Tarix : 2011 Oct 30
Kod 26282

Qlobalizm və İmam Zamanın (ə) zühuru

Dünyanın gələcəyi haqqında müxtəlif baxışlar mövcuddur. Bəziləri şər və bədbəxtliyi bəşər həyatının qaçılmaz reallığı kimi qəbul edirlər
well/Aran agentliyi

 

Dünyanın gələcəyi haqqında müxtəlif baxışlar mövcuddur. Bəziləri şər və bədbəxtliyi bəşər həyatının qaçılmaz reallığı kimi qəbul edirlər. Onların əqidəsinə görə, texnologiya və sənayenin sürətli və insanı heyrətdə qoyan inkişafı, dağıdıcı, kütləvi qırğın silahlarının istehsalı elə bir mərhələyə çatmışdır ki, bu mərhələnin sonunda insan labüd öz məhvi ilə üz-üzə dayanmalı olacaqdır. Əslində bəşər bununla öz gorunu qazmış, özünün birdəfəlik yer üzündən silinməsi üçün bir addımlıq fasilədə dayanmışdır.

Başqa bir qrup, insanın gələcəyini parlaq görür: ədalət əsasında vahid dünya hökumətinin təşkili, sonda ədalətin qələbə çalması, ideal dövlət quruluşu - bütün millət və mədəniyyətlərin qədim arzusunun gerçəkləşməsinə səbəb olacaqdır. Səmavi dinlərdən hər birinin tərəfdarları xoşbəxt gələcəyin məhz onlara nəsib olacağını düşünürlər; hər məzhəb və millət son qələbəni özlərinə aid edir, dünyanın xilasını, bəşər həyatının islah edilməsinin onların əli ilə olacağına inanırlar.

İslamda, xüsusilə də cəfəri məktəbində gələcək həyata, məsum İmamın (ə.f.) rəhbərliyi altında ədalətə əsaslanan vahid dünya hökumətinin təşkilinə xüsusi yer ayrılır. Bu məsələ islam tarixində “Məhdəviyyət” adı ilə açıqlanır.

Həzrət Peyğəmbərin (s) nəslindən Məhdi (ə.f.) adlı bir nəfərin zühuru ilə dünyada ədalətin bərpa olunacağına inam, “zühur intizarı” - müsəlmanların həyatının ayrılmaz hissəsini təşkil edir. Müsəlmanlar daim həmin xilaskar insanın, yəni Məhdinin (ə.f.) zühur edib ədalət əsasında vahid dünya hökuməti quracağı, bununla hər cür zülm və sitəmdən azad, asudə bir həyatın başlanacağı günün intizarını çəkməkdədirlər.

Bəşər tarixində 20-ci əsr digər əsrlər arasında xüsusi olub, özünəməxsus imtiyazlara malikdir.

Bu əsrdə insan öz istedadı və potensialından bəhrələnərək, ixtiralarını daha da təkmilləşdirmiş, iri sənaye, maşınqayırma, texnologiya sahəsində, xüsusilə də atom-nüvə bilgilərindən yararlanaraq, böyük nailiyyətlər əldə etmişdir. Məhz bu əsrdə insan Aya səfər etmiş, digər planetlərin öyrənilməsinə daha ciddi səy göstərmiş, kompüterin bəşər həyatına daxil olması ilə yeni tərəqillərə yol açmışdır. Ümumiyyətlə inkişafın, dəyişikliklərin gedişi 20-ci əsrdə 1970-ci ildən başlayaraq yeni mərhələyə qədəm qoydu və 80-ci illərdə bütün sahələrdə özünü büruzə verdi. 80-ci illərə nəzər salanda artıq yeni bir məfhum - “postmodernizm” anlayışı ilə qarşılaşırıq. Amma 90-cı onillikdə yeni bir məfhum ortaya çıxdı: “qlobalizm”. Bu məfhum müasir dünyamıza sanki hakim kəsildi. Belə ki, bu günlər hər bir şey bu məfhumun şüası altında təhlil edilir.

Zahirdə qlobalizm bütün cəmiyyətlərin vəhdət təşkil edən dünyaya inteqrasiyasıdır. Vahid dünyada hər bir şeyə dünya müsətvisində yanaşılır. Artıq bu dünya heç bir coğrafi sərhəd tanımır. İqtisadi sahədə qlobalizm bütün ölkələrdə baş verməli və başqalarının iqtisadiyyatına təsir göstərməlidir. Qlobalizm şəraitində investisiya yatırımında da sərhədlər götürülür. Sərmayə bir tərəfdən, informasiya digər tərəfdən qarşılarında heç bir maneə görmədən, külək kimi bir yerdən başqa yerə əsir, yerini dəyişə bilirlər. İnternet, peyk şəbəkələri xalqlar arasında həmzaman və arasıkəsilməz əlaqələr yaradır.

Bu günlər bəziləri bu qənaətə gəlmişlər ki, xoşbəxt və qayğısız həyat hər bir şey dünyəvi, yəni vahid dünyaya bağlı olduğu halda mümkün olacaqdır. Yəni hər bir şey vahid dünya hökuməti tərəfindən öyrənilməli və idarə edilməlidir. Bunun üçün bütün səyləri birləşdirib hər bir şeyi vahid dünyaya inteqrasiya etdirmək lazımdır: dünya iqtisadiyyatı, dünya ticarəti, dünya mədəniyyəti, dünya siyasəti, dünya qəsəbəsi...

Bu üzdən vahid dünyaya inteqrasiya qaçılmaz bir işdir. Heç kimin bu axından kənarda qalmaq imkanı yoxdur. Belə olan halda hamı özünü yeni dünyanın tələblərinə uyğunlaşdırmalıdır.

