well/Aran agentliyi
“O kəslər ki, dünyanı (fani dünya malını) Axirətdən (axirət həyatından) üstün tutur, (insanları) Allah yolundan döndərir (İslam dinini qəbul etməyə və təbliğinə mane olur) və o yolu əyri hala salmaq istəyirlər. Onlar (haqq yoldan) azıb uzaq düşmüşlər.” (İbrahim surəsi 3)
Əziz və Həkim Allahın adı ilə!
Salam olsun zəmanəsinin zindanında olan Yusiflərinə!
Bu gündən İslam adından əlinə qələm alıb söz yazmaq istəyənlərə məsləhət görərdim ki, yazmağa başlamazdan öncə öz azadlıqlarını, şirin dünya həyatını və ailə-uşaqlarının rifahını Allah yolunda qurban verib zindanlarda olan, İslam alimi və mömin qardaşlarımıza salam verməklə onları ruhlandıraq! Onlar bizim dildə dediklərimizi əməldə yerinə yetirirlər, özü də tam şəkildə ixlasla!
Amma, son günlər mətbuatda açıqlanan dövlətin yeni islamofobiya siyasəti haqqında demək istərdim ki, tarix boyu haqqın səsini və ədalətin qarşısını almaq istəyən dövlət və padşahlar çox olub. Onların həm tarixdə xüsusilə, müqəddəs Quranda və həm də bir həftə öncə cəsədi öz müsəlman xalqının mübariz cavanlarının əllərində mal leşi kimi sürüklənərək, qaniçən müasir Qəzzafi kimilərin aqibəti hamıya məlumdur.
Mübariz və haqq sözü qorxmadan açıqlayan islamçıların bəli, məhz islamçıların ölkədə ağızlarına rəsmi möhür vurmaq, müsəlman xalqımızın ən qatı düşmənlərindən olan erməni, israil, sionist və onların daxili nökərlərinin proqramından başqa bir şey ola bilməz. Tarix boyu belə də olub. Haqq aşiqlərini zindana, çöldə qalanları isə zindan, cərimə və s. qondarma qanunlarla qorxutmaq. Əslində, Allahın yolunu və bəşərə səadət gətirən İslama qarşı açıq müharibə etmək. Halbuki, xalq müsəlmandır.
Bu qanun, müsəlman xalqımızın adına iqtidar tərəfindən vurulacaq növbəti ən böyük tarixi qara ləkədir. Əlbəttə, mən əminəm ki, xalqımızın qeyrətli və mübariz şəxsiyyətləri, ziyalıları və alimləri buna imkan verməzlər. Amma, belə bir mövzunun xalqın zehninə əvvəlcədən yeritmək və onları buna hazırlamaq tariximizə, dinimizə və mənəviyyatımıza ən böyük xəyanətdir.
Müsəlman xalqımızın malından qarınlarını və banklarını doldurmuş dövlət məmurlar indi belə qanunlarla onların paxırlarını açmaq istəyən mübariz din xadimlərinə qarşı belə təzə planlar çəkirlər. Onlar unudublar ki, Allahla müharibədə olar hətta, zərrə də hesab olmurlar və əgər bu günə kimi onlarla haqq aşiqlərinin zindana salmasına görə Allahın qəti əzabı gəlmirsə, ölkədəki mübariz, mömin və haqqı deyənlərin sayəsindədir.
Allah-Taala İslama qarşı çıxanları “(Haqq yoldan) azıb uzaq düşmüşlər” – kimi tanıtdırır. Təbii ki, Haq yolu itirən insan şeytan yolunda qərar tutar. Allah Onun dininə yəni, İslama qarşı mübarizə aparanları xüsusi ikiqat əzabla cəzalandırar. Yəni, həm bu dünyada və həm də Axirətdə cəzalanırlar. Milli məclisdə müsəlman xalqının İslam dininə qarşı belə qondarma qanuna imza atanlar bilsinlər bu qanuna razılığın özünün Allah tərəfindən ikiqat cəzası vardır. Quranda bu haqda oxuyuruq: “Törətdikləri fitnə-fəsada görə (insanları) Allah yolundan döndərən (ona mane olan) dinsizlərin əzablarının üstünə bir əzab da artıracağıq!” (Nəhl surəsi 88)
Ölkədə fitnə fəsad kampaniyaları baş alıb gedən halda, sionistlər, yəhudilər, məsihilər, bütpəsətlər, krişnalar və s. dinlər azad təbliğ edən halda, iqtidarın yalnız, öz müsəlman xalqının İslam dininə qarşı belə qadağaları tətbiq etmək istəməsi artıq bu dəstənin və partiyanın müsəlman xalqımıza hakim olması qəti qəbuledilməzdir və onların siyasi səhnədən istefaya getməsi qətidir. Sonda bu müqəddəs Quranımızın ayəsini hamının nəzərinə çatdırmaq istərdim:
“O kəslər ki, (insanları) Allah yolundan döndərir (bu yola maneəçilik törədir), onu (yolu) əymək istəyirlər - onlar, məhz onlar Axirəti inkar edənlərdir. Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!” (Hud surəsi 19-20)
Faiq Vəlizadə
2011-11-01