Tarix : 2011 Oct 31
Kod 26305

İslamın nidasını çatdırın!

Azərbaycanda İslam oyanışı və islamafobiyaya həsr edilmiş konfransda Ayətullah Təhririnin çıxışı
well/Aran agentliyi

 

Bismillahir-rəhmanir-rəhim, Əlhəmdulillahi rəbbil-aləmin və səlləllahu əla muhəmmədin və alihit-təyyibinət-tahirin.

Ənfal surəsinin 24-cü ayəsində buyurulur: “Ya əyyuhəlləzinə amənu əstəcibu lillahi və lirrəsuli iza dəakum limən yuhyikum” – “Ey iman gətirənlər! (Peyğəmbər) Sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin.”

(یَا أَیُّهَا الَّذِینَ آمَنُوا اسْتَجِیبُوا لِلَّهِ وَلِلرَّسُولِ إِذَا دَعَاكُمْ لِمَا یُحْیِیكُمْ)

Müxtəlif millətlərdən olan insanlarla bir araya gəlib İslam oyanışı mövzusunda bir məclisə qatıldığımız üçün özümüzü xoşbəxt hiss edirik. Qurani-kərim, böyük İslam peyğəmbəri və övliyaların nidasını bacardığımız həddə dərk edək, onu öz fərdi, ictimai-siyasi həyatımızda izləyək və dünyanın müxtəlif nöqtələrində başqa müsəlmanlara, haqq yol və həqiqət sorağında olanlara çatdıraq. Bəli, bu xitab möminlərədir: “Ey iman gətirənlər! (Peyğəmbər) Sizi, həyat verəcək şeylərə çağırdığı zaman Allahın və Peyğəmbərinin çağırışına cavab verin.”

Mömin insanlar ölümün (ölülüyün) bir mərtəbəsindən xaric olublar. Quran təbirincə, bir həyata nail olublar. Ənam surəsinin 122-ci ayəsində oxuyuruq: “Əvəmən kanə məytən fəhyəynahu və cəəlna ləhu nurən yəmşi bihi finnasi kəmən məsələhu fizzulumati ləysə bixarici miha” – “Heç (küfrlə) ölü olub diriltdiyimiz, sonra insanlar arasında gəzmək üçün özünə bir nur (islam dini) verdiyimiz kəs zülmət içində qalıb oradan çıxa bilməyən kimsə kimi ola bilərmi?”

(أَوَمَنْ كَانَ مَیْتًا فَأَحْیَیْنَاهُ وَجَعَلْنَا لَهُ نُورًا یَمْشِی بِهِ فِی النَّاسِ كَمَنْ مَثَلُهُ فِی الظُّلُمَاتِ لَیْسَ بِخَارِجٍ مِنْهَا)

Bu ayə həmin mənanı bildirir. Amma Quranın nidası bütün bəşəriyyətədir ki, bu dünyada qərq olmaqdan, dünya divarlarında həbsdən xaric olsunlar, öz maddi xüsusiyyətlərindən qurtula bilsinlər. Beləcə o sahilsiz fəzaya, insani yönə, həqiqət aləminə, Allahla rabitə dünyasına, qeyb aləmi ilə rabitəyə daxil olsunlar.

Amma dünya həyatının elə bir xüsusiyyəti var ki, insan ona məşğul olanda bir ölülük yaranır, ölüm yaşanır. Olsun ki Quranın həyatverici nidasını dinləyən, ilk dəfə çağırışa cavab verən möminlər də dünya həyatına məşğul olduqlarından nəfs istəklərinin təsiri altında həytdan məhrum olalar. Elə bu məqamda Allah-taala insanlara xitabən buyurur ki, peyğəmbərin dəvəti sizi diriltmək üçündür. Bu həyat dünya divarından aşmaqla maddiyyatda qərq olmaqdan qurtuluşdur. Allah bunun müqabilində bəşəriyyət üçün əbədi həyat yaradıb. Bu əbədi həyat tələb edir ki, insan dünya həyatında məhv olmasın, varlığı əsarət altına düşməsin.

Ayəni ona görə oxuduq ki, Allah və Onun rəsulunun çağırışı bizə həyat vermək üçündür. Onların dəvət etdiyi işlər həyat vasitəsidir. İslamın bütün nurani göstərişləri həyatvericidir. İslami göstərişlərin hər biri həyatımızın bir hissəsini işıqlandırır. Şəriət göstərişlərini təkcə ibadətdə xülasələşdirsə insan yalnız bir yöndən dirilər. Qalan yönlər ölü olaraq qalar. Bu isə Allahın nəzərdə tutduğu yol deyil.