Qlobalizm özünün müxtəlif boyutlarında (iqtisad, mədəniyyət, siyasət, din) müxtəlif sual və müzakirələrlə qarşılaşır. İqtisad, mədəniyyət, siyasət və dinləri vahid dünya formatına gətirmək bizim düşündüyümüz qədər də asan iş deyil. Bir günün içində bütün sərhədləri dağıdıb vahid dünya qurmaq xam xəyal olardı. Qlobalizm müxtəlif müzakirələr, anlaşmalar tələb edir. Bu baxımdan biz öyrənməyə çalışırıq ki, qlobalizm və dinin hansı tənasübü var? Qlobalizm dinlə münasibətdə müzakirə və mübahisələr doğururmu?

Sözsüz, qlobalizm dinlərlə bağlı çoxlu suallarla qarşılaşır. Bir çox məsələlərə aydınlıq gətirilməlidir: “Qlobalizmin dini həyata təsiri”, “Qlobalizm fonunda dinlərin gələcəyi”, “Qlobalizm və dini hökumətlər”, “Qlobalizm və dinlərin fəaliyyət dairəsi”, “Qlobalizm və dinlərarası dialoq”, “Təməlçilik və qlobalizm əleyhinə hərəkatlar”, “Həzrət Məhdinin (ə.f.) vahid dünya hökuməti qlobalizmlə müqayisədə”.

Hal-hazırda diqqətdə duran məsələ budur ki, qlobalizm, həmin Həzrət Məhdinin (ə.f.) vahid dünya hökumətidir, yoxsa fərqli bir sistemdir? Qloballaşan dünyamız Həzrətin (ə.f.) vahid hökumətinin bir müqəddiməsidir, yoxsa, onunla əsla bir əlaqəsi yoxdur? Qlobalizmin, yəni vahid dünya sisteminin yaranması ilə Həzrət Məhdinin (ə.f.) yaradacağı vahid dünya hökumətinə ehtiyac qalırmı? Və ya qlobalizmlə yanaşı, bəşərin Həzrət Məhdinin (ə.f.) quracağı ədalətli hökumətə ehtiyac öz lüzumluluğunu saxlayırmı? Dünyəviləşmə (vahid sistemdə birləşmə) ilə Həzrət Məhdinin (ə.f.) dünyəvi ədalət hökuməti arasında nə kimi müştərək və fərqli cəhətlər var?

Bu suallara aydınlıq gətirmək üçün ilk növbədə qlobalizmin nə olduğunu, Həzrət Məhdinin (ə.f.) vahid dünya hökumətinin hansı əsaslara söykəndiyini və bu ideyanın qaynaqlarını araşdırmalı, sonra isə hər iki ideyanın fərqli və müştərək yönlərinə nəzər salınmalıdır.

Qlobalizm öncə də qeyd etdiyimiz kimi bütün bəşəri vahid sistemdə birləşdirmək ideyasına əsaslanır. Həqiqətdə, qloballaşma iş və qazancın mütləq şəkildə azad olması, bu yöndə bütün maneələrin aradan qaldırılması, sərmayə yatırımının sadələşdirilməsi, onun bütün sahələrə nüfuzu, informasiya və maliyyə işlərinin asanlaşdırlıması, mədəniyyətlərin bir sırada təzahürü üçün bir-birlərinə uyğunlaşdırılması anlamına gəlir. Əlbəttə, bütün bu işlər dünya miqyasında baş verir. Bu işdə əsas məqsəd - vahid dünya bazarına yol açmaq, istehsal, sərmayə yatırımı, məşğulluq və s. işlərdə müxtəlif mədəniyyətlərdən, dinlərdən, mentalitetdən, dövlət qanunlarından doğan maneələri, yəni müxtəlifliyi aradan qaldırmaqdır. Hətta bəziləri bu yöndə vahid dünya hökumətinin, vahid pulun yaradılması təklifini irəli sürürlər.

Bəzi qrupların fikrinə görə, qlobalizm klassik “dövlət-millət” varoluşundan daha irəlidə durur. Bu mənada ki, beynəlxalq aləmdə əlaqələrin genişləndiyi bir vaxtda yeni oyunçuların beynəlxalq arenaya çıxması ilə “dövlət-millət” rolu əvvəlki gücünü itirməkdədir. Yəni mühüm hadisələrdə söz sahibləri, hökm verənlər dövlətlər olmayacaq. Dünya siyasətində güc sərhədlərdə məhbus olmuş dövlətlərdən sərhədlərini aşa bilən, dünyada çaba göstərməyi bacaran dövlətlərə keçəcəkdir. Bəzi qruplar isə qlobalizmi vahid dünya ticarətinə aparan yol bilmişlər.

Qlobalizm kəlməsinin ortaya çıxması mənbə olaraq iki kitaba söykənir. Bu kitablar 1970-ci ildə çap edildikdən sonra qlobalizm termini siyasi-ictimai ədəbiyyatda ara-sıra hallanmağa başladı. Birinci kitab Marşal Mak Luhanın (Marshall McLuhan) “Dünya qəsəbəsində müharibə və sülh” adlı kitabı, ikinci kitab isə Reyqanın prezidentliyi dövründə Milli Təhlükəsizlik üzrə müşavir Bjezinskinin yazdığı kitab idi. Birinci kitab əsas diqqəti dünyanın vahid sistemdə birləşməsində inkişafda olan rabitə vəsaitlərinin roluna yönəldirdi. İkinci kitabın əsas müzakirə mövzusu Amerika dövlətinin öhdəsinə götürəcəyi dünya rəhbərliyi və Amerikanın dünya xalqlarına “ərmağan” edəcəyi modern cəmiyyət quruluşundan bəhs edirdi.

Dünyaya böyük ziyan vurmuş iki dünya müharibəsindən sonra dünya ölkələri arasında əldə edilmiş siyasi və iqtisadi anlaşmalar bir növ beynəlxalq hökmranlığa zəmin yaratdı və “qlobalizm” adlanan təbəddülatlara yol açdı.

