Tarix : 2011 Oct 30
Kod 26283

“Dindar kəsimi zorla etirazçıya çevirirlər”

«Ən loyal və ictimai-siyasi proseslərə ən laqeyd dindarlar belə, narazı duruma gətirilib»
well/Aran agentliyi

 

İlqar İbrahimoğlu: «Ən loyal və ictimai-siyasi proseslərə ən laqeyd dindarlar belə, narazı duruma gətirilib»

“Ştrasseri ölkəyə buraxmamaq Azərbaycanı geriyə sürükləyən addımdır”

Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış hüquq müdafiəçisi Hacı İlqar İbrahimoğlu ictimai-siyasi, həmçinin dini sahədə son günlərin ən aktual məsələləri ilə bağlı “Azadlıq”ın suallarını cavablandırıb.

- Azərbaycanın Şərqi Avropa ölkəsi kimi tanınmasına dair Avropa Birliyi ilə deklorasiyanın imzalandığı, demokratikləşmə ilə bağlı əlavə öhdəliklər götürüldüyü, ümumiyyətlə Azərbaycana demokratikləşmə istiqamətində tələblərin artdığı bir vaxtda bir baş redaktorun həbsini necə qiymətləndirirsiniz?

- Ilk olaraq “Azadlıq”ın oxucularını salamlayıram. Yaşadığımız mübarək zilhihiccə ayının ilk ongünlüyündə Uca Rəbbimizdən hər birimiz üçün mənəvi uğurlar diləyirəm. Sualınıza gəldikdə, sualın özündə mahiyyətcə artıq cavab var. DEVAMM olaraq, bir insan haqları müdafiə qurumu kimi özünüifadəyə, xüsusən də mətbuat azadlığına qarşı basqıları mənfi dəyərləndiririk. Əvəz Zeynallının həbsilə bağlı da DEVAMM-ın xüsusi açıqlaması olub. Birmənalı hesab edirik ki, özünüifadə azadlığı insan şəxsiyyətinin və ləyaqətinin bariz təcəssümü olaraq məhdudlaşdırıla bilməz. Təbii ki, bu azadlıqlar mətbuat nümayəndələri üçün ciddi mənəvi narahatlıqların yaranmasına gətirib çıxarır. Hər halda görünən budur ki, Azərbaycan mətbuatının iki “sonuncu moqikanlar” sırasının artırılmasına imkan verilmir. Yəni bunun, “Yeni Müsavat” və “ Azadlıq” qəzetlərinin olduğu formata keçmək prosesində baş verməsi xüsusi diqqət çəkir.

- Ola bilərmi ki, hakimiyyət daxilində hansısa qruplaşma bu cür hərəkətlərlə rəsmi Bakını demokratik dünya ilə üz-üzə qoymaq marağı güdür? Yoxsa bu, ümumi dövlət siyasətidir?

- Bilirsiniz, illərdir müxtəlif ekspertlər, politoloqlar bu kimi konstruksiyaların mövcudluğu ehtimalları əsasında müxtəlif təhlillər və proqnozlar veriblər. Amma zənnimcə, burada faktiki durum dəyərləndirilməlidir. Və faktiki durum insan haqları və azadlıqlarının məhdudlaşdırılması ilə səciyyələnir. Bunun izahı müxtəlif cür ola bilər. Amma hər bir halda, bunlar - Azərbaycan dövlətçiliyi üçün mənfi bir haldır və ölkəni real inkişafdan saxlayan amildir.

- Milli Məclis xaricdə dini təhsil alanların dini ayinləri icra etməsinə, eləcə də dini ədəbiyyat və s. materiallar yaymağa qadağa qoyan qanun qəbul etməyə hazırlaşır. Bunu necə şərh edərdiniz? Məqsəd nədir və bunun hansı nəticələri ola bilər?

- Birincisi, orta statistik ölkə dindarı illərdən bəri ölkədə baş verən müxtəlif siyasi-ictimai proseslərin gedişində xüsusi olaraq hər hansı aktivlik göstərməyib. Son iyirmi ilin hər mərhələsində bu müddəa öz təsdiqini tapıb. Və bu durum son 3 ilə qədər sabit olaraq qalıb.

