Tarix : 2011 Oct 28
Kod 26238

''İcazəsiz dini təbliğ etmək, İslami mərasim keçirmək qadağandır''

Azərbaycandan kənarda dini təhsil almaq, təhsil almış şəxslərin İslam dininə aid ayin və mərasimləri həyata keçirməsi qadağan olunur
well/Aran agentliyi

 

Dini fəaliyyətlə bağlı olacaq dəyişikliklər layihəsi bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və İnsan haqları komitələrinin birgə iclasında müzakirə edilərək parlamentin plenar sessiyasına tövsiyə olunub.İnzibati Xətalar Məcəlləsinin 300-cü maddəsinə edilmiş dəyişikliklə dini etiqad haqqında qanunvericiliyin pozulması hesab olunan fəaliyyətlər müəyyənləşdirilib.

Belə ki, dəyişiklik qüvvəyə mindikdən sonra müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmadan vətəndaşların dini təhsil müəssisələrində təhsil almaq üçün xaricə göndərilməsi, din xadimlərinin mübadiləsi, İslam dininə aid ayin və mərasimlərin Azərbaycandan kənarda dini təhsil almış vətəndaşlar tərəfindən həyata keçirilməsi, qanunla müəyyən olunmuş qaydada satışına icazə verilən dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının müvafiq icra hakimiyyəti orqanının razılığı ilə yaradılan ixtisaslaşdırılmış satış məntəqələrindən kənarda satılması, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması dini qanunvericiliyin pozulması hesab olunacaq.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən dini təbliğatın aparılması qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını yaymaqla (satılmaqla) törədildikdə Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən cinayət məsuliyyətinə səbəb olur.

Cinayət Məcəlləsinə təklif edilən əlavə və dəyişikliyə görə, müvafiq razılıq olmadan dini dəyinatlı ədəbiyyat, əşyalar və dini məzmunlu materiallar istehsal, idxal etmə, satma və yaymaya görə 167-2 maddəsi əlavə olunub. Həmin maddəyə görə, 5000 manatdan 7000 manatadək cərimə və ya iki il müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Eyni əməllərin təkrar, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya vəzifəli şəxs tərəfindən törədilməsinə görə 7000 manatdan 9000 manatadək cərimə və ya iki ildən beş ilədək müddətinə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təklif olunan digər dəyişikliyə görə, Cinayət Məcəlləsinin 167-ci (dini ayinləri icra etməyə mane olma) maddəsinin sanksiyası ağırlaşdırılaraq nəzərdə tutulan cərimənin məbləği 100-500 manatdan 1000-2000 manatadək artırılıb.

Cinayət Məcəlləsinin 167-1.1, 167-1.2 (dini etiqad etməyə məcbur etmə) maddəsinin sanksiyasında nəzərdə tutulan cərimənin məbləği 500-1000 manatdan 3000-5000 manatadək artırılacaq.167-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulan 1000-2000 manatadək cərimənin məbləği 7000-9000 manatadək artırılması təklif olunub.

apa/trend

  • Yazılıb
  • da (də) 2011 Oct 28