Digər tərəfdən, bir qrup insan bəşəriyyəti ölü saxlamaqda israrlıdır. Bu adamlar özləri ölülüyü seçiblər. Olsun ki zahirdə müsəlmanlıq iddiaları da var. Baxın, Quranın bütün dünya təkallahlılarına nidası nədir. Allah “ali-İmran” surəsinin 64-cü ayəsində öz rəsuluna belə xitab edir: “Qul ya əhləl-kitab təaləv ila kəlimətin səva bəynəna və bəynəkum illa nəbudu illəllahu və la nuşrik bihi şəyən və la yəttəxizə bəzuna bəzən ərbabən min dunillahi, fəin təvəlləv fəquluşhədu biənnə muslimun” – “De: Ey Kitab əhli! Bizim və sizin aranızda olan eyni bir kəlməyə gəlin ki, Allahdan başqasına ibadət etməyək, Ona heç bir şeyi şərik qoşmayaq və Allahı qoyub bir-birimizi ilahiləşdirməyək... Əgər onlar üz döndərsələr, deyin: Şahid olun ki, biz müsəlmanlarıq!”

(قُلْ یَا أَهْلَ الْكِتَابِ تَعَالَوْا إِلَىٰ كَلِمَةٍ سَوَاءٍ بَیْنَنَا وَبَیْنَكُمْ أَلَّا نَعْبُدَ إِلَّا اللَّهَ وَلَا نُشْرِكَ بِهِ شَیْئًا وَلَا یَتَّخِذَ بَعْضُنَا بَعْضًا أَرْبَابًا مِنْ دُونِ اللَّهِ ۚ فَإِنْ تَوَلَّوْا فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ)

Kitab əhli din baxımından Allahın rəsulundan ayrıdırlar. Amma ayəyə görə bütün ilahi dinlərin çağırışı eynidir və bu nida həyatda bir dirilik əldə etməkdir. Ayə insanları vahid kəlməyə doğru çağırır. Ona hamı inanır.

İlkin müştərək etiqad Allaha bəndəlik, bu yolda hərəkətdir. İslam ümməti, hətta müvəhhid ümmətlər həqiqi bəndəlik yolunda hərəkət etsələr vəziyyət bugünkü kimi olmaz. Uzun illər tövhid və bəndəlikdən sadəcə dəm vurmaqla vəziyyət dəyişməz. “Allahdan başqasına ibadət etməyək”. Bu miqdarla kifayətlənməyin. “Allahı qoyub bir-birimizi ilahiləşdirməyək”. Bu sözlər bütün tövhid dinlərinin müştərək inancıdır. Yəni kimsə Allahdan qeyrisini özünə rəhbər, ağa seçməməlidir. Necə də həyatverici nidadır! Bütün yəhudilirərə, məsihilərə, kitab əhlinə belə deyilir. Olmasın özümüz kimi bir bəndə bizə hakim olsun. Bəşəriyyət son nəfərədək belə birinin qarşısında qəddini əyməməlidir. Nə üçün? Çünki sizin onların qarşısında əyilməyiniz onlarda belə bir təsəvvür yaradır ki, onlar mühüm bir şəxsiyyətdirlər. Bu nida hər zaman aktualdır, hər yerdə diridir. Yasin surəsinin 70-ci ayəsində buyurulur: “Liyunzirə mən kanə həyyən” – “Onunla diri olanları (ağıl və bəsirət sahiblərini) qorxutsun”.

(لِیُنْذِرَ مَنْ كَانَ حَیًّا)

Quran bu sözləri həyat, dirilik istəyənlərə deyir. Hansı dildə, yerdə, mədəniyyətdə olur-olsun, bu söz bir qığılcım kimi onu alışdırıb məşələ çevirir. Quran bu çağırışdan sonra müjdə verir. Bu hərəkat qarşısında dayanmaq istəyənlər var. Amma heç vaxt uğur qazanmazlar. Onlar bəşəriyyətin öz Allahı qarşısında mütilik fitrətini ondan almaq istəyirlər. Amma insanları həmişə zor, zillət altında saxlamaq olmur. Həzrət Əli (ə) fitrətin buna yol vermədiyini buyurur. Bəli, bu fitrət qanunudur. Tarix boyu bütün insanların Allahdan qeyrisinə qul olması mümkün deyil. Hansısa dövrlərdə insanların boynuna qul halqaları salına bilər. Amma bu həmişəlik deyil. Zillətin faniliyi ümumi qanundur, tarix də bunu təsdiqləyir. Bu tarixi Quran da əks etdirir. Əshabi-kəhf adlanan insanlar kim idi? O zaman mövcud hakimiyyət bu insanları alçaltmaq istəyirdi. Onları Allahla fitri rabitədən ayırmağa çalışırdılar. Amma fitrət qiyam qaldırdı, hakimiyyətin öz daxilindən qalxıb ona qarşı dayandılar.

