Tarix : 2011 Oct 28
Kod 26239

Hacı Tale Bağırovun məhkəməsindən reportaj

Bu gün Bakı şəhəri Nərimanov rayon məhkəməsində saat 11:40-da ilahiyyatçı Tale Bağırov və Elşən Abbasovun məhkəmə-istintaq prosesi keçirilib
well/Aran agentliyi

 

Məhkəməyə hakimliyi Turqay Hüseynov edib.

Vəkil Anar Qasımlı və Azər Nağıyev ilk öncə məhkəmədə hakimin dəyişdirilməsinə vəsatət verdilər . Avropa insan haqları konvensasiyasına əsasən hakim bir şəxsi inzibati xətalar məcəlləsinə əsasən həbs edirsə, daha sonra onu cinayət məcəlləsi maddəsi ilə mühakimə edə bilməz.

Belə ki, 6 may aksiyasında həbs olunan Tale Bağırov və Elşən Abbasov Turqay Hüseynov tərəfindən 15 günlük inzibati xətalar məcəlləsinə əsasən həbs olunmuş. Daha sonra isə adı çəkilən məhkumlar barəsində cinayət məcəlləsinin 222.2 və 233 maddələri ilə ittiham irəli sürülüb. Vəkillər eyni hakimin qanuna uyğun olmadığı üçün vəsatət qaldırdılar. Dövlət ittihamçısı Bəşir məllim isə hakimin dəyişdirilməsinə yetərli dəlil olmamasını sübut gətirərək vəsatətin baxılmamış sayılmasını istəyib. Anar Qasımov gələcəkdə bu barədə Avropa məhkəməsinə şikayət ediləcəyini deyib.

Daha sonra hakim müşavirəyə yollanıb.

Hakim müşavirədən qayıtdıqdan sonra vəkillərin hakimin dəyişdirilməsi ilə bağlı qaldırdığı vəsatətin təmin edilmədiyini bildirib.

Bundan sonra dövlət ittihamçısı Bəşir məllim ittihamnaməni oxudu və müttəhim Elşən Abbasov və Tale bağırovun ifadələrini aldı.

Vəkil Anar Qasımlı bildirdiki ittihamnamədə qaranlıq məsələlər var. Bunlardan biri budur ki, zərər çəkmişlər aksiya ilə bağlı digər həbs olunanların məhkəmələrində də iştirak etmişdir. Yəni zərərçəkmişlərə 1150 manat həm Adil (ad şərtidir) tərəfindən ziyan verilib həm də Tale Bağırov tərəfindən. Ya 1150 manat bu cinayətdən ittiham olunanlar arasında bölünməlidir. Ya da 6 may aksiyasına görə həbs olunanların məhkəməsi eyni keçirilməli idi. Həmçinin polislərin döyülməsi məsələsində. Daha öncə tərtib olunan ittihamnamədə 10 nəfərin Tale Bağırov tərəfindən döyüldüyü qeyd olunsa da, dövlət ittihamçısının oxuduğu ittihamnamədə 30 polis qeyd edilib. Biz o 30 nəfərin siyahısını tələb edirik. Bəlkə biz onlarla barışığa gələcəyik və daha öncə də olduğu kimi onlar şikayətlərini dala götürəcəklər.

Bu zaman mübahisə yarandı. Dövlət ittihamçısı Anar Qasımlını tez-tez yaşının az olması ilə ittiham edərək onun mübahisə etməməsini və deyilənlərlə razı olması fikrini irəli sürürdü.

D. İ. – Cavan oğlansan mənimlə mübahisə edirsən. Yaşın azdı… Guya yaxava medal taxacaqlar. Yaxudda çöldə-bayırda özündən danışacaqsan.

A.Q. – Niyə siz bayaqdan mənim yaşımın az olduğunu deyirsiniz. Mən deyirəm ki, siz qocalmısınız, qocası olduğunuza görə də yaşınız keçib artıq ağı-qaradan ayıra bilmirsiniz?