Qlobalizmin doğurduğu dəyişikliklər siyasi və iqtisadi sərhədləri aşaraq elm, mədəniyyət və yaşam tərzini də öz əhatəsinə alır.

Bu baxımdan qlobalizm bir neçə boyutludur.

Bəzi fikir sahibləri qlobalizmin xarakterik xüsusiyyətlərini 5 bənddə müəyyənləşdirmişlər:

1.Transmilli şirkətlərin artması; dünya sistemində şirkətlərin əhəmiyyəti dövlətlərin əhəmiyyətindən daha artıqdır. Başqa ibarə ilə desək, milli dövlətlər öz yerlərini müxtəlif milliyyətlərdən təşkil olunmuş böyük şirkətlərə verəcəklər. Dünyanın müxtəlif ölkələri öz böyük şirkətləri ilə tanınacaqlar.

2.Dünya maliyyə və burs bazarlarının bir-birinə bağlanması. Bu bağlantı o qədər sürətlə irəli gedir ki, son illərdə gündə milyardlarla dollar dünya bazarında dövr etməkdədir.

3.Süni peyk vasitəsilə əlaqələrin sürətləndirilməsi və genişləndirilməsi. Bunun ardınca dünya səviyyəsində mədəniyyətlərarası anlaşmalar. Bəziləri qlobalizmə məhz əlaqələr və mədəniyyətlərarası anlaşmalar kanalından baxır.

4.Beynəlxalq nəqliyyat, yükdaşıma şəbəkəsinin genişlənməsi və bu sırada qiymətlərin kəskin şəkildə enməsi.

Bu iş qlobalizmin gedişatını asanlaşdırmalı və dünyanın vahid hərəkətinə səbəb olmalıdır.

5.İqtisadçılar və sosioloqların rəyləri əsasında geniş iş bölgüsünün aparılması.

İqtisadiyyat o zaman çiçəklənib böyüyür ki, onun içərisində ictimai iş bölgüsü geniş olsun. Bu nisbətlə dünya da geniş iş bölgüsünə keçməkdədir.

Hərçənd, qlobalizm sırf iqtisadiyyatın doğurduğu bir məsələ deyil, amma iqtisad onun ən əhəmiyyətli boyutunu təşkil edir. Çünki, dünyaya rəhbərlik sevdasında olan kapitalist sistemində qlobalizmin iki əsas qolu olan siyasət və mədəniyyət iqtisadi siyasətin təsiri altında olur. Bu üzdən beynəlxalq qurumlar daha çox iqtisadi maraqlar ətrafında tənzimlənmişlər.

Qlobalızmı necə tərif etməlı? Belə görünür ki, indiyə qədər qlobalizm üçün verilmiş təriflərin heç biri aydınlıq və dolğunluq baxımdan yetərli deyil. Çünki, birincisi - bu iş hələlik özünün son təkamül həddinə çatmamışdır; hələlik dəyişikliklərə məruz qalır və hər gün onun müxtəlif yönlərinin yeni görüntüləri üzə çıxır. İkincisi, hər bir kəs qlobalizmi tərif edərkən onun müxtəlif boyutlarından ancaq bir yönünü açıqlamağa çalışır; daha çox onun iqtisadi tərəfinə diqqəti yönəldir. Bununla belə, qlobalizmə verilmiş təriflərdən bir neçəsinə işarə etmək yerinə düşərdi:

1-Qlobalizm ictimai bir prosses olub ictimai, mədəni əlaqələri əngəlləyən coğrafi şərt və maneələrin aradan qaldırılmasına yönəlmişdir. Bu prossesdə xalq əksəriyyət olaraq ictimai və mədəni əlaqələrdəki maneələrin azaldılmasını hiss edəcəklər.

2-Kastel, informasiya əsrinə işarə edərək qlobalizmi bir növ şəbəkəvari cəmiyyətin zühuru hesab edir. Bu şəbəkə kapitalizmin hərəkət axarında iqtisad, cəmiyyət və mədəniyyəti əhatə edəcəkdir.

3-Linson, qlobalizmi dünyada cəmiyyətlər, mədəniyyətlər, təşkilatlar və insanlar arasında mürəkkəb bağlılıqların sürətlə genişlənməsi prossesi kimi qəbul edir.

4-Harvi, bu prossesi iki məfhumun - zaman və məkanın daralması və fasilələrin azalması kimi izah edir. Həqiqətdə də Harvinin nəzərinə əsaslansaq, zaman və məkanın daralması qlobalizmin ən mühüm xüsusiyyətlərindəndir. Yəni, fasilə azalacaq və ya ümumiyyətlə aradan qalxacaq. Fasilələri başa vurmaq üçün lazım olan zaman da azalacaq. Bu prossesdə dünya əvvəl göründüyündən daha kiçik görünəcək. İnsanlar, cəmiyyətlər bir-birinə daha yaxınlaşacaq. Deməli, qlobalizm ictimai əlaqələri mürəkkəb durumdan bəsitliyə doğru aparan bir prossesdir. Üç sahədə - iqtisadiyyat, mədəniyyət və siyasətdə cərəyan edir və bu cərəyanın yatağını regional hövzədən dünyəvi hövzəyə çevirir.

 

Qlobalizmin tarixçəsi

Qlobalizmin tarixi kökləri bəşər tarixinin dərinliyinə gedib çıxır. Sosioloqların və tarixçilərin nəzərinə görə, bəşər həyatı meşələrdə, mağaralarda məhdud və fərdi ailə həyatından başlayıb tədriclə əşirət, qəbilə halına keçərək çay kənarında yaşayan məhdud cəmiyyətlərə, icmalara çevrilmişdir. Sonralar bu icmalar vahidləşərək kəndləri təşkil etmiş, get-gedə kəndlərdən şəhərlərə, şəhərlərdən ölkələrə çevrilmiş və dövlətlər yaranmışdır. Deməli, ümumilikdə insanın həyatı qlobalizmə doğru hərəkətdədir. Yəni, nə qədər irəli gedirksə, “təkləşmələr” azalır, “cəmləşmələr” çoxalır. Nə qədər geri qayıtsaq, daha çox ayrılmalara gedib çıxırıq. Bunun üçün də deyirlər ki, qlobalizm təbii bir hadisədir.