İnsanın diriliyinin müxtəlif yönləri var. Bu yönlərdən biri ictimai-siyasi yöndür. İslam bu yöndə qanunlara prinsipial əhəmiyyət verərək hamıya əmr edir ki, ilahi göstərişlərin diriliyi yolunda çalışın. Hicab mühüm mövzudur. Amma İslam cəmiyyətinin zəruri məsələləri arasında yalnız bir məsələdir. Düşmən nüfuz etmək qərarına gələndə kiçik məsələlərdən başlayır və yoxlayır ki, onun hiylələri, fitnələri qarşısında bizim müqavimət qərarımız və gücümüz nə həddədir? Süstlük etsən, əhəmiyyət verməsən, dini və insani qeyrətini ayaq altına atsan, düşmən yavaş-yavaş irəli gələcək. Belə ki digər sahələrdə qeyrətimizi də əlimizdən alacaq. Siz öz ölkənizdə bunu çox təcrübədən keçirmisiniz. Biz də öz ölkəmizdə təcrübələrə malikik. Bu təcrübələrdən görünür ki, xətt vahid, formalar fəqlidir. Siz görürdünüz ki, dinsiz istibdad rejimi ölkənizdə nə qədər davam gətirdi. Zahir dəyişmişdi. İlahi fitrətlər o küfr səltənətini süquta uğratdı. Bu kommunist rejimi idi. Amma tağutlar, büt üsul-idarələri tezliklə səhnədən getmir. Onlar eynən göbələk kimidir. Birini qoparırsan, o birisi cücərir. İslam ümməti daim oyaq və bəsirətli olmalıdır. Ümmət dörd gözlə baxmalıdır. Kim olur-olsun, İslam qarşısında dayanan bilməlidir ki, müəyyən mərhələlərdən sonra, nəsihət, tənbeh, əmr be məruf nəhy əz münkərin ardınca qətiyyətli cavab alasıdır. Onlara fürsət verilməməlidir. Çətinlik hər yerdə var. “Nisa” surəsinin 104-cü ayəsində buyurulur: ”(Kafir) Qövmü təqib etməkdə (ey müsəlmanlar!) zəiflik göstərməyin! Əgər siz (yaralarınızdan və səfərin çətinliklərindən) əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər. Halbuki siz onların ummadıqlarını Allahdan umursunuz. Allah (hər şeyi) biləndir, hikmət sahibidir!” Möminlərə ümid verilir ki, siz öz varlığınızı fəlakətdən, məhvdən qoruyursunuz. Düşmən sizinlə savaşdadır. Onlar zahiri yox, həqiqi varlığınızı məhv etmək qərarındadır. Sizin insanlığınızı, ilahi şəxsiyyətinizi məhv etmək istəyirlər. Biz bunu görürük. Bütün planlar bu istiqamətdədir. Siz düşmənin üzərinə gedin. Müxtəlif yollarla müqavimət göstərin. İdeoloji mübarizə aparın, sərt müqavimət göstərin. Təkcə cavab verməklə kifayətlənməyin. Sərhədlərinizin keşiyində durun. Siz əziyyət çəkirsinizsə onlar da çəkir. Məgər hazırda İslam düşmənləri əzab-əziyyət içində deyil? Hamısı nigarandır. Layihələri çoxdur. Böyük büdcələr xərclənir ki, hesaba gəlməz. Birbaşa və dolayı yollarla nüfuz edirlər. “Əgər siz əziyyət çəkirsinizsə, onlar da sizin kimi əziyyət çəkirlər”. Amma sizdə olan bir şey onlarda yoxdur: Sizdə olan ümid onlarda yoxdur! Sizin Allahın rəhmətinə ümidiniz var. Nə çətinlik çəksəniz həmin məqamda bir ilahi rəhmətlə gerçək həyat yaşayırsınız. Övliyalarımız belə olmayıb? Musa ibn Cəfər zindanda idi. Əslində Harunərrəşid onun məhbusu idi. Harun narahat idi ki, İmam bir təlatüm yaradar. Hər yola əl atırdı ki, İmamın əzmini qırsın. Hətta əxlaqsız qadın saldı İmamın yanına. Bütün bu çətinliklər həqiqi həyat yolunun çətinlikləridir. Həqiqi həyata çatmaq üçün düşmənin planlarını açıb öz hücumumuza başlamalıyıq. Qorxma. Əgər sənin sükutun düşmənin məqsədə çatmasına kömək olacaqsa sən də ona şəriksən. Elə bilməyin ki sükutla rahatlıq əldə edəcəksiniz. İmam Sadiq buyurur ki, Bəni-Üməyyəyə mürəkkəb qələm gətirən olmasaydı bizim haqq hökumətimizi qəsb etməyə cürətləri olmazdı. Biz bəzilərinə buyur deyib yuxarı başa keçiririk. Onlar əslində heç kimdir.