Ikincisi, son üç ildə ölkədə ardıcıl olaraq azan qadağasına cəhd, məscidlərin bağlanması və sökülməsi, “zərərli” Islami ədəbiyyatla bolşeviksayağı mübarizə, bütün bu illər ərzində hicabı məhdudlaşdırmağa yönəlik ardıcıl cəhdlər göstərir ki, sanki, orta statistik dindardan zorla və israrla etirazçı düzəltmək proqramını həyata keçirirlər. Burada xüsusi qeyd etmək lazımdır ki, son bir il ərzində forma tətbiqi bəhanəsi ilə yaranan hicab problemi artıq hər bir dindarın evinə daxil olub. Bunun nəticəsində bəlkə də ən loyal və ictimai-siyasi proseslərə ən laqeyd dindarlar belə, narazı duruma gətirilib. Bu narazılıq ən azı daxillərdə özünə yer edib. Inanca qarşı basqılar o qədər aşkardır ki, hətta dini sahəyə məsul olan məmurlar da, buna heç bir bəraət qazandıra bilmirlər. Söz o adamlardan gedir ki, vaxtilə “hakimiyyətə qarşı çıxan - dinə qarşı çıxır” tezisini cəsarət və məmnunluqla deməyi özləri üçün şərəf bilirdilər. Indi onlar ən yaxşı halda susurlar. Bu, dinlə bağlı siyasətə cavabdeh olan məmurların ən böyük “nailiyyəti” hesab edilə bilər.

Bütün bunların hamısı dövlətin fündamentlal sütununun mühüm ünsürlərinin davamlı təbliği fonunda baş verib və verməkdədir. Bu ünsürlərdən biri tolerantlıq, ikincisi, xarici siyasətdə müsəlman ölkə kimliyidir. Mahiyyət etibarilə, məmur təbəqənin dinə qarşı son üç il ərzində qeyri-peşəkar və bolşeviksayağı davranışı nəticəsində illərdən bəri böyük səylər hesabına formalaşmış tolerantlıq imici ciddi devalvasiyaya məruz qalııb. Çünki, dini çoxluğun ən elementar hüquqlarını təmin etmədən, dini azlığa qarşı diqqətlilik iddiasını heç kim səmimi qəbul edə bilməz. Bunun nəticəsində, xarici siyasəti həyata keçirərkən, islam identikliyinə vurula biləcək davamlı və gerçək zərərin hesablanmasını mütəxəssilərin öhdəsinə buraxırıq. Beləliklə, sözügedən son qanun dəyişikliklərinə bu kontekstdən baxılması qaçılmazdır. Təəssüflə qeyd etmək lazımdır ki, dindar kəsimi özgələşdirmə prosesi davam etməkdədir və deməli, zorla və israrla dindar insanı narazıya, etirazçıya çevirmək xətti nə qədər absurd görünsə də, davam edir.

- Xaricdə təhsil almış hansısa azərbaycanlı din adamının ölkədə fəaliyyəti nə dərəcədə təhdid mənbəyi sayıla bilər? Xaricdə təhsillə bağlı belə bir məhdudlaşdırıcı addım niyə başqa sahələrə yox, məhz dini sahəyə tətbiq edilir?

- Bu mövzu ilə bağlı mətbuatda kifayət qədər açıqlamalarımız olub. Sadəcə birini xatırlatmaq istərdim. Bu məntiqlə, əziz Məhəmməd Əmin Rəsulzadənin atasını, Əlibəy Hüseynzadənin babasını, Hacı Zeyalabdin Tağıyevin mənəvi ustadları - Mir Məhəmməh Kərim Qazı Ağa və Hacı Turab Ağanı, eləcə də, böyük islami akademiyalarda təhsil almış və Azərbaycan insanının kimliyini və cövhərini formalaşdıran yüzlərlə, minlərlə ruhani alimimizi qanundan kənar elan etmiş oluruq. Üstəlik, burada da absurdlar yığımı çoxdur. Ölkənin birinci rəsmi dini şəxsi də xaricdə dini təhsil almışdır. Ölkənin rəsmi dini qurumunda təmsil olunan ciddi ruhani savada malik olan insanlar - xaricdə təhsil alıblar. Zatən, ölkədə savadlı ruhanilərin əksər hissəsini belələri təşkil edir. Əslində başqa real imkan da yoxdur. Bu, təkcə Azərbaycan üçün səciyyəvi deyil. Bütün dünyada elm dalınca harasa gedirlər. Üstəlik, elm və savad sərhəd tanımır. Bu, istər humanitar, istər texniki, istərsə də ilahiyyat elmlərinə aiddir. Məncə, bu hamı üçün aydındır. Sadəcə, yeni “velosiped ixtira etmək” iddiaları ara-sıra yer alır.