Əlbəttə, qeyd etməliyik ki, son əsrlərdə bu hərəkət daha böyük sürət almışdır; artıq keçmişdəki kimi ləng hərəkət etmir. Çünki, maşının ixtira edilməsi, buxardan istifadə, hava, su, quru yolu ilə əlaqə vasitələrinin geniş yayılması və sair amillərin genişlənməsi nəticəsində, tədriclə ölkələr məntəqələrə və məntəqə hökumətlərinə çevrilirlər. Aydın məsələdir ki, bəşərin əlaqələri süni peyklər və internet vasitəsilə həyata keçərsə, qlobalizmə doğru hərəkət daha böyük sürət almalıdır.

Qlobalizmin tarixi gəlişməsini bu cür izah edənlər deyirlər ki, qlobalizm bəşər tarixinin ilk dövrlərindən mövcud olub həmin vaxtdan etibarən artan sürətlə irəliyə getməkdədir. Amma son zamanlar birdən-birə bu hərəkətdə böyük sürət yaranmış, gözlənilməz sıçrayış əmələ gəlmişdir.

Bu nəzəriyyənin müqabilində bəziləri deyirlər:

Qlobalizm modernizm və kapitalizmin genişlənməsi ilə yanaşı olmuşdur. Amma son zamanlar qlobalizmdə sürətli irəliləyiş baş vermişdir.

Bəzilərinin əqidəsinə görə isə qlobalizm digər ictimai prosseslərin, məsələn, postmodernizmin, texnoloji tərəqqinin ardınca gələn təbii bir prossesdir.

Baxmayaraq ki, qlobalizmdəki sıçrayış kapitalizmin inkişafı ilə yanaşı olmuşdur, amma belə görünür ki, haqq birinci nəzəriyyənin tərəfindədir.

Qlobalizm nizamsız şəkildə, müxtəlif qədim imperatorluqların genişlənməsi, qarət və tarac, dəniz ticarəti vasitəsilə və həmçinin dini amalların genişlənməsilə təbəddülata məruz qalmışdır. Bu gün müşahidə etdiyimiz qlobalizm 15-16-cı əsrlərdən, yəni yeni əsrin başlanması ilə formalaşmağa başladı. Avropada orta əsrlərdə qlobalizmin hərəkəti olduqca ləng gedirdi. Məhz sənaye inqilabından sonra bu məsələdə sürət müşahidə olundu.

 

Qlobalizmin tərəfdarları və əleyhdarları

Qlobalizm barədə iki müxtəlif baxış mövcuddur. Bir qrup onun tərəfdarı olub, sorğu-sualsız onu qəbul etməyi lazım bilir, başqa bir qrup isə ona qarşı çıxmağı zəruri hesab edirlər. Hər iki qrupun özünə görə dəlilləri var.

Tərəfdarların dəlilləri. Qlobalizmin tərəfdarları heç bir nigarançılığa əsas görmədən onu qəbul etməyə dəvət edir, qlobalizmin kasıb ölkələrə kömək edəcəyini, onlar üçün yeni fürsətlər yaradacağını deyirlər. Dəlilləri belədir ki, iqtisad və texnologiya arasındakı mövcud bağlılığı nəzərə alsaq, yaşadığımız hazırkı əsrin xüsusiyyətlərindən olan qlobalizmi qəbul etməkdən başqa yolumuz yoxdur.

Bu qrupun öz iddiaları üçün gətirdikləri dəlillər əsasən aşağıdakılardan ibarətdir:

1.80-ci illərdən başlayaraq bir sıra ölkələr qlobalizmin axarına qoşulmuş və ya birbaşa, azad bazar iqtisadiyyatı vasitəsilə onun cəmiyyətdəki müsbət təzahürlərindən bəhrələnmişlər. Misal üçün, kapitalizm sisteminin dünyada genişlənməsi 70-ci illərdə 20 faiz təşkil edirdisə, 90-cı ildə bu göstərici 30 faizə çatmışdır. Bu hadisənin özü dünya kapitalist iqtisadiyyatına xalqın rəğbətindən xəbər verir.

2.Hazırkı şəraitdə dünya ticarət dövriyyəsi əvvəlki onilliklərdən daha artıqdır. Hava və su yolları ilə sərnişin daşınmasında qiymətlərin aşağı düşməsi dünya ticarət sərhədlərinin daha da genişlənməsinə səbəb olmuşdur. Bu axarda nəinki dünya ticarət dövriyyəsi genişlənmiş, hətta onun forması da dəyişikliyə uğramışdır.

3.Dünyanın maliyyə bazarları inkişaf etmişdir. Bu inkişaf 70-ci ildən üzü bəri milli sərhədlərdən kənarda geniş pul dövriyyəsi ilə yanaşı olmuşdur.

4.Dünyanın tərpənişi cəmiyyətin hərəkətinə gəlməsinə kömək etmişdir. Mühacir işçi qüvvəsi dünyaya səpələnmişdir.

5.Qlobalizm cəmiyyətin genişlənməsində bir prossesdir ki, dünyanı hiss etmənin, dünya özünüdərkinin güclənməsi ilə nəticələnəcəkdir.

6.İqtisadi həmrəylik və bağlılıqların artan tempi gələcəkdə millətlərarası bağlılıqlara gətirib çıxaracaqdır.