Söhbətimi xülasələşdirirəm ki, başqa ölkələrdən olanların da çıxışlarından bəhrələnək. Dünyada İslamın pak ictimai həyat nümunəsi zühur edib. Bu həyat qarşısında dayanan hər kəs öz ölümünə qərar verib - hansı hökumət, şəxs olur-olsun! Son aylarda dünyanı silkələyən İslami oyanış hərəkatı xəbərdarlığı başa çatdırdı, bəhanələrə son qoyuldu. Bu hərəkat İslam və Quran həqiqətlərini səhnəyə çıxarıb. Bu həqiqiət Avropaya, xristian və yəhudi aləminə də sirayət edib. Onlar da oyanıblar və anlayıblar ki, bu günədək Allahdan qeyrisinə, bütlərə qul olublar. Quran məntiqi necə də aktualdır: Allahın nurunu söndürmək istəyirlər? Nədir bu nur? İslam qanunlarının nurundan başqa bir nurdur? Kimdir onu söndürmək istəyən? Küfr başçıları, onların muzdurları. Baxın İslam məmləkəti başçılarına. Zahirən müsəlmandırlar. Namz da qıla bilərlər. Amma əli qanlı İslam düşmənlərinin əlaltılarıdırlar. Hazırda Amerika sifətində zühur etmiş çirkin sionizmdir pərdə arxasında. Özünüz yaxşı bilirsiniz ki, məntəqədə onların əsas hədəfi İran İslam Respublikasıdır. Ona gərə də bizim öz həmdil, həmdinlərimizi hakimiyyətdə oturdub ətrafımızda çevrə cızırlar. Düşünürlər ki, özümüzdən olanlarla mübarizə mürəkkəbdir. Şəhid Mütəhhəri Lenin və Stalinin dinə qarşı dolayı mübarizə taktikasına üstünlük verdiyini yazır. Açıq müdaxilədə dindarlar isibdadı asanlıqla məhv edər. Dolayı müdaxilə bəzən dini şüarlar altında həyata keçir. İran şahı, Misir prezidenti, Liviya başçısının aqibətini gördünüz. Bizim vəzifəmizdir ki, gözümüzü açıb baxaq. İslamın nidasını dinləsək istənilən bir şəraitdə həqiqi həyata çatmışıq.

Ümid edirik ki, dostlar bu hərəkatı davam etdirəcək. Bu bir millətin yox, bəşəriyyətin vəzifəsidir. Bir ölkədə qiyam baş verəndə o biri müsəlman ölkələrinin də vəzifəsi var. İslam dalğası hər yerə təsir göstərir. Düşünməyin toplaşdığımız bu kiçik guşə təsirsizdir… Bu hərəkatı vəzifə sayaraq davam etdirənlər bilsinlər ki, qarşı tərəf nigarandır və bu etirazlar onu movzuya yenidən baxmağa vadar edəcək.

Allah qələbə vəd edib. İran İslam Cümhuriyyətinin banisi İmam Xomeyni və onun yolunun davamçısı Böyük Rəhbərlik Məqamından öyrənək. Təkcə hicab, hicab məhbuslarının azadlığı üzərində dayanmayaq. Bu ümumi bir hərəkatdır. Onlar məscidləri meyxana, əxlaqsızlıq evinə döndərdilər. Müsəlman ölkəsini İsrailin ağuşuna verirlər. İslam hərəkatı ümumidir və onun gedişi sizdən asılıdır.

Bu həqiqətləri hər dilə çevirin. Qoy uşaqlar da başa düşsün ki, İslam oyanışı nədir. Mərhələ-mərhələ universitetlərədək İslamın nidasını çatdırın. Biz də bu nidanın işığında hərəkət edəcəyik və Allah ona xüsusi bir təsir bağışlayacaq. Bu hərəkatda hər bir təsirin dünya və axirət üçün müjdəsi var.

Pərvərdigara, övliyaların haqqına, İslam ümmətini dünyanın bütün nöqtələrində dini maarifə münasibətdə həqiqi oyanışa nail et. Pərvərdigara, bizim bu addımımızı Əsrin İmamının həqiqi hərəkatı üçün müqəddimə qərar ver, onun imzası ilə təsdiqlə, Həzrətin zühurunun təcilində təsirli buyur.

Hicab.org

  • Yazılıb
  • da (də) 2011 Oct 31