Tarix : 2011 Nov 01
Kod 26337

İRANIN SƏRHƏD KOMANDANI: “AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN HƏRƏKƏTİNİ HEÇ NƏ İLƏ İZAH ETMƏK MÜMKÜN DEYİL”

Azərbaycan sərhədçilərinin əli ilə şəhid olan iranlı əsgərin işi üzrə aparılan araşdırılmalar göstərir ki, Azərbaycan sərhədçilərinin hərəkətini heç nə ilə izah etmək mümkün deyil
well/Aran agentliyi

 

İran hüquq mühafizə qüvvələrinin sərhəd komandanı Hüseyn Zülfüqari oktyabrın 31-də jurnalistlərə açıqlamasında iki həftə əvvəl İran-Azərbaycan sərhədində baş verən insidentdə ölən iranlı əsgərin işindən danışıb.

“Media forum” saytının məlumatına görə, Hüseyn Zülfüqari deyib: “Azərbaycan sərhədçilərinin əli ilə şəhid olan iranlı əsgərin işi üzrə aparılan araşdırılmalar göstərir ki, Azərbaycan sərhədçilərinin hərəkətini heç nə ilə izah etmək mümkün deyil. Çünki silahsız bir əsgəri hətta sərhədi pozsa da, qabaqdan və arxadan bir neçə güllə ilə vurmağa ehtiyac yoxdur. Bu iş bizim nəzərimizdə adi hal sayılmır. Vaxt olub biz bir azərbaycanlı əsgəri İran kəndlərində tutub onlara qaytarmışıq.

Əlbəttə, İranın təkidi ilə Azərbaycan tərəfi məsələni siyasi və hüquqi baxımdan araşdırır. Azərbaycanın sərhəd komandanlığı ilə İranın sərhəd komandanlığı arasında yaxşı münasibətlərin olduğunu nəzərə alaraq Azərbaycan tərəfindən gözlədiyimiz odur ki, bu hadisənin səbəbkarlarını tutub məhkəməyə cəlb etməklə İrana və bu əsgərin ailəsinə qənaətbəxş bir cavab versin”.

Oktyabrın 19-u saat 14 radələrində Biləsuvar rayonunda Azərbaycan-İran sərhədinin pozulması müşahidə edilib. Əraziyə əlavə sərhəd naryadı çıxarılıb və axtarış təşkil olunub. Dövlət sərhədindən 1200 metr məsafədə Azərbaycan ərazisinə irəliləyən hərbi geyimli sərhəd pozucusu aşkarlanıb, sərhəd naryadına hücum etdikdə ona qarşı silah tətbiq olunub. O, aldığı güllə yarasından xəstəxanada ölüb.

Oktyabrın 20-də Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov İranın Xarici İşlər Nazirliyinə çağırılıb. Səfirə Azərbaycan-İran sərhədindəki silahlı insidentlə bağlı rəsmi etiraz notası təqdim olunub. Etiraz notasında Azərbaycanın sərhəd qüvvələrinin beynəlxalq qaydalara, iki ölkə arasındakı qarşılıqlı razılaşmalara və dinc yanaşı yaşamaq üsuluna zidd davrandığı bildirilib və Azərbaycan Respublikası hökumətindən iranlı əsgərin öldürülməsində təqsirli bilinənlərin cəzalandırılması istənilib.

  • Yazılıb
  • da (də) 2011 Nov 01