- Qadağan olunmuş dini ədəbiyyat məsələsi tez-tez gündəmə gətirilir. Ümumiyyətlə qadağan olunmuş ədəbiyyat mövzusu indiki informasiya texnologiyalarının bu qədər gəlişdiyi və istənilən bilgini əldə etməyin asanlaşdığı bir dövrdə nə qədər aktual görünür? Bu, daha çox hakimiyyətin hansısa ictimai qrupları və ya fəalları cəzalandıra bilmək üçün hazırladığı əsasa oxşamır ki?

- Düşünürəm ki, öncəki bəndlərdə sual artıq cavablanıb. Sadəcə, sürrealistik durumu artıran amil qeyd etdiyiniz internet və kommunikativ gəlişmərin sürətlə inkişafıdır.

- AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristof Ştrasser yenə də ölkəyə buraxılmadı. Hərçənd Ştrasser ona viza verilməyəcəyi təqdirdə Azərbaycanın sanksiyalarla üzləşə biləcəyi haqda dəfələrlə xəbərdarlıq etmişdi. Azərbaycanı belə bir perspektivə sürükləmək kimlərə və nə üçün lazım ola bilər?

- Bütün bunlar Azərbaycanı geriyə sürükləyən hadisələrdir. Bir tərfədən BMT Təhlükəsizlik Şurasında yer tuturuq, digər tərəfdən belə qeyri-diplomatik addımlara rəvac veririk. Bu, Azərbaycanla bağlı “bir addım irəli, iki addım geri” rəyini yaradır.

 

- Vətəndaşların hüquqlarının kütləvi şəkildə pozulması artıq normaya çevrilib. Siyasi hüquqlar bir tərəfə, insanların mülkiyyət və bu qəbildən olan sosial haqları da hər addımda tapdanır. Az qala, hər gün bir qrup vətəndaşın hansısa dövlət qurumu qarşısında etiraz aksiyasının, şikayətə yığışmasının şahidi oluruq. Amma bütün bunlara hökumət səviyyəsində heç bir əncam çəkilmir, əksinə vəziyyət getdikcə daha da ağırlaşır.

- Mülkiyyət hüququ toxunulmaz insan hüquq və azadlıqlarındandır. Əslində, bu hüquq da insanın şəxsiyyət və ləyaqətinin ən ciddi təzahürlrindən, ictimai həyatın ən zəruri və bariz göstəricilərindən sayılır. Təəssüflər olsun ki, bu gün hətta sovet dönəmində itməyən “halallıq” anlayışı tapdaq altına alınır.

- Hazırda vətəndaşların üzləşdiyi başlıca sosial problem mülkiyyət məsələlərində aldadılmalarıdır. Insanlar ya zorla evlərindən çıxarılır, ya evləri sökülür, ya da pulunu ödədikləri mənzilləri ala bilmirlər. Hətta özəl şirkətlər tərəfindən aldadılmış olsalar belə, buna görə hökumətin vətəndaşlar qarşısında məsuliyyəti yoxdurmu?

- Bütün bunlar mənəvi aşınmanın nəticəsdir. Toplumda halal-haram kimi fundamental sütunlar artıq sarsılmaqdadır. Belə davam edərsə, bu, çox ciddi fəsadlara gətirib çıxara bilər.

- Ümumiyyətlə ölkədəki mövcud mənəvi mühit ona hansı gələcəyi vəd edir və vəziyyətdən çıxış yolunu nədə görürsünüz?

- Bütün bunlar bizim içimizlə bağlı məsələlərdir. Insanlar düzəlməyincə, problemlər həll olunmayacaq. Bu, hər bir kəsə aiddir. Zahiri, formal dəyişikliklər əslində toplumu inkişafa aparmır. Toplumun inkişafı - ləyaqət hissinin daşıyıcısı olan savadlı vətəndaşın formalaşdırılmasından keçir. Əslində, gerçək defisitimiz bu müstəvidədir.

  • Yazılıb
  • da (də) 2011 Oct 30