7.Daxili və xarici yönlərdə milli mədəniyyət və iqtisadiyyatın açılması, sağlam rəqabət mühitinin yaradılması, milli və regional hisslərin təhriki, bəzi şəhər və məntəqələrin dünya iqtisadi mərkəzi adı ilə böyüyüb tanınması, ümumi xalqın sosial rifahının yüksəlməsi, texnologiyanın inkişaf etməkdə olan ölkələrə ötürülməsi və s. qlobalizm tərəfdarlarının iddiaları sırasında yer alır.

Qlobalizm əleyhdarlarının dəlilləri. Əleyhdarlar qlobalizmin faydaları haqqında tərəfdarların sadaladıqları dəlillərə şübhə ilə yanaşırlar. Bu qrupun əqidəsinə görə, qlobalizm liberal ideologiya və məfhumlar üzərində kök salıb. Əsas məqsədi Amerika maraqlarını, Amerika imperializmini dünyaya oturtmaqdır. Bu modelin oturuşması ancaq Birləşmiş Ştatların, onun müttəfiqlərinin və inkişaf etmiş ölkələrin mənafeyinə qulluq edəcək. Dünyanın bu şəkildə vahidləşməsi, yəni qlobal sistemə keçməsi cəmiyyətin ancaq 20 faizinə fayda verə bilər. Qalan 80 faiz isə kənarda qalır. Bu məsələ balanslaşmış dünya sistemi anlayışına uyğun deyil. Daha çox başa düşülən - dünyanın yeni istismar sistemidir.

Mədəniyyətin dünyəviləşməsi - Qərb mədəniyyətinin digər mədəniyyətləri əridib zorla aradan çıxarması, istismara məruz qoyması deməkdir.

Beləliklə, ümumiləşdirmək istəsək, qlobalizmin mənfi təsirlərini aşağıdakı bəndlərdə xülasə edə bilərik:

1.Milli dövlətin böhranı. Yəni dövlətin öz gəlir mənbələrinə ixtiyar sahibliyi aradan götürülür, dövlət öz iqtisadi və ictimai planlarından əl çəkir. Əslində mənim, sənin iqtisadım söhbəti aradan qalxır, bizim, dünyanın iqtisadi məvhumu onun yerini tutur. Nəticədə milli dövlətlərin təmsilçisi kimi çoxmillətli şirkətlər dövlətin bu missiyalarını öz üzərinə götürür.

2.Maliyyə bazarı və dünya burs müamiləsinin vəhdət halına gəlməsi üzündən dünyanın müxtəlif ölkələrində maliyyə böhranlarının yaranması. Bunun ilk mənfi təsirini biz 94-cü ildə Meksikada, sonra isə Şərqi Asiya ölkələrində müşahidə etdik. İndi isə dünya yeni maliyyə böhranı ilə üz-üzədir.

3.İqtisadi strukturda aparılan bu kimi islahatların doğurduğu ictimai böhranlar, yəni işsizliyin artması, kasıb təbəqənin çoxalması, əməkhaqlarının aşağı düşməsi bu sırada əsas yer tutur.

4.Qərb mədəniyyətinin digər mədəniyyətlərə hakim kəsilməsi, müxtəlif millətlərin mədəni kimliklərinin dəyişdirilməsinə cəhd etmək.

5.Bütün mənfi və müsbət cəhətləri ilə Qərb mədəniyyətinin vahid dünya mədəniyyəti kimi qəbul edilməsi. İnkişaf etmiş Avropa ölkələrinin ortaya qoyduqları əsas anlaşma - sərmayə yatırımının azad olması anlaşmasıdır. Bu anlaşma xarici sərmayə yatırımına dünyanın bütün nöqtələrində azadlıq bəxş edir. Bu, o deməkdir ki, inkişaf etmiş ölkələr inkişaf etməkdə olan öləkələrin sərvətlərinə əl qoyurlar. Çünki, həmin ölkələr iqtisadi, maliyyə, texnologiya baxımından eyni səviyyədə deyillər.

6.Qlobalizm ilkin xammalın azalmasına səbəb olacaqdır.

7.Qlobalizm millətlər və məntəqələr arasındakı fasiləni və qeyri-bərabərliyi uzatmağa meyllidir. Bu cəhətdən, iqtisadi güclərin əlində bir mexanizm olaraq onları daha güclü, kasıbları isə daha kasıb edəcəkdir.

8.Qlobalizm ekoloji böhranı bir az da dərinləşdirəcəkdir.

 

Qloballaşdırma

 

Qloballaşdırma, başqa ibarə ilə desək, iqtisadiyyat, mədəniyyət və siyasəti qlobal hala gətirmək - təbii şəkildə vahidləşməyə aparan qlobalizmdən fərqli bir şeydir. Çünki, qlobalizm bəşəriyyətin tarixi, ictimai vəziyyətinə uyğun elmi, texnoloji, ictimai inkişafa aid olduğu təqdirdə, başadüşülən və təbii bir prosesdir. Amma bu gün qlobalizm deyəndə, təkcə bu təbii proses nəzərdə tutulmur. Əslində bu terminin, bu prossesin fövqündə dayanan başqa bir niyyət var və o, budur ki, bir növ metod, siyasət, mənafe dünya metodu, dünya siyasəti, dünya mənafeyi adı ilə bəşəriyyətə yeridilir. Bu, olduqca qorxulu bir işdir. Çünki, bir növ mənafeni, bir növ baxışı amal şəklində, ülgü olaraq tanıtdırmağa çalışır. Bütün həyatı, bütün dünyanı xüsusi bir meyarla ölçmək istəyir. Dövlətlərin və millətlərin qeyri-bərabərliyi, elm və texnologiyaya malik güclərin qeyri-təbii bir işi iqtisadi cəhətdən zəif olan ölkələrə yükləməsinə səbəb olur. Həmin güclər əslində dünyanın onların mənafeyinə uyğun dönməsini istəyirlər.

