well/Aran agentliyi
İsrailin “Mossad”a yaxınlığı ilə bilinən www.debka.com portalı Azərbaycanın bu ölkə ilə hərbi-strateji sahədə tərəfdaşlığına dair çox mühüm və sensasion detalları açıb. Saytın dərc etdiyi məqalədə deyilir ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi İsraillə son illərdə kifayət qədər sıx hərbi və iqtisadi əlaqələr quran bu ölkənin dünya üçün əhəmiyyətli olacağını göstərir.
Sayt bildirir ki, Azərbaycan Türkiyənin hərbi sənayesinə qarşı çağırış xarakterli addım ataraq İsraillə hərbi əməkdaşlığa üstünlük verir. Rusiya, İran və Ermənistan da Azərbaycanın İsraillə əməkdaşlığına narahatlıqla yanaşırlar. Xüsusən ona görə ki, Azərbaycan ordusu İsraildə istehsal edilən pilotsuz kəşfiyyat təyyarələri ilə sürətlə silahlanmaqdadır. Bu təyyarələrin bir hissəsi Bakıdakı zavodda yığılır. “Həm Moskva, həm Tehran İsrailin Azərbaycanla genişlənməkdə olan hərbi tərəfdaşlığını əngəlləmək üçün fəal şəkildə cəhdlər göstərir. ”Debka" saytı hərbi mənbələrə istinadən xəbər verir ki, yaxın iki ay ərzində Azərbaycan ordusu daha 60 pilotsuz kəşfiyyat təyyarəsi əldə edəcək. Bunlar 4-6 kilometr yüksəklikdə uça bilən və havada 5 saat qalan “Orbiter 2M” və 10 kilometr yüksəkliyə qalxan, havada fasiləsiz olaraq 12 saat qala bilən “Aerostar” təyyarələridir. Təyyarələrin komponentlərinin 70 faizi İsraildə, qalan hissəsi Bakıda istehsal edilir. Lakin bu əməkdaşlıq hələ başlanğıcdır",- deyə, sayt yazır.
Sayt yazır ki, Azərbaycanla İsrail arasında raket daşıya bilən pilotsuz kəşfiyyat təyyarələrinin alınmasına dair danışıqlar da gedir. Saytın istinad etdiyi anonim mənbələr bildirir ki, söhbət İsrailin “Elbit” şirkəti tərəfindən istehsal edilən “Hermes 450" pilotsuz kəşfiyyat təyyarələrindən gedir. ”Qərbin kəşfiyyat xidmətlərinin məlumatlarına görə, Təl-Əvivlə Bakı arasında İsrail istehsalı olan kəşfiyyat peyklərinin alınmasına dair danışıqlar da aparılmaqdadır. Tehran isə bu əməkdaşlıqdan çox narahatdır. İran mənbələri xəbər verir ki, İsrail Xəzər sahillərində yerləşdirdiyi radar stansiyasına əlavə olaraq Azərbaycanda uzaqmənzilli pilotsuz kəşfiyyat təyyarələri üçün Tehranın nüvə obyektlərini nəzarətdə saxlamağa imkan verən baza əldə etmək istəyir. Türkiyə də İsraili Azərbaycanın pilotsuz kəşfiyyat təyyarələri “bazarından” vurub çıxarmaq üçün uğursuz cəhd edib. Bu yaxınlarda Bakıya səfəri zamanı Türkiyənin müdafiə və hərbi sənaye naziri Murat Bayar Azərbaycanı inandırmağa çalışıb ki, İsraildən taktiki pilotsuz kəşfiyyat təyyarələri almaq əvəzinə Ankaradan uzaqmənzilli pilotsuz təyyarələr alsın. Nazir Azərbaycan ərazisində bu təyyarələrin birgə istehsalı üçün zavod açmağı da vəd edib".