Mübahisə az sonra sona çatır...

Hakim Turgay Hüseynov, Elşən Abbasova çıxış üçün söz verdi. Elşən Abbasov çıxışı zamanı deyib: “Mən həbs olunana qədər Hacı Taleni tanımamışam. İttihamnamədə bildirilir ki, mən polisə xəsarət yetirmişəm. Əslində isə mən məhkəmənin qarşısına gəlmək istəyəndə polislər məni tutub gətirdilər 18-ci polis bölməsinə. Bundan sonrada inzibati xətalar məcəlləsinə əsasən məni 15 günlük həbs ediblər. Daha sonra isə barəmdə cinayət işi açılıb.

İlahiyyatçı Tale Bağırova söz verildikdə o deyib: “Əgər cinayət işi açılmalıdırsa bu hicabı qadağan edənlərə açılmalıdır. Mən barəmdə açılan iddialardan heç nə baş açmıram. Hansı ki, polis xəbərdarlıq etmədən bizə dəyənək və qazla hücum etdi. Daha sonra məni yolda tutdular. Şahidlər isə yalan ifadə verirlər. Məni qrupun içindən tutduqlarını bildirirlər. Mən 5 il boksla məşğul olmuşam. Yarışlarda ölkə çempionu olmuşam. O ki, polis deyir mən ona yumruq vurmuşam barmağı cızılıb, şişib. Bu yalandır. Mən ona yumruq vursaydım onun çənəsi, qolu çıxardı. Sadəcə mən nazirliyin inzibati binasının qarşısına tərəf qaçanda o mülkü geyimli polis əllərini açaraq məni tutmaq istədi. Mən də sürətlə qaçdığımdan onunla toqquşmamaq üçün manevr etdim. Bu zaman əlim onun əlinə dəydi.Bu da qəsdən olmayıb. Biz axır nəfəsimizə qədər hicab qadağasının aradan qaldırılmasına çalışırıq. Mən bir ilahiyyatçı kimi özümə vəzifə bilmişəm ki, aksiyada iştirak edib. Burdan iqtidara səslənib deyirəm ki, tezliklə hicab problem həll olunmalıdır. 100 minlik imza kampaniyası dövlət üçün ən əlverişli şərait yaratdı ki, bundan istifadə edərək hicab problemini həll etsin. 1 ildir hicablı qızlar dərsdən yayınırlar. Buna şərait yaradanlar bu gün bu barmaqlıqlar arxasında olmalıdır. Bir gün xalqımız oyanacaq və biləcək ki, xalqa kimlər xəyanət edib. Nə qədər gec deyil İslam dininə olan təzyiqləri yığışdırsınlar.

Burda hakim Tale Bağırovun sözünü kəsərək: “Bu çıxışları azadlığa çıxdıqdan sonra edərsən” dedi. Dövlət ittihamçısı da bu cür siyasi çıxışları burda səsləndirməmək lazım olduğunu bildirdi.

Tale Bağırov daha sonra deyib: “Mən istər barmaqlıq altında olsun, istər çöldə söz azadlığım və özümü müdafiə haqqım var. Siz özünüzdə bilirsiniz ki, mənim həbsim siyasi sifarişlə olub. Polislər məndən haqqımı halal etməyi dəfələrlə istəyiblər. Mən onlara haqqımı halal etmişəm. Lakin onlara sifariş verən və hicaba qadağa edənlərə haqqımı heç vaxt halal etməyəcəm. Polislər özləridə göstərişin yuxarıdan gəldiyini, vəzifələrinə əməl etməli olduğunu bildiriblər. Mən ittiham olunduğum maddələri qəbul etmirəm. Heç bir şüar səsləndirməmişəm. Yəni buna imkanım olmayıb. Məni aksiyanın təşkilində və liderlik etdiyimə görə ittiham ediblər. Buda əsassızdır. Mən özüm Facebook sosial şəbəkəsində aksiya ilə bağlı məlumatı görmüşəm. Bütün Bakıya kameralar quraşdırılıb. Təhsil Nazirliyinin inzibati binası qarşısında 10-a yaxın kamera var. Çox güman Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıda orda olub. 3 saniyəlik kadr göstərin ki, mən hər hansı şüar səsləndirmişəm yaxud da hansısa qruplaşmanın daxilində olmuşam, hansısa polisə təzyiq göstərmişəm. Bu kadrları göstərsəniz barəmdəki ittihamları qəbul edərəm.”