Amerika və digər böyük güclər siyasi, iqtisadi və hərbi üstünlüyə malik olmaqla, əməldə qloballaşdırmaya rəhbərliyi öz əllərinə almışdırlar. Onlar qlobalizmin təbii prosesinə müdaxilə edərək, onu öz xeyirlərinə doğru istiqamətləndirirlər. Başqa ibarə ilə desək, təbii qloballaşma prossesindən sui-istifadə edirlər. Bu sui-istifadələrə görədir ki, qloballaşmanın bəzi yönlərində çoxlu suallar meydana çıxır: qlobalizm elm və texnologiyanın inkişafı nəticəsində ortaya çıxmış təbii bir prossesdir, yoxsa ki, kapitalizmin və ya kapitalistlərin məqsədyönlü şəkildə planlaşdırdığı bir məsələdir? Bu prossesə qoşulmaq bütün ölkələr üçün qaçılmaz bir haldır, yoxsa, qaçmaq üçün bir yol qalır? Belə olan surətdə bu prosesə qoşulmaq - inkişaf etməkdə olan ölkələrin xeyirinədir, yoxsa zərərinə? Qlobalizm və ya qloballaşdırma islam təlimləri ilə düz gəlir, yoxsa tərs gəlir?

Məsələyə diqqətlə yanaşdıqda aydın olur ki, qloballaşma təbii bir işdir və ona qoşulmaq da təbii bir haldır. Bu, bütün ölkələrin xeyirinə olardı. Amma bu gün bizim şahidi olduğumuz təbii qloballaşma yox, süni qloballaşmadır. “Zorla qloballaşdırma” ədalətsizliklə yanaşı olub, başqa millətlərin milli maraqlarına təcavüz nəticəsində öz iqtisadi, mədəni və siyasi maraqlarını dünyada hakim etmək istəyir.

İdeoloqları müxalifətə vadar edən, xalqı qlobalizm əleyhinə təzahürata çıxaran qlobalizm yox, “zorla qloballaşdırmadır”.

 

Həzrət Məhdinin (ə.f.) vahid dünya hökuməti

İmam Məhdinin (ə.f.) quracağı vahid dünya hökuməti həqiqətdə insanın öz gələcəyi üçün keçirdiyi nigarançılıqlara bir cavabdır.

İslam insanın gələcək həyatını çox aydın görür, “Zühur intizarı” qəlibində insanları gələcək həyata ümidli edir, gələcək həyat barəsində insanların nigarançılıqlarına son qoyur və gələcək həyatı daha mənalı, daha hərarətli təsəvvür edir.

Müsəlman öz gələcəyi üçün heç vaxt nigaran deyil. Əslində əksər dinlərdə dindar insanlar gələcək barəsində bədbin düşünmürlər. Onların hamısında gələcək həyat Xilaskarın bayrağı altında aydınlıq vəd edir. Amma islam təlimində bu məsələ daha aydın olub, xüsusi imtiyaza malikdir. İslamın çağırışlarına diqqət yetirəndə məlum olur ki, onun məqsədi millətləri müttəhid etmək, millətlər arasında mənasız və təsirsiz maneələri aradan qaldırmaq, əsası tövhid, iman olan vahid bir kəlməni, vahid bir bağlılığı bərqərar etməkdən ibarətdir.

İslam müxtəlif adlarla ortaya çıxmış bütün ixtilafları tövhidə inanmaqla aradan qaldırmağa çalışır. İrqi, milli, sinfi, coğrafi və sair ixtilaflar aradan qalxmalıdır. Yəni bütün sadalananlar iftixara, xüsusi imtiyaza səbəb olmamalıdır. Hətta dini ixtilaflar də kənara qoyulmalıdır. Hamı Allahın fərmanına təslim olmalıdır: “(Ya Rəsulum!) söylə:“ Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəlin! (O kəlmə budur:) “Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi Rəbb qəbul etməyək! Əgər onlar yenə də üz döndərsələr, o zaman (onlara) deyin:“İndi şahid olun ki, biz, həqiqətən müsəlmanlarıq. (Allaha təslim olmalıyıq)”. (“Ali-İmran” surəsi, 64)

İslam bəşər üçün belə bir günün gələcəyini proqnozlaşdırır və həmən günün reallaşmasını tam şəraitin yetişməsi ilə bağlayır.

Öncə işarə etdiyimiz kimi, dünyada cərəyan edən hadisələr, bəşəriyyətin maddi zəminədə əldə etdiyi nailiyyətlər, hazırki əlaqə vasitələri ilə insanların bir-birlərilə sıx əlaqədə olması - hamını həqiqi bir ittihada, mənəvi və səmimi həmkarlığa əvvəldə olduğundan daha artıq möhtac etmişdir. Nə qədər qabağa gediriksə, bu ehtiyacı daha çox hiss edirik. Yəni Qərb mütəfəkkirlərinin 20-ci əsrdə ehtimal verdikləri vahid dünyanı islam 1400 il bundan qabaq, böyük təkid və qətiyyətlə xəbər vermiş, hətta onun necə baş verəcəyini, hökumət sistemini, bu hökumətə rəhbərliyi aşkar şəkildə müəyyən də etmişdir. Qurani-Kərimdə xəbər verilir ki, gələcək vahid hökumətdə hakim din - islam, qələbə müstəzəflərin və salehlərin tərəfəindədir. Həmin gün imanın küfrə qələbə çaldığı gündür. Mötəbər hədislərdə də göstərilir ki, həmin hökumətin hakimi İbrahim peyğəmbərin (ə) soyundan çıxan, İslam Peyğəmbərinin (s) nəvələrindən olan, adı “Muhəmməd”, künyəsi “Əbul-Qasim”, ləqəbi “Qaim” olan bir şəxsdir.