Lakin sayt qeyd edir ki, Türkiyənin pilotsuz kəşfiyyat təyyarəsi hələ sınaq prosesindədir və bu iş gələn ilə qədər başa çatmayacaq. Azərbaycan isə bu məsələ ilə bağlı konkret cavab verməyib, bildirilib ki, Türkiyə istehsalı olan pilotsuz təyyarələrin sınağı başa çatandan sonra məsələyə yenidən qayıtmaq olar. Sayt daha sonra bu ilin sentyabrında Azərbaycanın işğal altında olan Əsgəran rayonu üzərində vurulmuş pilotsuz kəşfiyyat təyyarəsi barədə ilginc xəbərə yer verib. Bildirilir ki, İsrail istehsalı olan “Hermes 450" təyyarəsinin üzərində Azərbaycan Hərbi Hava Qüvvələrinin tanınma nişanı olub. (Zəruri qeyd: Ermənistan iddia edib ki, təyyarə Azərbaycana məxsusdur və erməni zenitçiləri tərəfindən vurulub. Lakin rəsmi Bakı təyyarənin Azərbaycana aid olduğunu təsdiq etməyib-red.) Sayt xarici hərbi qaynaqlardan əldə etdiyi məlumata istinad edərək bildirir ki, təyyarəni Ermənistan istiqamətindən Dağlıq Qarabağa keçən Rusiya zenitçiləri vurublar. Məlumata görə, Rusiya zenitçiləri özləri ilə birlikdə pilotsuz kəşfiyyat təyyarələrini aşkar edib vurmaq üçün xüsusi zenit qurğusu da gətiriblər. Məqalədə deyildiyinə görə, Qərb mənbələri qeyd edir ki, Moskva Azərbaycan pilotsuz kəşfiyyatçısını 4 səbəbdən vura bilərdi: 1. İsrailə Xəzər regionundan və oradakı münaqişələrdən uzaq durmaq barədə mesaj vermək üçün; 2. 2009-cu ildə Rusiyada pilotsuz kəşfiyyat təyyarələrinin istehsalı üçün zavod açacağını vəd edən, lakin daha sonra bu vədindən qaçan İsraildən qisas almaq üçün; 3. Moskva Tehrana mesaj verib ki, onun Xəzərdəki maraqlarını müdafiə etməkdə ciddidir, bu məqsədlə hərbi, diplomatik və kəşfiyyat üsullarından istifadə edir;
4. Dağlıq Qarabağın “Müdafiə Nazirliyi” xüsusi olaraq vurulmuş təyyarənin qalıqlarını nümayiş etdirib, Bakıya və İsrailə mesaj verilib ki, əgər Azərbaycanın pilotsuz kəşfiyyatçıları uçmaqda davam etsə, qalıqlar İran kəşfiyyatına ötürülə, nəticədə Tehran onun sirlərini əldə edə bilər.
Qeyd edək ki, Azərbaycanın İsraillə təhlükəsizlik və hərbi sahədə əməkdaşlığı yeni deyil. Bu əməkdaşlıq çərçivəsində indiyədək İsraildən bir çox modern silahlar və hərbi texnika, o cümlədən hədəfi dəqiq vura bilən raket sistemləri əldə edilib. Qərb ölkələrinin Azərbaycana müasir texnologiyalara əsaslanan silah sistemlərini satmaqdan imtina etdiyi bir vaxtda İsraillə bu cür əməkdaşlıq kifayət qədər mühümdür və strateji önəm kəsb edir. İsraillə Azərbaycan arasında təhlükəsizlik və hərbi sahədə əməkdaşlıq isə İranla Ermənistanı ciddi narahat edir. Dəfələrlə İran ayətullahları və hərbi rəhbərliyi bu əməkdaşlığı kəsmək üçün Bakıya təzyiq ediblər, təhdidlərə əl atıblar. Bugünlərdə İranın müdafiə naziri Əhməd Vahidi Bakıya səfər edib və ekspertlər ehtimal edib ki, o, Tehran rəhbərliyinin hansısa hədə mesajını gətirə bilərdi. Doğrudur, son vaxtlar Türkiyə ilə İsrail arasında münasibətlərin korlanması Bakını bir qədər çətin vəziyyətdə qoyub. Lakin belə görünür ki, rəsmi Bakı Türkiyə ilə həmrəylik xatirinə İsraillə strateji xarakter daşıyan hərbi-texniki əməkdaşlığı kəsmək niyyətində deyil.
Bununla belə, son vaxtlar İsrailin Türkiyəyə cavab olaraq Ermənistanla yaxınlıq etməyə hazırlaşdığı haqda xəbərlər yayılıb. İsrailin hökumət çevrələrində yaxşı mənbələrə malik olan “İzRus” portalının yaydığı xəbərdə deyilir ki, bu ayın sonlarında, gələn ayın əvvəllərində İrəvandan Təl-Əvivə siyasi və strateji sahədə məsələləri müzakirə etmək səlahiyyətinə malik yüksək rütbəli rəsmi şəxs səfər edəcək. Həmin rəsminin İsraillə məhdud formada da olsa hərbi sahədə əməkdaşlıq imkanlarını da araşdıracağı deyilir. Səfərə hazırlıqla İsrail XİN-in Mərkəzi Avropa və Avrasiya ölkələri üzrə “Avrasiya-2" departamenti məşğul olur. Portal XİN-dən bu səfərlə bağlı şərh almaq istəyib, lakin bildirilib ki, nazirlik hələlik heç bir şərh verməkdə maraqlı deyil. Ermənistan XİN və İsrailin bu ölkədəki səfiri isə ümumiyyətlə, danışmaq istəməyib. İsrailli ekspertlər isə hesab edir ki, hökumətin Türkiyəyə cavab olaraq Ermənistanla yaxınlıq etmək cəhdləri Azərbaycanla strateji münasibətləri korlaya bilər. Çünki Ermənistan regionda İran üçün nə dərəcədə əhəmiyyətlidirsə, Azərbaycan da İsrail üçün o qədər mühüm ölkədir.