Daha sonra şahid qismində məhkəməyə polis dəvət olundu. Polis sanki ifadəsindən xəbərsiz idi. Olayları unutduğunu, yalnız yadında bunun qaldığını bildirib: “Allahu Əkbər, Hicaba azadlıq və Misir Kafir şüarları səsləndirirdilər. Yolu bağlamışdılar. Biz onlara dedikki gedin evinizə. Buranı tərk edin. Onlar isə bizim sözümüzə qulaq asmayıb aksiyanı davam etdirdilər. Mən bu qardaşı (əli ilə Tale Bağırovu göstərir) gördüm ki, yanındakılara şüarları deyir onlarda səsləndirirdilər. Onlara yol göstərir və istiqamət verirdi.”

Vəkil Anar Qasımov şahidə suallar verib.

A.Q. - Niyə məhz toplumun içindən Tale Bağırovu tutdunuz?

Ş. – O görkəmli idi. O birilərindən seçilirdi. Bu yerdə zalda gülüş sədaları gəldi.

A.Q. - Görkəmli olduğuna görə onu lider hesab etdiniz?

Ş. – Tək görkəmli olduğuna görə yox, yanındakıları istiqamətləndirdiyinə görə.

Anar Qasımlı şahidin daha öncə yazdığı ifadəni tələb etdi. Şahid polisin ifadəsi hakimə təqdim olundu və hakim ifadəni oxudu.

A.Q.- İfadəni özünüz yazmısınız?

Ş. -Yox mən yazmamışam. Eynəyim olmadığımdan özüm yaza bilməmişəm.

A.Q.- Bəs özünüz oxumusunuz?

Ş.- Əəə yox. Deyirəm eynəyim yox idi.

A.Q.- Mən “ə” deyiləm. Bura ictimai və ciddi yerdi. Mən “siz”-lə müraciət edirəm siz isə “ə” ilə. Siz polis nəfərisiniz.

Ş.- Bağışlaye sən Allah danışığım belədi.

Vəkil Anar Qasımlı əvvəlki ifadə ilə şahidin indi verdiyi ifadənən bəzi məqamlarda uyğun gəlməməsi ilə bağlı suallar verdi.

A.Q. – Bayaq dediniz ki, məm Talei polis bölməsinə apardım, qayıtdığımda isə artıq aksiya dağıdılmışdı. Lakin ifadənizdə deyirsiniz ki, Talei polis maşınına mindirdim və yenidən aksiyaya qayıtdım . İndi bunlardan hansı doğrudur?

Ş.- Mmm (başını qaşıyır və hakimə baxır). Yadımdan çıxıbda... Gör neçə ay keçib. Xatırlamıram.

Anar Qasımlı daha bir neçə sual verdi. Şahid isə bütün suallara ilk öncə verdiyi cavabı verdi.

Anar Qasımlı daha sonra Tale Bağırovdan şahidi tanıyıb-tanımadığını və onu polis bölməsinə aparan polisin o olub-olmaması barədə sual verdi.

Tale Bağırov isə “Bu polisi tanımıram. Mən polis bölməsinə də onun vasitəsi ilə aparılmamışam.”

Daha sonra isə şahid dindirilməsi bitdi.

Məhkəmənin növbəti iclası noyabr ayının 18-i saat 11-00-a təyin edildi.

  • Yazılıb
  • da (də) 2011 Oct 28