İndi isə, yuxarıdakı müddəaları əsaslandırmaq üçün əsas qaynaqlara - ayə və hədislərə müraciət edirik:

Biz bu kitabdan (Tövratdan, yaxud lövhi-məhfuzdan) sonra Zəburda da yer üzünə yalnız Mənim əməlisaleh bəndələrimin varis olcağını yazmışdıq”. (“Ənbiya”, 105)

Təbərsinin “Məcməül-bəyan” təfsirində bu ayənin şərhində İmam Muhəmməd Baqirin (ə) dilindən deyilir: “Yer üzünün varisləri - axirəz-zamanda gələcək Həzrət Məhdinin əshablarıdır”.

Allah aranızdan iman gətirib yaxşı işlər görənləri özlərindən əvvəlkilər kimi yer üzünün varisləri edəcəyini, onlar möminlər üçün Allahın Özü bəyəndiyi dinini (islamı) möhkəmləndirəcəyini (hər tərəfə yayacağını) və onların qorxusunu sonra əmin-amanlıqla (arxayınçılıqla) əvəz edəcəyini vəd buyurmuşdur. Bundan sonra küfr edənlər, şübhəsiz ki, (Allahın itaətindən çıxmış) əsl fasiqlərdir”.

Bu şərif ayədə möminlərə üç açıq-aşkar məsələ vəd olunur: 1. Yer üzündə əməlisaleh insanların xəlifəliyi. Yəni bütün Yer kürəsində hökumətin onların əlində olması. Allahın Yer üzündə nümayəndəsi olaraq haqq və ədalət əsasında hökumət edilməsi. 2. Dinin təmkini. Yəni, bütün yer üzündə mənəvi dəyərlərin, İlahi qanunların hakim olması. 3. Qorxu və nigarançılığın əmin-amanlıqla əvəzlənməsi. Yer üzündən təhlükə və qorxuya səbəb olan amillərin çəkilməsi, onun yerini arxayınçılıq və asudəliyin tutması.

Məcməül-bəyan” təfsirində yuxarıdakı ayə haqqında İmam Zeynalabdinin (ə) dilindən belə açıqlama verilir: “And olsun Allaha! Həmin dəstə bizim tərəfdarlarımızdır ki, Allah bizim soyumuzdan bir nəfərin vasitəsilə bu vədi gerçəkləşdirəcəkdir. Həmin o bir nəfər bu ümmətin Məhdisidir”.

Müşriklərin xoşuna gəlməsə də, onu (İslamı) bütün dinlərdən üstün etmək üçün (sonda qələbənin islamla olması üçün) Öz peyğəmbərini hidayət (Quran) və haqq dinlə göndərən Odur!”. (“Əs-Saff”, 9)

Hədisdə göstərilir ki, Həzrət Əli (ə) bu ayəni oxuduğu zaman öz əshabından soruşdu: “Bu üstünlük (qələbə) əldə olunubmu?”. Dedilər: “Bəli”. İma Əli (ə) buyurdu: “Xeyr! And olsun O kəsə ki, canım Onun əlindədir, bu qələbə o zaman üzə çıxacaq ki, yer üzündə elə bir yer olmayacaq ki, orada “la ilahə illəllah” sədaları eşidilməsin”.

Bu ayə və hədislərdən belə nəticəyə gəlirik ki:    

1.Sonda yer üzünün varisləri saleh insanlar olcaqdır. Yer üzərində hökmranlıq saleh bəndələrin ixtiyarında olcaq, nə qərbin, nə şərqin, nə cənubun, nə də ki, şimalın!

2.Ləyaqətli insanlar özlərindən qabaqkı sələflərinin xələfi olaraq yer üzündə üstünlüyü ələ alacaqlar və onların qüdrətləri bütün aləmdə zahir olacaq.

3.İslam dini digər dinləri üstələyərək, bütün Yer kürəsində bərqərar olacaq.

4.Bütün bunlar Həzrət Məhdinin (ə.f.) zuhuru zamanında baş verəcək.

Belə nəticəyə gəlmək olar ki, Həzrət Məhdinin (ə.f.) hökuməti - dünya hökuməti olacaqdır. Həmin vahid dünya hökuməti Allahın insanlara vəd etdiyi vədlərdəndir və Allah vədinə xilaf çıxmaz. Çünki, “Allah Öz vədəsindən əsla dönməz!” (“Ali-İmran”, 9)

Öncəki sualların cavabı olaraq demək olar ki, Həzrəti Məhdinin (ə.f.) quracağı vahid dünya hökumətini qlobalizm altında formalaşan dünya hökuməti ilə eyniləşdirmək olmaz. Hətta, bu qloballaşma öz təbii axarı ilə getsə belə. Bu gediş çox olsa, Həzrət Məhdinin (ə.f.) quracağı hökumətə bir zəmin yarada bilər. Dünya ideoloqlarının vahid dünya hökumətinin təşkilində nəzəriyyə irəli sürərək, məsələnin əsasında İslamla səsləşən fikirlər səsləndirməsinin özü də az məsələ deyil. Çünki, dünənə qədər məsum İmamın (ə.f.) başçılığı altında Quranın vəd etdiyi vahid dünya hökuməti ideyasına çoxları şübhə ilə yanaşırdı. Belə bir şeyin mümkünlüyünü qəbul etmirdilər. Amma bu günlər Qərbin özü bu işin sonda qaçılmaz olduğunu dilə gətirir. Hər yerdə dünyanın tədriclə vahid dünya hökumətinə tərəf getdiyindən söz açılır. Əgər dünənə qədər vahid dünya hökuməti ideyasını ancaq islamın “təxəyyülü” hesab edirdilərsə, artıq bu gün onların özləri bu layihənin qəbul edilməsini zəruri hesab edir, qlobalizm adı ilə Allahın vəd etdiyi vahid dünya hökumətini özləri öz maraqları dairəsində reallaşdırmağa səy edirlər. Qlobalizm oyunu əslində bundan başqa bir şey deyil.

