının nümayəndələri Salyanda olaraq azərbaycanlı fəhlələrin üzləşdiyi diskriminasiya və digər məsələlərlə maraqlanıb. Bu layihəni Dünya Bankı maliyyələşdirdiyindən yol çəkilişi zamanı işçilərin hüquqlarının pozulması ilə bağlı bu quruma müraciət etmişdik. İşçilərlə əmək müqaviləsi bağlanmasını, ayrı-seçkiliyə son qoyulmasını, əcnəbi işçilərlə azərbaycanlı işçilərin eyni yeməkxanadan istifadə etməsini, qum karxanasında çalışanlara normal iş şəraitinin yaradılmasını xahiş etmişdik. Fəhlələr baş verənlərlə bağlı fikirlərini bankın nümayəndələrinə çatdırıb. Onlar Kopoçi ilə birgə işləmək istəmədiklərini də diqqətə çatdırıblar. Bank bu məsələni nəzarətə götürüb və yəqin yaxın vaxtlarda nəticəsini də görəcəyik”.
M.Qəhrəmanlı “Todini”də çalışan azərbaycanlı fəhlələrin diskriminasiyaya məruz qalması ilə bağlı “Azəryolservis”ə göndərdikləri şikayətə hələ də cavab verilmədiyini söyləyib.
Qeyd edək ki, Ələt-Astara yolunun tikintisi bu ilin fevralında başlanıb və 2013-cü ildə başa çatacaq. Mövzunu diqqətdə saxlayacağıq.

musavat

  • Yazılıb
  • da (də) 2011 Oct 27