İslamın irəli sürdüyü dünya sistemi insan əqlinin qavraya biləcəyindən daha böyük xüsusiyyətləri ehtiva edir. Belə olan surətdə kimlərinsə oxşar layihə ilə çıxış etmələri adda oxşar olsalar da, ən azından Allahın vəd etdiyi dünya hökumətindən tamam fərqli bir şey olcaqdır. Hətta fərz etsək ki, nə vaxtsa belə bir layihə həyata keçəcək, çox olsa, digər beynəlxalq təşkilatların gurultulu şüarlarla ortaya çıxıb, sonda aciz vəziyyətdə qalmasından başqa bir şey olmayacaqdır.

Həqiqətdə güclülərin zəifləri əzmək üçün yeni planını, dünyanı istismar etməyin modern formasını ortaya qoyacaqdır. Deməli, belə bir hökumət nə yaranacaq, nə də - əgər bir fərzlə - yaranmış olsa belə, dünyada haqq-ədaləti bərpa edə bilməyəcəkdir.

İslamda irəli sürülən vahid dünya hökuməti ideyası bu ideyanın icrasına zamin durur. Onun icrasını etibarlı əllərə tapşırır. Bu mənada ki, İslamın nəzərdə tutduğu hökumət əməlisaleh və nəfsinə qalib insanların rəhbərliyi altında icad edilir. Cəmiyyətə İlahi qanunlar hakim olur. Əslində qanunlar nə qədər doğru-dürüst olsa belə, onun icraçıları, rəhbər işçiləri nəfsi islah edilməmiş insanlar olacaqsa, sonda həmin sistemdə ədalətsizlik baş verəcəkdir. Qlobalizm deyilən vahid dünya hökuməti nəfsi istəklərinə xidmət edən qüvvələrin əli ilə qurulur. Bəlkə də bu müddəa onların BMT-də özlərinə çıxardıqları həmin «veto hüququ»dur. Belə ki, qlobalizm BMT-nin yaradılmasını zəruri hesab edirdi. Aydın məsələdir ki, müxtəlif mənafelərin toqquşduğu bu dünyada BMT öz niyyətini gerçəkləşdirmək üçün müəyyən bir əsasnaməyə möhtac idi və bu “Millətlərin bəyannaməsi” adı ilə gerçəkləşdi. Bir neçə supergüclər oturub, bütün dünyaya beynəlxalq qanunlar yazdılar. Bu qanunlar daha çox onların mənafeləri üzərində köklənmişdi. Əgər nə vaxtsa, işdi, şayəd bu qanunlar onların özlərinə tuşlanmasın deyə, veto hüququ adlı imtiyaz təyin etdilər ki, istədikləri zaman, öz mənafeləri tapdalananda bu qanunların qarşısında dayana bilsinlər. Veto hüququ bütün bəşəriyyəti öz xidmətlərində görmək istəyən qüvvələrin diktatorluq qanunlarıdır. Əgər bu gün biz müxtəlif millətlərə qarşı BMT-nin müxtəlif mövqe sərgiləməsini, ədalətsiz qərarlarını müşahidə ediriksə, təəccüblənməməliyik. Əslində yenə də cəngəllik qanunları hökm sürür: Kim güclüdürsə sağ qalır, zəif məhv olur. Qanun güclüyə işləyir. Son sözü millətlər yox, veto sahibləri deyir.

 

Həzrət Məhdinin (ə.f.) dünya hökumətində bütün qanunların mərkəzində Quran dayanır

 

Həzrət Əli (ə) buyurur: “İnsanlar Quranı öz rəylərinə uyğun təfsir etdikləri zaman İmam Zaman gəlib onların rəylərini Qurana tabe etdirər”.

Həzrət Əlinin (ə) bu kəlamından görünür ki, axirəz-zamanda hər bir şeyin məhvəri Quran olcaqdır. Halbuki, qlobalizm adı ilə irəli sürülən dünya hökumətində Quranın əslən yeri yoxdur. Onun ancaq bəzi əxlaq məsələlərinə diqqət yetirilir.

Hədislərdə göstərilir ki, Həzrət Məhdinin (ə.f.) zamanında elmi tərəqqi özünün ən yüksək pilləsinə çatacaq. İmam Sadiqdən (ə) buyurulan hədislərin birində belə deyilir: “İlahi peyğəmbərlərin (ə) xalqa gətirdikləri iki hərfdən çox deyildi. İnsanlar indiyə kimi o iki hərfdən artıq bir şey tanımırlar. Amma bizim Qaimimiz qiyam edəndə qalan 25 hərf aşkar olacaq. Həzrət (ə.f.) o iki hərfi də 25 hərfə əlavə edib, xalq arasında yayacaq”.

Hədisdən anlaşılan məna budur ki, axirəz-zamanda Həzrət Məhdinin (ə.f.) gəlişi ilə hər sahədə güclü inkişaf gedəcək. Elm görünməmiş dərəcədə inkişaf edəcək. Bütün təbii sərvətlərdə, nemətlərdə bir bərəkət müşahidə olunacaq. Buna oxşar başqa bir hədisdə deyilir ki, axirəz-zamanda yer öz xəzinələrini üzə çıxaracaq.

Həzrət Məhdinin (ə.f.) vahid dünya hökumətinin əsas xüsusiyyəti - onun ədalət əsasında idarə edilməsidir. Yer üzündə elə bir yer tapılmayacaq ki, orada ədalət öz yerini tutmamış olsun. Müxtəlif hədislərdə işarə olunur ki, Yer üzü ədalətlə dolacaq və bu, Yer üzü zülmlə dolduqdan sonra baş verəcək. Yer üzündə iğtişaşların, ədalətsizlikdən doğan iqtisadi, ictimai, maddi-mənəvi böhranların hər yerdə baş qaldırdığı vaxtda Həzrət Məhdi (ə.f.) zühur etməlidir. İnşəallah.

Hazırladı: Füzuli Şəfiyev/deyerler

 

  • Yazılıb
  • da (də) 2011 Oct 30